Kompleksin əməkdaşları Bakı məktəblərində həqiqəti nümayiş etdirir
Quba Soyqırımı Memorial Kompleksi “1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri” və “Mədəni irsimiz: dünən və bu gün” mövzusunda Bakının bir sıra təhsil müəssisələrində tədbirlər və sərgilər təşkil etməyə başlayıb.
176 nömrəli, İlqar İbrahimov adına 167 və Məmməd Cuvarlinski adına 52 nömrəli tam orta məktəblərdə keçirilən tədbirlərdə kompleksin əməkdaşları Abutalib Turabov və Xəyal Nuhbalayev pedaqoji kollektiv və şagirdlər qarşısında çıxış edərək soyqırımı hadisələri barədə ətraflı söhbət açıblar.Tədbirdə xalqımızın tarixi boyu məruz qaldığı soyqırımı və etnik təmizləmə siyasətinin kökləri, bu siyasətin törətdiyi faciələr, günahsız insanların kütləvi qətlə yetirilməsi, doğma yurdlardan didərgin salınması və maddi-mədəni irsimizin məhv edilməsindən geniş bəhs olunub. Qeyd olunub ki, Qubada aşkar edilmiş kütləvi məzarlıq həmin qanlı hadisələrin əyani şahidi, şəksiz təsdiqidir və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Həmçinin mədəni irsimizin dünəni və bu günü barədə söhbət açılıb. Vurğulanıb ki, erməni vandalları tərəfindən işğal olunmuş ərazilərdə tarixi və dini abidələrimiz, məscidlərimiz, ziyarətgahlarımız, muzey və kitabxanalarımız dağıdılıb, talan edilib. Bununla yanaşı, indi həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, dağıdılmış abidələrin yenidən qurulması, mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən tədbirlər haqqında iştirakçılara geniş məlumat verilib.
Məktəblərdə təşkil edilən sərgilərdə isə soyqırımı hadisələrini əks etdirən arxiv materialları, fotoşəkillər və tarixi sənədlər nümayiş olunub. Sərgilər şagirdlərdə böyük maraq oyadıb və onlar kompleksin əməkdaşlarına mövzu ilə bağlı çoxsaylı suallar ünvanlayıblar.
Tədbirlərin sonunda çıxış edən ümumtəhsil müəssisələrinin rəhbərləri gənc nəslin tarixi yaddaşının qorunmasının, milli-mənəvi dəyərlərə sayğının və vətənpərvərlik tərbiyəsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, tarixi həqiqətlərin təbliğ olunması, soyqırımı faciəsinin unudulmaması və mədəni irsimizin qorunması hər bir vətəndaşın borcudur.
Soyqırımı Memorial Kompleksinin əməkdaşları paytaxtın Yasamal rayonundakı 20 nömrəli məktəb-liseydə də olublar. Məktəb-liseydə fəaliyyət göstərən Heydər Əliyev muzeyində təşkil olunan tədbirdə iştirakçılara muzeydəki sərgi ilə tanışlıq imkanı verilib. 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan qələbədən geniş söz açılıb. Vurğulanıb ki, belə tədbirlərin gənclərdə vətənpərvərlik hislərinin aşılanmasında böyük polu var.
Akif ƏLİYEV,
“Azərbaycan”