Milli Məclis “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara təklif edilən dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin noyabrın 3-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması məqsədilə beynəlxalq təcrübə, xarici ölkələrin analoji qanunvericiliyi və ölkəmizin kapital bazarlarının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.
Sənəd layihəsi Azərbaycanda sekyuritizasiya fəaliyyətinin əsaslarını, sekyuritizasiya şirkətinə və xidmət agentinə dair tələbləri, aktivlərin sekyuritizasiya şirkətinə satılması, sekyuritizasiya planının tərtibi və təsdiqi, sekyuritizasiya olunmuş istiqrazların emissiyası, sekyuritizasiya fəaliyyəti üzrə risklərin idarə edilməsi və şəffaflıq üzrə tələbləri müəyyən edir.
Sekyuritizasiya kreditorlara aktivlər üzrə daxil olacaq pul vəsaitlərini vaxtından əvvəl əldə etməyə imkan verən bir alətdir. Belə ki, kreditor sahib olduğu aktivlərdən daxil olacaq pul vəsaitlərinin dərhal əldə edilməsi məqsədilə həmin aktivləri daha aşağı qiymətlə sekyuritizasiya şirkətinə satır. Sekyuritizasiya şirkəti isə öz növbəsində satın aldığı aktivlər əsasında sekyuritizasiya olunmuş istiqrazlar buraxır və həmin istiqrazlar üzrə ödənişlər aktivlərdən daxil olan pul vəsaitləri hesabına həyata keçirilir.
Qanun layihəsində sekyuritizasiya prosesinin hər bir iştirakçısına, o cümlədən aktivlərin satıcısına (ilkin kreditor), sekyuritizasiya olunmuş istiqrazları emissiya edən sekyuritizasiya şirkətinə dair tələblər, onların səlahiyyətləri və funksiyalarına dair müddəalar və sekyuritizasiya prosesinin tətbiqi ilə bağlı mexanizmlər tənzimlənib.