07 Noyabr 2026 08:50
395
SİYASƏT
A- A+
Azərbaycanın tarixi təcrübəsi - dondurulmuş münaqişədən tam qələbəyə 

Azərbaycanın tarixi təcrübəsi - dondurulmuş münaqişədən tam qələbəyə 


İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sisteminin qarşısında duran əsas vəzifələrdən biri yeni müharibələrin qarşısını almaq, dövlətlərin ərazi bütövlüyünü qorumaq və münaqişələri sülh yolu ilə həll etmək idi. 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılması bu məqsədlərin hüquqi və siyasi əsaslarını formalaşdırdı. 

Lakin sonrakı onilliklər göstərdi ki, beynəlxalq hüququn mövcudluğu heç də bütün münaqişələrin həllinə təminat vermir. Dünyanın müxtəlif regionlarında müharibələr dayandırılmış, atəşkəslər imzalanmış, danışıqlar aparılmış, beynəlxalq vasitəçilik mexanizmləri yaradılmışdı. Amma bir çox halda münaqişələrin əsas səbəbləri aradan qaldırılmamışdı. Bu tarixi mənzərəni müvəqqəti susmuş vulkanla müqayisə etmək olardı. Vulkanın səthində sakitlik yarana, tüstü görünməyə bilər. Lakin dərinlikdəki təzyiq qalırsa, onun yenidən püskürməsi təhlükəsi də olur. Dünyanın bir çox münaqişəsi bu gün də məhz belədir - silahlar susur, lakin siyasi, ərazi və ideoloji ziddiyyətlər yaşamaqda davam edir.

Koreya müharibəsi bunun ən aydın nümunələrindəndir. 1950-ci il iyunun 25-də başlayan müharibə 1953-cü il iyulun 27-də atəşkəslə dayandırıldı. Milyonlarla insanın həyatına son qoyan bu müharibədən sonra Koreya yarımadası iki dövlətə bölündü. İndiyədək tərəflər arasında yekun sülh müqaviləsi imzalanmayıb. Yəni müharibənin aktiv mərhələsi dayansa da, onun yaratdığı siyasi qarşıdurma 73 ildən artıqdır ki, davam edir.

Kipr adasında da oxşar mənzərədir. 1963-cü ildə başlayan icmalararası qarşıdurma, 1974-cü ildə baş verən hadisələr və Türkiyənin hərbi müdaxiləsi nəticəsində adanın faktiki bölünməsi ilə nəticələndi. BMT-nin yaratdığı bufer zona onilliklər ərzində hərbi toqquşmaların qarşısını almağa kömək etsə də, adanın siyasi birləşməsi məsələsi həll edilməmiş qalır. Kipr İtkin Şəxslər Komitəsinin məlumatlarına görə, 1963-1974-cü illərin hadisələri ilə əlaqədar 2002 nəfər itkin düşmüş şəxs kimi qeydə alınıb.

1947-ci ildən başlayan Kəşmir münaqişəsi Hindistan və Pakistan arasında dəfələrlə müharibələrə, sərhəd toqquşmalarına və ciddi siyasi böhranlara səbəb olmuşdur. Xüsusilə 1989-cu ildən etibarən bölgədə silahlı qarşıdurmaların genişlənməsi on minlərlə insanın həyatına son qoymuşdur. 1991-ci ildə atəşkəs əldə edilən Qərbi Sahara münaqişəsində də əsas siyasi məsələ həll olunmadığından 2020-ci ildə silahlı qarşıdurma yenidən alovlanmışdı. Bütün bunlar bir həqiqəti əks etdirir - atəşkəs müharibənin dayandırılmasıdır, amma həlli deyil.

Azərbaycanın Ermənistanla yaşadığı Qarabağ münaqişəsi də uzun müddət bu tarixi modelin tərkib hissəsi olmuşdu. Münaqişənin müasir mərhələsi 1988-ci ildə Ermənistanın ərazi iddiaları və Dağlıq Qarabağda separatçı hərəkatın güclənməsi ilə başlamışdı. 1991-1994-cü illərdə baş verən Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın əraziləri işğal edilmiş, yüz minlərlə insan doğma yurdlarından didərgin salınmışdı. 1994-cü il mayın 12-də atəşkəs əldə edilsə də, Azərbaycan torpaqları işğal altında qalmış, separatçı qurum fəaliyyətini davam etdirmiş, məcburi köçkünlər evlərinə qayıda bilməmişlər. Müharibənin aktiv mərhələsi dayansa da, münaqişənin özü həll olunmamış qalırdı.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə əlaqədar 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul etdi. Bu sənədlərdə hərbi əməliyyatların dayandırılması, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması və Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi ilə bağlı mühüm müddəalar yer alırdı. Lakin beynəlxalq hüququn bu tələbləri uzun illər icrasız qaldı.

Azərbaycan təxminən 27 il ərzində münaqişənin sülh yolu ilə həllinə üstünlük verərək ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda iştirak etsə də,  vasitəçilik prosesi işğalın aradan qaldırılmasına və münaqişənin yekun həllinə gətirib çıxarmadı. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Ermənistan danışıqları uzatmaqla mövcud status-kvonu qorumağa çalışır. 

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu tarixi dalanın sonunu gətirən dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu işğal olunmuş ərazilərin mühüm hissəsini azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin həlledici hadisələrindən biri oldu. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi.

