13 İyun 2026 03:03
141
Fərmanlar
A- A+
Hava limanlarının (aeroportların) idarə edilməsi qaydası

Hava limanlarının (aeroportların) idarə edilməsi qaydası


Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 12 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir


1. Ümumi müddəalar

1.1. Bu Qayda "Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında hava limanlarının (aeroportların) (bundan sonra - hava limanları) idarə edilməsi ilə bağlı əsas prinsipləri və tələbləri müəyyən edir.

1.2. Bu Qaydanın müddəaları mülki hava limanlarına şamil edilir.

1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. beynəlxalq hava limanı - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən beynəlxalq hava limanı statusu verilmiş, hava gəmilərinin qəbulu və yola salınması, beynəlxalq hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan və müvafiq aerodromu, aerovağzalı, digər yerüstü tikililəri, lazımi avadanlığı olan qurğular kompleksi;

1.3.2. hava limanlarının idarə edilməsi - hava limanlarının idarə edilməsi sahəsində tənzimləmə, hava limanlarının maliyyələşdirilməsi və hava limanlarında investisiya fəaliyyəti, beynəlxalq və yerli hava limanları ilə bağlı aviasiya və qeyri-aviasiya fəaliyyəti, həmçinin hava limanlarında uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində görülən işlərə nəzarətin həyata keçirilməsi;

1.3.3. hava limanının istismarçısı - bir və ya bir neçə hava limanını qanuni əsaslarla istismar edən dövlət orqanı (qurumu), fiziki və ya hüquqi şəxs;

1.3.4. qeyri-aviasiya fəaliyyəti - mülki aviasiya subyektləri, o cümlədən sahibkarlıq subyektləri tərəfindən kommersiya imkanlarının genişləndirilməsi və əlavə gəlir formalaşdırılması məqsədilə hava limanlarında həyata keçirilən və bu Qaydanın 8.2-ci bəndində qeyd edilən fəaliyyət;

1.3.5. yerli hava limanı - dövlət sərhədindən buraxılış məntəqələri olmayan, hava gəmilərinin qəbulu və yola salınması, daxili hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan və müvafiq aerodromu, aerovağzalı, digər yerüstü tikililəri, lazımi avadanlığı olan qurğular kompleksi. 

1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.


2. Hava limanlarının idarə edilməsi prinsipləri


2.1. Hava limanlarının idarə edilməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.1.1. təhlükəsizliyin təmin edilməsi;

2.1.2. müştəri məmnunluğu;

2.1.3. iqtisadi səmərəlilik və dayanıqlı inkişaf;

2.1.4. xidmətlərin əlçatanlığı;

2.1.5. ətraf mühitin mühafizəsi;

2.1.6. rəqabət mühitinin təmin olunması;

2.1.7. özəl sektorun iştirakının təşviqi.


3. Hava limanlarının idarə edilməsi sahəsində əsas vəzifələr 


3.1. Mülki hava limanlarının idarə edilməsində tənzimləyici qurumun səlahiyyətlərini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.

3.2. Hava limanlarının idarə edilməsi üzrə tənzimləyici qurumun vəzifələri aşağıdakılardır:

3.2.1. hava limanlarının və (və ya) aerodromların, həmçinin yerüstü xidmət təminatçılarının sertifikatlaşdırılması;

3.2.2. uçuşların təhlükəsizliyinin, aviasiya təhlükəsizliyinin, həmçinin hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin təmin olunması və idarə edilməsi sahələrini tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiya və onun əlavələri ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının (bundan sonra - BMAT) beynəlxalq standartlarının və tövsiyə olunan təcrübəsinin, Ümumdünya Gömrük Təşkilatının normalarının və standartlarının tətbiqi məqsədilə müvafiq sənədlərin hazırlanması və təsdiqi;

3.2.3. hava limanı istismarçılarının fəaliyyətinə nəzarətin və müfəttiş yoxlamalarının təşkili;

3.2.4.hava limanlarının idarə edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların aidiyyəti orqanları (qurumları) ilə əməkdaşlıq edilməsi;

3.2.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq, hava limanlarının idarə edilməsi ilə bağlı normativ hüquqi aktların icrasına nəzarətin həyata keçirilməsi.

3.3. Hava limanının idarə edilməsi sahəsində hava limanı istismarçısının əsas vəzifələri aşağıdakılardır:

3.3.1. uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində normativ hüquqi aktlarda, BMAT-ın beynəlxalq standartlarında və tövsiyə olunan təcrübəsində, Ümumdünya Gömrük Təşkilatının normalarında və standartlarında, Azərbaycan Respublikasının mülki aviasiya sahəsində tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi; 

3.3.2. sərnişinlərə və daşıyıcılara yüksəkkeyfiyyətli xidmətlər göstərilməsi;

3.3.3. maddi-texniki bazanın və infrastrukturun qorunması və inkişaf etdirilməsi;

3.3.4. işçilərin ixtisas səviyyəsinin yüksəldilməsi;

3.3.5. aviasiya fəaliyyətinin ətraf mühitə təsirinin minimuma endirilməsi;

3.3.6. risklərin və təcili müdaxilə tələb edən vəziyyətlərin (təbii fəlakət, texnogen qəza (yanğın, partlayış), texniki nasazlıq, kiberhücum, epidemiya və ya pandemiyalar) idarə edilməsi;

3.3.7. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, digər vəzifələrin həyata keçirilməsi.


4. Hava limanlarının idarə edilməsi formaları


4.1. Hava limanlarının idarə edilməsi formaları onların mülkiyyət növü nəzərə alınmaqla təşkil olunur.

4.2. Dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan mülki hava limanlarının idarə edilməsi və infrastrukturunun inkişafı hava limanının istismarçısı tərəfindən Qanunun və bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir.

