Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib.
Bunu AZƏRTAC-a eksklüziv açıqlamasında “City of London” Korporasiyasının üzvü, alderman, professor Emma Edhem bildirib.
O, Londonda keçirilən ikinci Azərbaycan-Böyük Britaniya Siyasət Forumunun iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Emma Edhem bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin daha da gücləndirilməsi üçün mühüm imkanlar yaradır: “Ölkələrimizi daha da yaxınlaşdırmaq və əlaqələrimizi gücləndirmək üçün belə siyasi dialoqların keçirilməsi olduqca vacibdir”.
Emma Edhem Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlığın vaxtında qurulduğunu qeyd edərək, bu əməkdaşlığın gələcək inkişaf perspektivlərinə diqqət çəkib.
“Biz iki ölkə arasında geniş əməkdaşlıq imkanlarını və strateji tərəfdaşlığı müzakirə etdik. Fikrimcə, strateji tərəfdaşlıq olduqca münasib vaxtda formalaşıb. İlk siyasət forumu Bakıda keçirilmişdi və çox uğurlu olmuşdu. Bu gün isə həmin uğurlu dialoqu davam etdiririk. Münasibətlərimiz bundan sonra yalnız güclənə bilər”, – deyə o vurğulayıb.
Professor bildirib ki, forum çərçivəsində süni intellekt, müdafiə, təhlükəsizlik, geosiyasət, diplomatiya, ticarət və enerji sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Emma Edhem “City of London” Korporasiyasında Kandlevik dairəsini təmsil edən alderman - şəhər idarəçiliyində seçkili vəzifə daşıyan şəxs kimi fəaliyyət göstərir. O, həmçinin Durham Universitetinin Kosmik Tədqiqatlar Mərkəzi və Hüquq Məktəbi ilə əməkdaşlıq edən təcrübə üzrə professorudur.