07 Noyabr 2026 09:10
368
İQTİSADİYYAT
A- A+
Həm əfsanə, həm həqiqət

Həm əfsanə, həm həqiqət


Noyabrın 7-də "Neft Daşları"nın 77 yaşı tamam olur


Azərbaycanı haqlı olaraq dünya neft sənayesinin beşiyi adlandırırlar. Bu tarixi və strateji statusu 1846-cı ildə Bakıda -Bibiheybətdə mexaniki üsulla ilk sənaye neft quyusunun qazılması və neft hasil edilməsi haqqında məlumatdan başlayaraq bir sıra mühüm faktlar təsdiqləyir. Bununla yanaşı, mütləq o da qeyd olunmalıdır ki, dünyada dəniz neftinin erası da məhz Azərbaycandan başlanıb.

Noyabrın 7-də bu tarixi hadisənin 77 ili tamam olur. Belə ki, 1949-cu ilin həmin günündə Xəzərdə - dənizin açıq qoynunda ilk neft quyusu fontan vurub.

İlk dəniz quyusunun məkanı olan "Neft Daşları" yatağını Xəzərin sularından baş qaldıran çıxıntıların - qara daşların yaxınlığında müşahidə ediblər. Tarix bu yatağın "doğuluş"unu öz yaddaşında belə qoruyub saxlayır: "...1948-ci ildə 23 nəfərdən ibarət ilk dəniz neftçiləri dəstəsi birinci quyunun kəşfiyyatına başladı. Böyük neft təşkilatçısı Sabit Orucovun, geoloq Ağaqurban Əliyevin və qazma sahəsində zəngin təcrübəyə malik mühəndis Yusif Səfərovun təklifi ilə əlavə xərclərə yol verməmək və işçi qüvvəsinə qənaət etmək üçün Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş 7 iritonnajlı gəmi gətirilərək "Qara daşlar"ın yanında basdırıldı. Süni buxta yaradıldı. Beləcə, buranı "Yeddi gəmi adası" deyə çağırmağa başladılar. Qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi "Yeddi gəmi adası" Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi... Usta Mixail Kaveroçkinin başçılıq etdiyi qazmaçılar briqadasının 1 nömrəli quyudan götürdüyü nümunə 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasından xəbər verirdi. 1949-cu il noyabrın 7-də quyu fontan vurdu".

Neft Daşları deyəndə hər kəs gözü önündə öz təsəvvüründə yaratdığı, yaxud eşitdikləri və ekranlarda gördüklərinə əsaslandığı bir mənzərə canlandırır. Lakin Neft Daşları elə bir məkandır ki, onu gərək öz gözlərinlə görəsən. Bunu ən düzgün və ən aydın ifadə edən Ulu Öndər Heydər Əliyev olub: "Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz".

Yeri gəlmişkən, Ulu Öndər burada dəfələrlə olmuş, estakada və meydançaları gəzmiş, dənizin qoynunda hünər göstərən neftçilərlə görüşmüş, bir sözlə, Neft Daşlarını sevmiş, "Neft Daşları Azərbaycan neftçilərinin qəhrəmanlıq abidəsidir",- demişdi

Beləliklə, "Neft Daşları" ilk növbədə karbohidrogenlərlə zəngin dəniz yatağıdır. Bu yataq Xəzər dənizinin akvatoriyasında, Abşeron neftli-qazlı rayonunda, Bakı şəhərindən 110, Pirallahı adasından 50 kilometrlik məsafədə yerləşir. Yataq "Neft Daşları" NQÇİ (Neft və Qazçıxarma İdarəsi) tərəfindən istismar olunur. 1951-ci ildən "Neft Daşları"nın, 1963-cü ildən isə "Palçıq Pilpiləsi"nin sənaye əhəmiyyətli işlənməsinə başlanıb. Həmin vaxtdan indiyədək bu yataqlardan fasiləsiz olaraq neft və qaz çıxarılır. SOCAR-ın təqdim etdiyi son məlumatlara əsasən, "Neft Daşları" yatağından işlənilməsinə başlanandan bəri 182,4 milyon tondan çox neft və 14,3 milyard kubmetr səmt qazı hasil olunub. Qazılan quyuların sayı isə 1986-dır və onlardan 409-u fəaliyyətdədir.

Son illər ərzində "Neft Daşları" və "Palçıq Pilpiləsi" yataqlarında onlarca stasionar dəniz özülü, geniş sahəsi olan estakadayanı meydançalar, estakadalar inşa edilib. Bütün qurğuların saz vəziyyətdə olması daim diqqət mərkəzindədir. Odur ki, mütəmadi olaraq yataqların ərazisində cari təmir işləri də həyata keçirilir.

