05 Noyabr 2026 09:05
194
CƏMİYYƏT
A- A+
Polkovnikin döyüş xatirələri

Polkovnikin döyüş xatirələri


"Qələbə qazanacağımıza bir an belə şübhə etmirdik"


Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, Müharibə və Silahlı Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Mirqiyas Rüstəmov Yəhya oğlu ilə söhbətimizin əsas mövzusu Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolu  haqqında oldu. 

M.Rüstəmov Füzulinin Kürdmahmudlu kəndində anadan olub. Ordu sıralarında leytenant rütbəsindən polkovnikədək yüksəlib. Hərbi hissələrdə, Müdafiə Nazirliyində, Naxçıvandakı Əlahiddə Ümumqoşun Orduda, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev Hərbi İnsititutu) çalışıb. Hazırda təqaüddə olan polkovnik Mirqiyas Rüstəmov deyir ki, dövlətin sarsılmazlığı Silahlı Qüvvələrdən, onun şəxsi heyətinin döyüş hazırlığından, təminat və təchizatından asılıdır: "Yurdunu qoruyan əsgər bizim üçün torpaq qədər müqəddəsdir. Çünki döyüşlərdə onun qanı torpağa tökülür. Torpaq da dəyərini sanki döyüşçünün qanından, onun  şücaətindən alır. Vətənə şöhrəti də belə qəhrəman oğullar qazandırır. Ümummilli Lider Heydər Əliyev böyük uzaqgörənliklə demişdir: "Əgər qan tökülmürsə, o Vətən Vətən deyil, şəhid olmasa, o Vətən müstəqil ola bilməyəcək... Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik". 

Mirqiyas Rüstəmov ötən əsrin sonlarında müstəqilliyimizin bərpa olunmasından da  söz açdı: "1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı müstəqilliyini bərpa etdi. Amma bunu istəməyən dövlətlər, həmçinin bəzi qonşularımız erməni seperatçılarından siyasi vasitə kimi istifadə edərək müstəqilliyimizə maneələr törətməyə çalışırdılar. Suriyadan, Livandan, Fransadan, Liviyadan və digər ölkələrdən gətirilmiş erməni terror qruplaşmaları ölkəmizin ərazilərini işğal etmək üçün təxibatlar törədirdilər. Həmin günlər bölgələrdə yenicə yaradılmış könüllü batalyonlardan ibarət ordu qüvvələri müstəqilliyimizi qorumaq üçün bu qruplaşmalara qarşı cəsarətlə döyüşürdülər. Xatırlayıram ki, o çətin günlərdə Füzulidə yüzlərlə könüllü silaha sarılaraq ərazilərimizin müdafiəsinə qalxmışdı. Düşmən işğalçılıq planını həyata keçirmək üçün Qarabağın, hərbi plasdarmı olan Füzuli şəhərini və ətraf kəndləri atəşə tuturdu. Şəhər üzərinə tanklardan, toplardan, təyyarələrdən mərmilər yağdırılırdı. Havadarlarına güvənən Ermənistan Qarabağda Azərbaycana qarşı elan olunmamış müharibəyə başlamışdı. 1992-ci ilin aprelində ermənilər beynəlxalq hüququ kobud şəkildə pozaraq "Daşnaksütyun" partiyasının fəalı, qatı millətçi Levon Mkrtçyanı qondarma rejimin "prezident"i seçdilər. Həmin dövrdə Qarabağda aparılan separatçı siyasətin dəllalları Robert Köçəryan və Serj Sarkisiyan onu qısqanırdılar. Onlar Mkrtçyanı aradan götürmək üçün hiyləyə əl atdılar. 1992-ci il aprelin 11-də terror qruplaşmaları yenicə seçilmiş "prezident"in rəhbərliyi altında Füzulinin Cəmilli kəndinə hücum etdilər. Məqsəd qonşu Qacar kəndini ələ keçirməklə Qırmızı Bazar qəsəbəsinin müdafiəsini təmin etmək və Füzuli-Şuşa meşə yolunu bağlamaq idi. Rayonun müdafiəsini təşkil edən Füzuli ərazi özünümüdafiə taboru və çevik polis dəstəsi düşmənə sarsıdıcı zərbələr endirdi. Cəsur döyüşçülərimizin igidliyi sayəsində işğalçıların onlarla canlı qüvvəsi məhv edildi, silah-sursatı və BTR-60 döyüş maşını qənimət götürüldü. Ermənilərə özünü "qəhrəman" kimi sırıyan Mkrtçyanı ölümcül yaralandı. İki gündən sonra onun xəstəxanada öldüyünü eşitdik".

