Belçikanın Konqo Demokratik Respublikası, Ruanda və Burundi ərazilərində həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tarixinə səmimiyyət, cəsarət və məsuliyyətlə yanaşmaq, bu irsin müasir dövrdə yaratdığı nəticələri obyektiv qiymətləndirmək vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Konqo Demokratik Respublikası Milli Assambleyasının deputatı, “İlk öncə xalq” (“Le peuple d'abord”) partiyasının üzvü Fransis Tşibalabala Mukunayi avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, 1925-ci il martın 21-i Konqo, Ruanda və Burundidə müstəmləkəçilik tarixinin mühüm mərhələlərindən birini təşkil edir.
“Həmin tarix Ruanda, Burundi və Konqoda baş vermiş kütləvi köçürülmə hadisələri ilə bağlıdır.
100 ildən artıq vaxt keçdikdən sonra qarşımızda mühüm bir sual dayanır: bu gün həmin irslə nə edirik? Müstəmləkəçilik tarixi sadəcə tarixlərin ardıcıllığı deyil. Bu tarix cəmiyyətimizdə nəsildən-nəslə ötürülən yaralar, bərabərsizliklər və ağır xatirələr qoyub”, – deyə KDR Milli Assambleyasının deputatı bildirib.
O vurğulayıb ki, müstəmləkəçilik dövrü təbii sərvətlərin istismarı, məcburi əmək, ayrı-seçkilik, təzyiq, mədəni kimliyin zəiflədilməsi, eləcə də bir sıra institusional və identiklik dəyərlərinin inkar edilməsi ilə müşayiət olunub.
“KDR xalqının tarixi yalnız müstəmləkəçilik dövrünün yaratdığı ağrı və ədalətsizliklərlə məhdudlaşmır. Bu, eyni zamanda müqavimət, dözümlülük və milli ləyaqət tarixidir. Bütün çətinliklərə baxmayaraq, Konqo xalqı 1960-cı il iyunun 30-da öz müstəqilliyini əldə etdi. Bu, xalqımızın iradəsini və ləyaqətini nümayiş etdirən mühüm tarixi hadisədir”, – deyə deputat diqqətə çatdırıb.
Fransis Tşibalabala Mukunayi bildirib ki, tarixi ədalətin bərpası keçmişi dəyişdirmək və ya tarixi yenidən yazmaq məqsədi daşımır:
“Biz bu gün buraya tarixi yenidən yazmaq üçün toplaşmamışıq. Biz onu qəbul etmək və tanımaq üçün buradayıq. Biz keçmişin silinməsini tələb etmirik, tarixin tanınmasını istəyirik. Biz qisas tələb etmirik, ədalət, həqiqət və ləyaqət istəyirik. Barışığa aparan yol kimi kompensasiya intiqam arzusu kimi şərh edilməməlidir. Kompensasiya ədalətin təmin olunması, tarixi həqiqətlərin tanınması və cəmiyyətlər arasında barışığın əldə edilməsi istiqamətində atılan addım kimi başa düşülməlidir”.