Afrika mənşəli xalqlara qarşı tarixi ədalətsizliklərin nəticələrinin aradan qaldırılması və reparasiya məsələsinin beynəlxalq səviyyədə sistemli şəkildə həlli üçün vahid standartların müəyyənləşdirilməsi və institusional mexanizmlərin yaradılması vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında BMT-nin İnsan Hüquqları Şurasının Afrika Mənşəli Xalqlar üzrə İşçi Qrupunun eksperti, Afrika Reparasiyalar Mərkəzinin (Africa Reparation Hub) təsisçisi, fəlsəfə doktoru Catherine Stella Namakula avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
C.Namakula qeyd edib ki, Bakıda keçirilən konfrans təkcə Belçikanın Konqo Demokratik Respublikasındakı müstəmləkəçilik siyasətinin fəsadlarının müzakirəsi ilə mahdudlaşmır, eyni zamanda, Afrika mənşəli xalqların qlobal miqyasda təzminat tələbləri baxımından da böyük əhəmiyyət kəsb edir.
“Biz hazırda Afrika mənşəli xalqlar üçün BMT-nin ikinci Beynəlxalq Onilliyinin başlanğıcındayıq. Bu mərhələdə əsas məsələlərdən biri reparasiya ilə bağlı beynəlxalq standartların müəyyənləşdirilməsidir. Hazırda Afrika mənşəli xalqların insan hüquqları ilə bağlı Bəyannamə çərçivəsində reparasiya məsələsinə dair standartların formalaşdırılması mühüm müzakirə mövzusudur.
Ümid edirik ki, reparasiya məsələlərinə baxılması üçün ayrıca institusional çərçivə yaradıla bilər. Ukrayna ilə bağlı reparasiya məsələsində belə bir mexanizmin yaradılması tövsiyə olunub. Eyni yanaşmanın bu mühüm məsələyə də tətbiq edilərək BMT səviyyəsində xüsusi institutun formalaşdırılması reparasiya məsələsinə daha sistemli və məqsədyönlü diqqət yetirməyə imkan verər”, – deyə C.Namakula diqqətə çatdırıb.
Ekspert bildirib ki, Afrika İttifaqı səviyyəsində artıq reparasiya məsələləri üzrə ekspertlər komitəsi fəaliyyət göstərir.
“Hazırda Afrika İttifaqı çərçivəsində reparasiyalar üzrə ekspertlər komitəsi mövcuddur. Bunun BMT səviyyəsində də oxşar mexanizmlə tamamlanması beynəlxalq standartların formalaşdırılması baxımından mühüm addım olardı”, – deyə o qeyd edib.
C.Namakula Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini də yüksək qiymətləndirib: “Bu, həqiqətən də çox mühüm konfransdır. Burada müxtəlif ölkələrdən çoxsaylı ekspertlər və yüksək səviyyəli diplomatlar iştirak edirlər. Onlar zərər çəkmiş ölkələrin mövqelərinin və səslərinin daha geniş şəkildə eşidilməsinə, eləcə də bu məsələlərin həlli üçün real addımların atılmasına töhfə verirlər”.
O əlavə edib ki, konfrans yalnız fikir mübadiləsi aparmaq üçün deyil, həm də beynəlxalq ictimaiyyəti konkret fəaliyyətə çağırmaq baxımından əhəmiyyətlidir.
“Bu tədbir həm bizim özümüzə, həm də dünyadakı digər aktorlara fəaliyyətə çağırışdır. Hesab edirəm ki, burada aparılan müzakirələr reparasiya məsələsinin beynəlxalq gündəmdə daha geniş yer almasına mühüm töhfə verəcək”, - deyə C.Namakula əlavə edib.