Sözünə davam edən M.Rüstəmov onu da dedi ki, Cənubi Qafqazda hökm sürən ağır hərbi-siyasi vəziyyət ölkəmizdə çətin iqtisadi durum yaratmışdı: "Buna görə də Qərb ölkələri Azərbaycanla neft müqavilələri bağlamağa tələsmirdi. Ermənistanın ərazilərimizi işğalı nəticəsində köçkün dalğası ölkəni bürümüşdü. Yaranmış gərgin hərbi-siyasi vəziyyəti sabitləşdirmək məqsədilə Prezident Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz 5 yanvar 1994-cü ildə Beyləqan-Xocavənd, Əhmədbəyli-Horadiz istiqamətlərində əks-hücuma keçərək Horadiz şəhərini və 30-a yaxın yaşayış məntəqəsini bir neçə saat ərzində işğaldan azad etdi. Döyüşlər zamanı işğalçı qüvvələr darmadağın olundu. Qəsbkarlar xeyli canlı qüvvə, silah-sursat və döyüş texnikası itirdilər. Bir neçə T-72 tankını, topları, xeyli silah-sursat və işlək texnikalarını ataraq mövqelərindən qaçdılar. Ağır məğlubiyyətə uğramış düşmən həmin günlər havadarlarının hərbi və siyasi dəstəyi ilə Murovdağ silsiləsində qoşunlarımıza zərbələr endirməyə cəhd göstərdilər. Ali Baş Komandan Heydər Əliyevin zamanında qəbul etdiyi qərarla Füzuli istiqamətindəki "N" hərbi hissə dərhal Murovdağa göndərildi. Qoşunlarımız qısa müddət ərzində terror qruplaşmalarının qarşısını qətiyyətlə aldı, təhlükə sovuşdu. Bundan sonra 9 aprel 1994-cü ildə Prezident Heydər Əliyev Füzuliyə səfəri zamanı "N" hərbi hissənin şəxsi heyəti ilə görüşdü. Horadiz əməliyyatında qazandıqları qələbəyə görə onları təbrik etdi. Ümummilli Lider döyüşçülərin qarşısında çıxışı zamanı dedi: "Mənə məlumat verdilər ki, siz burada möhkəm dayanmısınız, xeyli ərazini düşməndən azad etmisiniz. Ancaq bizim torpaqların xeyli hissəsi hələ işğal altındadır. Bax elə lap yaxınlıqdakı kəndlər də düşmənin əlindədir. Bunları geri almaq lazımdır". Ulu Öndər görüş zamanı ön cəbhədə xidmət edən zabitlərə vaxtından əvvəl hərbi rütbələrin verilməsi barədə müdafiə nazirinə tapşırıqlar verdi. Tapşırıq dərhal yerinə yetirildi. 

Həmin günlər erməni terror qruplaşmaları Tərtər istiqamətində də hücuma başladılar. Bu gözlənilməz əməliyyat cəbhədə gərginlik yaratdı. Onu aradan qaldırmaq üçün Füzuli istiqamətində döyüş tapşırığı yerinə yetirən hərbi hissələrin bəziləri Tərtərə göndərildi. Həmin vaxt qonşu dövlətlərin bəziləri işğalçılara yeni qüvvələr göndərirdilər. Buna görə də həmin istiqamətdə döyüşlər çox gərgin keçdi. Arxasında böyük dövlətlərin dayanmasına baxmayaraq, erməni işğalçıları Tərtər cəbhəsində xeyli canlı qüvvə və 200-dən çox döyüş texnikası itirərək irəli gələ bilmədi. Düşmən 1994-cü ilin yanvar və may aylarında aparılmış döyüş əməliyyatlarında düçar olduğu məğlubiyyəti açıq etiraf etdi. Ermənistan daha ağır itkilərə məruz qalacağından qorxaraq Azərbaycan Ordusunun qarşısında diz çöküb 12 may 1994-cü ildə atəşkəsi imzaladı".

2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda İkinci Qarabağ müharibəsi başlayanda xalqımız ayağa qalxdı. Vətən qeyrəti çəkən oğullar könüllü olaraq cəbhəyə yollandılar. Ali Baş Komandan İlham Əliyev  cəbhədə yaranmış vəziyyəti nəzərdən keçirərək ordu rəhbərliyinə düşmən təxribatlarının qarşısının alınması və əks-hücum əməliyyatının aparılması haqqında əmr verdi. 

İşğalçıların qarşısının alınması üçün hərbi hissələrimiz qüvvələri ilk növbədə Murovdağ, Suqovuşan və Ağdam istiqamətinə yönəltdi. Bununla düşmənin daha çox istiqamətlərdə cəmləşməsinə nail oldu. İşğalçıya o da məlum idi ki, Ermənistan hərbi-siyasi rəhbərliyi ordumuzun hücumlarını əsasən Ağdamda gözləyirdi. Amma Azərbaycan Ordusu uğurlu manevr edərək düşmənə güclü zərbəni Füzuli istiqamətindən endirdi. Gözlənilməz zərbədən çaş-baş qalmış işğalçılar döyüşçülərimizin qarşısında çox dayana bilmədi. Elə müharibənin birinci günündə ağır itkilər verərək Qaraxanbəyli kəndindən, həmçinin Araz çayı boyunca tutduqları mövqelərindən geri çəkildilər. Beləcə, müharibənin ilk günlərindən düşmənin müqaviməti qırıldı. Qoşunlarımız Cəbrayıl, Xocavənd rayonları, Hadrut  qəsəbəsi və başqa istiqamətlərdə irəliləməyə başladı. 

Eyni zamanda ordumuz Suqovuşan istiqamətində düşmənə sarsıdıcı zərbələr vurdu. Oktyabrın 3-də Suqovuşan, 4-də Cəbrayıl, 9-da Hadrut qəsəbəsi azad olundu. Oktyabrın 17-də isə Füzuli şəhəri işğalçılardan təmizləndi. Dayanmadan irəliləyən ordumuz oktyabrın 20-də Zəngilanı, 25-də Qubadlını, noyabrın 8-də Şuşanı işğalçılardan azad etdi. Diz çökdürülən Ermənistan silahlı qüvvələri darmadağın olundu.  İşğalçılar ağ bayraq qaldırıb təslim oldular. Ermənistan rəhbərliyi noyabrın 10-da  təslimçilik aktı olan üçtərəfli bəyanata imza atdı. Üçtərəfli Bəyanat imzalandıqdan sonra Ermənistan qoşunlarının tör-töküntülərini döyüşsüz Ağdam, Laçın və Kəlbəcərdən çıxardı. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının dillərdə dastan olmuş zəfəri ilə başa çatdı. 


 Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!