“Aratasaurus” sümüyü üzərində aparılan kimyəvi analizlər nəticəsində qandakı hemoqlobinə oksigeni bədən boyunca daşımağa imkan verən üzvi birləşmənin mövcudluğu müəyyənləşib. Qədim dinozavr sümüklərini tədqiq edən alimlər, ehtimal ki, daşlaşmış qırmızı qan hüceyrələrini və həmin canlının qanına özünəməxsus al-qırmızı rəngi verən molekulun izlərini aşkar ediblər. Tədqiqatçılar iddia edirlər ki, 115 milyon il əvvəl indiki Braziliyanın şimal-şərq hissəsində yaşamış və orada da məhv olmuş "Aratasaurus" adlı kiçik, ətyeyən dinozavrın arxa ətraf sümüklərini təhlil etdikdən sonra məhz bunu əldə ediblər.Bu cür iddialar mübahisəlidir, çünki bioloji toxumalar və molekullar tez parçalana bilir və qədim qalıqlarda çox az iz qoyur, yaxud heç iz qoymur. Lakin bu iddialar təsdiqlənərsə, elm adamları üçün tamamilə yeni imkanlar açılacaq. Onlar dinozavrların qanını, maddələr mübadiləsini və hətta fəallıq səviyyələrini tədqiq edə biləcəklər.
Tədqiqat qrupuna rəhbərlik edən Qərbi Avstraliyadakı “Curtin” Universitetindən professor Kliti Qrays bildirib ki, dinozavrın ilkin biologiyasının mineral və molekulyar əks-sədasını müşahidə edirlər. Hemoqlobinin tərkib hissəsi ilə əlaqəli xüsusi kimyəvi quruluşa malik fosilləşmiş qırmızı qan hüceyrələri indiyədək heç bir qalıqda aşkar edilməyib. Bu, dünyada ilk haldır.
“Aratasaurus”un daşlaşmış qalıqları 2008-ci ildə bir mədəndə aşkar edilib və o vaxtdan bəri Braziliya Milli Muzeyində saxlanılır. Tədqiqatçılar burada onları öyrənməyə davam edirlər. Dinozavrın arxa ətraf sümüklərini təhlil edərkən Qrays qırmızı qan hüceyrələrinə bənzəyən strukturlar aşkar edib. Alimlərin müşahidə etdikləri obyektlərin qırmızı qan hüceyrələri olması barədə şübhələri kimyəvi analizlər nəticəsində hemoqlobinin tərkib hissəsi və onun parçalanma məhsullarının aşkar edilməsi ilə daha da güclənib. Analizlər, həmçinin birləşdirici və digər toxumalarda əsas zülal olan kollagenin tərkib hissəsi sayılan amin turşularının izlərini də üzə çıxarıb.
Əgər tədqiqatçıların iddia etdiyi kimi, bu strukturlar həqiqətən də fosilləşmiş qırmızı qan hüceyrələridirsə, o zaman onların necə qorunub saxlanması sualı ortaya çıxır. Qraysın fikrincə, qan hüceyrələrinin daxilində və ətrafında əmələ gələn hausmannit adlı manqan birləşməsi fosilləşmədən əvvəl hüceyrələri stabilləşdirməklə onların qorunub saxlanmasına kömək etmiş ola bilər. O əlavə edib ki, eyni proses amin turşularının da qorunub saxlanmasına yardım edə bilər.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”