Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran, öz maraqlarını müdafiə edən ikinci ölkə yoxdur
Bu gün Azərbaycan beynəlxalq müstəvidə yalnız regional proseslərin fəal iştirakçısı kimi deyil, həm də qlobal çağırışların edildiyi, həlledici qərarların qəbul olunduğu önəmli mərkəz kimi tanınır. Bakının beynəlxalq platformalara uğurlu sədrliyi və mötəbər tədbirlərə evsahibliyi etməsi qlobal müzakirə mövzularına yeni məzmun və etimad mühiti gətirən strateji missiya kimi diqqət çəkir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uzaqgörən xarici siyasət kursu ölkəmizi sülhün, təhlükəsizliyin və çoxşaxəli əməkdaşlığın etibarlı ünvanına çevirib.
Uğurlu sədrliklər
Azərbaycanın beynəlxalq arenada qazandığı bugünkü yüksək statusu illərboyu ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən mühüm fəaliyyətin məntiqi nəticəsidir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü və sədrliyi dövründə terrorizmlə mübarizə və hüququn aliliyi məsələlərində qətiyyətli mövqe ortaya qoyan ölkəmiz 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə altıaylıq sədrliyi zamanı korrupsiya ilə mübarizə, mədəniyyətlərarası dialoq və gənclər siyasətini ön plana çəkdi.
2019-2021-ci illərdə Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi ilə türk dünyasının birliyinə mühüm töhfələr verən Bakı 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına (QH) 2019-2023-cü ildə sədrlik etdiyi dövrdə sözün həqiqi mənasında təşkilata qızıl dövrünü yaşatdı.
Hərəkata sədrlik etdiyi zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mühüm qlobal tədbirlər həyata keçirildi. Xüsusən dövlətimizin rəhbərinin təşəbbüsləri ilə QH-nin pandemiya ilə mübarizə tədbirləri qlobal səviyyədə təqdir olundu. 2021-ci ilin dekabr ayında BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında hərəkatın sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkat üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edildi.
Ölkəmizin beynəlxalq platformalardakı fəallığı sistemli və ardıcıl xarakter daşıyır. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edən Azərbaycan "Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf" xətti ilə təşkilatın institusiyalaşmasına böyük töhfələr verir. Bakıda keçirilən VII Zirvə Görüşündə Bakı Bəyannaməsinin qəbul edilməsi, Laosun tamhüquqlu üzvlüyə qəbulu və səmərəli rəhbərliyin tanınması olaraq Azərbaycanın sədrliyinin 2026-2028-ci illər üçün uzadılması bu uğurun bariz göstəricisidir.
Diplomatik coğrafiyamız gün keçdikcə daha da genişlənir. Yarandığı gündən bəri sırasına əlavə üzv qəbul etməyən, 8 böyük müsəlman ölkəsini bir araya gətirən D-8 təşkilatı öz tarixində ilk dəfə genişlənmə qərarı verərək Azərbaycanı tamhüquqlu üzvlüyə qəbul etdi. Bu qərar Bakının Orta dəhliz və qlobal ticarət marşrutları üzərindəki əvəzsiz rolunu təsdiqləyir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi daxil olması Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın vahid geostrateji və iqtisadi məkan kimi birləşməsində ölkəmizin lokomotiv rolunu bir daha təsdiqlədi.
Azərbaycanın qlobal nüfuzunun ən parlaq səhifələrindən biri beynəlxalq ictimaiyyətin yekdil qərarı ilə evsahibliyi etdiyi COP29 sessiyası oldu. Bakı razılaşmaları çərçivəsində iqlim maliyyəsi sahəsində inqilabi addımların atılması və ildə ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması öhdəliyi ölkəmizin bəşəri problemlərin həllində aparıcı aktor olduğunu göstərdi. Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) evsahibliyi etməsi qlobal şəhərsalma gündəliyində növbəti mühüm addım oldu.
Beynəlxalq arenada liderlik
Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi, bölgədə sülh mühitinin formalaşdırılması, Orta dəhlizin və Zəngəzur dəhlizinin (TRIPP) artan əhəmiyyəti Cənubi Qafqazı qlobal əməkdaşlığın və ticarətin mərkəzinə çevirir.
Önümüzdəki illərdə də Azərbaycanın beynəlxalq arenadakı liderliyi artan xətlə davam edəcək. Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq münasibətləri quran ölkəmiz 2028-ci ildə Avropa Siyasi Birliyinin 12-ci Zirvə toplantısına evsahibliyi edəcək. Bu, ölkəmizin Avropa məkanında artan siyasi nüfuzunun və etibarlı tərəfdaş statusunun göstəricisidir.
Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində aktiv fəaliyyəti onun regional proseslərdəki rolunu da birmənalı olaraq artırıb. Bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi, Türkmənistanın Türkmənbaşı şəhərində keçiri-lən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında alınan qərar ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edir. Azərbaycanın 2027-ci ildə təşkilata həmsədr, 2028-ci ildə isə müstəqillik tarixində ilk dəfə MDB-yə sədrlik edəcəyinin təsdiqlənməsi ölkəmizin birlik məkanında nüfuzunun, ona olan yüksək etimadın və regional liderliyinin növbəti təcəssümüdür.
16-cı İslam Zirvə Konfransına evsahibliyi və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik isə ölkəmizin islam dünyasındakı liderlik mövqeyini daha da zirvəyə qaldıracaq.
Bütün bunlar Azərbaycanın yürütdüyü çoxvektorlu xarici siyasətin təzahürüdür. Əldə olunan tarixi nailiyyətlər, uğurlu sədrliklər və evsahiblikləri bir daha sübut edir ki, ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, strateji təşəbbüslərin müəllifi və qlobal sülhün ən fəal dəstəkçisidir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin vurğuladığı kimi: "...Bizim xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır. Nüfuzumuz artır. Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu bir nadir təcrübədir".
Yasəmən MUSAYEVA,
"Azərbaycan"