Amma 2020-ci il qələbəsi hələ bütün problemlərin aradan qalxması demək deyildi. Qarabağda separatçı idarəetmə strukturları və silahlı birləşmələr mövcudluğunu davam etdirirdi. Azərbaycan isə bölgədə dövlət suverenliyini tam təmin etməyə qərarlı idi. 2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı. Sentyabrın 20-də əldə edilən razılaşmadan sonra hərbi əməliyyatlar dayandırıldı, separatçı silahlı birləşmələrin fəaliyyəti sona çatdı. Bununla da Azərbaycan dövlətinin suverenliyi bütün ölkə ərazisində tam bərpa edildi.

Burada Azərbaycanın qələbəsinin mütləq və tam olması məsələsinin mahiyyəti üzə çıxır. Mütləq qələbə hərbi məqsədlərə nail olmaq, qarşı tərəfin əvvəlki hərbi-siyasi mövqeyini qorumaq imkanlarını aradan qaldırmaqdır. Tam ərazi-siyasi həll isə işğalın sona çatması, separatçı idarəetmənin ləğvi və dövlət suverenliyinin bütün ərazidə təmin edilməsidir. Azərbaycan bu baxımdan tarixi nəticə əldə etdi. Bu nailiyyətin arxasında güclü dövlət quruculuğu, iqtisadi inkişaf, müasir ordu, hərbi texnologiyaların tətbiqi, diplomatik fəaliyyət və siyasi iradə dayanırdı.

Separatizm harada baş qaldırmasından asılı olmayaraq, bütöv regionun gələcəyini təhlükə altına alır. O, cəzasız qalanda paralel idarəetmə strukturları yaradır, silahlı qüvvələr formalaşdırır, münaqişəni illər boyu davam etdirir. Qarabağda onilliklər ərzində mövcud olmuş separatçı sistem də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, regional iqtisadi əməkdaşlığa və Cənubi Qafqazın təhlükəsizliyinə mane olurdu. 

Azərbaycan hərbi qələbədən sonra da sülh gündəliyinə sadiq qaldı. Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması təşəbbüslərini davam etdirdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında sazişin mətnini parafladılar. Həmin gün imzalanan Vaşinqton Bəyannaməsi regional sülh və əməkdaşlıq istiqamətində mühüm siyasi mərhələ oldu. Bu hadisə Azərbaycanın hərbi qələbəni siyasi və diplomatik sülh gündəliyi ilə tamamlamaq iradəsini nümayiş etdirdi.

Azərbaycanın təcrübəsi beynəlxalq münasibətlər tarixi baxımından mühüm nəticə ortaya qoyur. Koreyada atəşkəs siyasi bölünməni aradan qaldırmadı, Kiprdə bufer zona adanın birləşməsini təmin etmədi, Kəşmirdə atəşkəslər ərazi mübahisəsini həll etmədi, Qərbi Saharada uzunmüddətli sakitlik münaqişənin yenidən alovlanmasına mane ola bilmədi, Azərbaycan isə 2020-ci və 2023-cü illərdə öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdi. Bu, Azərbaycanın tarixi qələbəsinin ən mühüm nəticələrindəndir. 

Amma hərbi qələbənin uzunmüddətli siyasi uğura çevrilməsi üçün sülhün möhkəmləndirilməsi, humanitar problemlərin həlli və qarşılıqlı etimadın yaradılması vacibdir. Çünki davamlı sülh silahların susması ilə yanaşı, gələcək nəsillərin təhlükəsiz və firavan yaşamasının qarantıdır. Tarix göstərir ki, dünyanın bir çox münaqişəsində silahlar müvəqqəti sussa da, dərinlikdəki ziddiyyətlər yenidən alovlanır. Odur ki, ən böyük qələbə torpaqları azad etmək deyil, həmin torpaqlarda gələcək nəsillərin müharibəsiz yaşayacağı təhlükəsiz gələcək qurmaqdır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan 

İlham Əliyevin səyləri də məhz münaqişəsiz, sülh və əmin-amanlıq şəraitində yaşayan Cənubi Qafqazın formalaşmasına yönəlib.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

11:40
07 Noyabr

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

11:31
07 Noyabr

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

11:27
07 Noyabr

Şuşanın azad edilməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli birliyinin təntənəsidir

10:41
07 Noyabr

Bilmək istəyirəm

09:40
07 Noyabr

Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir

09:35
07 Noyabr

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib  

09:32
07 Noyabr

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub  

09:30
07 Noyabr

Torpağımızın göz yaşı Zəfərlə silindi

09:30
07 Noyabr

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar  

09:29
07 Noyabr

"Nida qoyulan tarix"

09:25
07 Noyabr

"Zəfərdən doğan işıq" adlı tədbir keçirilib

09:20
07 Noyabr

Neft sənayesinin inkişafında əvəzsiz rolu olmuşdur

09:15
07 Noyabr

Həm əfsanə, həm həqiqət

09:10
07 Noyabr

Zəfər davam edir

09:05
07 Noyabr

Qalib dövlətin sülh qətiyyəti

09:00
07 Noyabr

Milli birliyin, Vətən sevgisinin və tarixi qürurun təcəssümü

08:55
07 Noyabr

Azərbaycanın tarixi təcrübəsi - dondurulmuş münaqişədən tam qələbəyə 

08:50
07 Noyabr

ZƏFƏR gündəliyi

08:45
07 Noyabr

Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir

08:40
07 Noyabr

Zəfərin Xankəndi imzası

08:35
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!