Hər gün bir ədəd avokado və bir fincan manqo yemək cəmi səkkiz həftə ərzində damarların fəaliyyətini yaxşılaşdıra və qan təzyiqini aşağı sala bilər. Üstəlik, bu dəyişikliklər çəki artımı və əlavə kalori qəbulu olmadan baş verə bilər. ABŞ-nin İllinoys Texnologiya İnstitutunun alimləri tərəfindən aparılan araşdırmada avokado və manqonun ürək-damar sağlamlığına təsiri öyrənilib. Nəticələr “Journal of the American Heart Association” jurnalında dərc olunub.
Tədqiqatda artıq çəkisi və ya piylənməsi olan, eyni zamanda prediabet diaqnozu qoyulmuş 82 nəfər iştirak edib. Onlar səkkiz həftə ərzində iki qrupa bölünüblər. Birinci qrup hər gün bir orta ölçülü avokado və bir fincan təzə manqo yeyib. Digər qrup isə eyni kaloriyə malik karbohidratlı qidalar qəbul edib. Nəticələr göstərib ki, avokado və manqo yeyən iştirakçılarda damarların qan axınına uyğun genişlənmə qabiliyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu göstərici 6,7 faizə yüksəldiyi halda, müqayisə qrupunda 4,6 faizə qədər azalıb.
Qan təzyiqində də müsbət dəyişikliklər qeydə alınıb. Xüsusilə kişilərdə mərkəzi qan təzyiqi avokado və manqo qəbul edənlərdə orta hesabla 1,9 mm civə sütunu azalıb. Müqayisə qrupunda isə əksinə, 5 mm civə sütunu artım müşahidə olunub. Alimlər həmçinin müəyyən ediblər ki, bu meyvələri qəbul edən iştirakçılar daha çox lif, C vitamini və doymamış yağlarla təmin olunublar. Böyrək funksiyasını qiymətləndirən bəzi göstəricilərdə də yaxşılaşma müşahidə edilib. Bununla belə, avokado və manqo xolesterin, qan şəkəri və iltihab göstəricilərində əhəmiyyətli dəyişiklik yaratmayıb. İştirakçıların bədən çəkisi və gündəlik kalori qəbulu da nəzərəçarpacaq dərəcədə dəyişməyib.
Tədqiqatçılar hesab edirlər ki, bu meyvələrin qidalanmaya daxil edilməsi, xüsusilə prediabetli insanlarda ürək-damar sağlamlığını dəstəkləyə bilər. Avokado sağlam doymamış yağlar və kalium, manqo isə lif və C vitamini ilə zəngindir. Alimlər nəticələrin ümidverici olduğunu, lakin əlavə araşdırmalara ehtiyac duyulduğunu vurğulayırlar. Tədqiqat cəmi səkkiz həftə davam etdiyi üçün bu təsirlərin uzun müddət qorunub-qorunmadığı hələ məlum deyil. Bundan başqa, araşdırma infarkt və insult kimi uzunmüddətli sağlamlıq nəticələrini deyil, ürək-damar risk göstəricilərini qiymətləndirib.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”