Neft Daşlarını əfsanəyə bənzətsələr də, o, əsl həqiqətdir, işləyən, yaşayan, qurub-yaradan şəhərdir. Lakin Neft Daşları mədən-şəhərdir. Çünki burada məktəblər, uşaq bağçaları, ailələrin yaşadığı mənzillərdən ibarət evlər yoxdur. Beş və doqquzmərtəbəli yataqxanalar, yeməkxanalar, vertolyot meydançası, tibbi-sanitar hissə, mağazalar var. Bu şəhərdə yalnız neftçilər yaşayır, həm də təkcə əmək növbələri günlərində. Neftçilər dedikdə təkcə dənizin dərin qatlarından "qara qızıl"ı çıxaranlar deyil, böyük neftçi "ailə"sinin bütün üzvləri - geoloqlar, kəşfiyyatçılar, qazmaçılar, inşaatçılar, rabitəçilər, energetiklər, nəqliyyatçılar və xidmət sahələrində çalışanlar nəzərdə tutulur. Onlar "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin, eləcə də neçə-neçə digər müəssisə və təşkilatın nümayəndələridir. Növbələşərək işləyirlər - bir həftə dənizdə, növbəti həftə quruda, ev-eşiklərində olurlar.

Neft Daşlarının bir möcüzəsi də yamyaşıl parkları, gül-çiçəyi, ikimərtəbəli "Çay evi", idman zalıdır… Təsəvvür edək ki, bunların hamısı açıq dənizin qoynunda, polad meydançaların üstündədir. 

Neft Daşlarının hər uğuru Xəzərin fırtınalı qoynunda ekstremal şəraitdə işləyən Azərbaycan neftçisinin fədakar əməyinin, ona hərtərəfli qayğısını getdikcə artıran Azərbaycan dövlətinin dəstəyinin nəticəsidir. Prezident İlham Əliyev dəfələrlə burada olub. Dövlət başçısının diqqət və qayğısı sayəsində "Möcüzələr adası" son illər xeyli abadlaşıb gözəlləşərək dünyanı təəccübləndirməkdə davam edir. Dəniz neftçilərinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində əməli işlər görülüb.

 Bu, sadə, lakin olduqca böyük bir həqiqətdir ki, əgər "Neft Daşları" öz məqamında istismara daxil olmasaydı, "Azəri", "Çıraq", "Günəşli","Şahdəniz" kimi yataqların "dünyaya gəlişi" nə vaxt olardı, bilinmir…

"Neft Daşları" yatağının kəşf edilməsi təkcə keçmiş SSRİ-ni əhatə edən Xəzərdə, Oxot, Barents dənizlərində, Qara dənizdə deyil, həm də dünyanın bütün dəniz və okeanlarında - Meksika körfəzində, Şimal dənizində axtarış-kəşfiyyat işlərinin inkişafına güclü təkan verdi. Hazırda dünya üzrə axtarış-kəşfiyyat işlərinin və karbohidrogen hasilatının əhəmiyyətli hissəsi dəniz akvatoriyalarının payına düşür. Okean və dəniz şelflərində işlərin miqyası sürətlə genişlənir. Bütün bu işlər 77 il əvvəl "Neft Daşları"ndan start götürüb.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

11:40
07 Noyabr

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

11:31
07 Noyabr

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

11:27
07 Noyabr

Şuşanın azad edilməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli birliyinin təntənəsidir

10:41
07 Noyabr

Bilmək istəyirəm

09:40
07 Noyabr

Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir

09:35
07 Noyabr

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib  

09:32
07 Noyabr

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub  

09:30
07 Noyabr

Torpağımızın göz yaşı Zəfərlə silindi

09:30
07 Noyabr

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar  

09:29
07 Noyabr

"Nida qoyulan tarix"

09:25
07 Noyabr

"Zəfərdən doğan işıq" adlı tədbir keçirilib

09:20
07 Noyabr

Neft sənayesinin inkişafında əvəzsiz rolu olmuşdur

09:15
07 Noyabr

Həm əfsanə, həm həqiqət

09:10
07 Noyabr

Zəfər davam edir

09:05
07 Noyabr

Qalib dövlətin sülh qətiyyəti

09:00
07 Noyabr

Milli birliyin, Vətən sevgisinin və tarixi qürurun təcəssümü

08:55
07 Noyabr

Azərbaycanın tarixi təcrübəsi - dondurulmuş münaqişədən tam qələbəyə 

08:50
07 Noyabr

ZƏFƏR gündəliyi

08:45
07 Noyabr

Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir

08:40
07 Noyabr

Zəfərin Xankəndi imzası

08:35
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!