4.3. Dövlət mülkiyyətində olan mülki hava limanlarının idarə edilməsi xüsusiyyətləri aşağıdakılardır:

4.3.1. infrastrukturun dövlətin mülkiyyətində olması;

4.3.2. idarəetmənin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəhbərlərinin təsdiq etdiyi texnoloji sxemə əsasən həyata keçirilməsinin təşkili;

4.3.3. ictimai iaşə xidmətlərinin göstərilməsi;

4.3.4. təsis sənədində nəzərdə tutulduğu halda hava limanı istismarçısının sahibkarlıq fəaliyyəti ilə məşğul olması.

4.4. Dövlət mülkiyyətində olan mülki hava limanları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin Qanundan irəli gələn digər normativ hüquqi aktlara uyğun olaraq özəl tərəfdaşa (sahibkarlıq subyektinə) idarəetməyə verilə bilər. 


5. Hava limanlarının maliyyələşdirilməsi və hava limanlarında investisiya fəaliyyəti


5.1. Hava limanlarının tikintisi və yenidən qurulması dövlət büdcəsinin vəsaiti, hava limanı istismarçısının vəsaiti, kredit və qrantlar, fiziki və hüquqi şəxslərin ianələri, eləcə də qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilə bilər.

5.2. Hava limanlarında investisiya fəaliyyəti "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.


6. Beynəlxalq hava limanı


6.1. Beynəlxalq hava limanlarında fəaliyyət sərnişin, baqaj, yük və ya poçt göndərişlərinin beynəlxalq daşınmalarının həyata keçirilməsini, habelə təcili və təxirəsalınmaz tibbi yardım, xilasetmə, yanğınsöndürmə və fövqəladə hallarla əlaqədar işlərin yerinə yetirilməsini əhatə edir.

6.2. Beynəlxalq hava limanları aşağıdakı tələblərə cavab verməlidir:

6.2.1. BMAT-ın beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən Azərbaycan Respublikasının mülki aviasiya sahəsində tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə uyğun olmalıdır;

6.2.2. Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələri fəaliyyət göstərməlidir;

6.2.3. beynəlxalq hava daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş sərnişin və (və ya) yük terminalları olmalı, yerüstü xidmət təşkil edilməlidir;

6.2.4. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqrama malik olmalıdır.


7. Yerli hava limanı


7.1. Yerli hava limanlarında fəaliyyət sərnişin, baqaj, yük və ya poçt göndərişlərinin daxili daşınmalarının həyata keçirilməsini, habelə təcili və təxirəsalınmaz tibbi yardım, xilasetmə, yanğınsöndürmə və fövqəladə hallarla əlaqədar işlərin yerinə yetirilməsini əhatə edir.

7.2. Yerli hava limanlarında daxili hava daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş sərnişin və (və ya) yük terminalları olmalı, yerüstü xidmət təşkil edilməli, eləcə də həmin hava limanları hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqrama malik olmalıdır.


8. Hava limanlarında aviasiya və qeyri-aviasiya fəaliyyəti 


8.1. Hava limanlarında hava gəmilərinin hərəkətinin bilavasitə təmin edilməsi, sərnişin, baqaj, yük və ya poçt göndərişlərinin daşınması üçün mülki aviasiya subyektləri tərəfindən aviasiya fəaliyyəti həyata keçirilir. Aviasiya fəaliyyətinə aşağıdakılar daxildir:

8.1.1. ümumi və xüsusi xarakterli aviasiya fəaliyyəti;

8.1.2. kommersiya hava daşımaları;

8.1.3. bu Qaydanın 8.1.1-ci və 8.1.2-ci yarımbəndlərində qeyd edilən fəaliyyətlər üzrə aşağıdakı xidmətlər:

8.1.3.1. enmə (qalxma), hava gəmisinin parklanması və texniki enmə (qalxma) zamanı təhlükəsizliyin təmini xidmətləri;

8.1.3.2. yerüstü xidmət;

8.1.3.3. hava gəmilərinin Azərbaycan Respublikasının ərazisində yerləşən hava limanına enməsi və ya qalxması üçün həyata keçirilən aeronaviqasiya xidmətləri;

8.1.3.4. hava limanlarının terminallarından istifadə üzrə sərnişin xidmətləri, o cümlədən sərnişinlərin və baqajın təhlükəsizliyinin yoxlanılması.

8.2. Qeyri-aviasiya fəaliyyətinə aşağıdakılar daxildir: 

8.2.1. ticarət və pərakəndə satış xidmətləri (mağazalar, o cümlədən beynəlxalq hava limanının gömrük nəzarəti zonasında yaradılan rüsumsuz ticarət mağazaları);

8.2.2. iaşə xidmətləri (restoran və kafelər, qida köşkləri); 

8.2.3. avtomobil parkı və nəqliyyat xidmətləri (ödənişli dayanacaqlar, taksi və transfer xidmətləri);

8.2.4. icarə xidmətləri (turizm agentlikləri, bank filialları və s. üçün sahələrin icarəsi);

8.2.5. digər xidmətlər (hava limanında yerləşən hotellər, işgüzar səfərlər üçün konfrans və görüş otaqları və s.).


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

03:04
13 İyun

Hava limanlarının (aeroportların) idarə edilməsi qaydası

03:03
13 İyun

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

19:38
12 İyun

İsveçrədə tarixi səsvermə: əhali sayını 10 milyonla məhdudlaşdırmaq təklif olunur

19:03
12 İyun

Dünyada hər 70 nəfərdən biri evini tərk etmək məcburiyyətində qalıb

18:58
12 İyun

İqlim istiləşməsi 4 il ərzində kritik həddi keçə bilər

18:50
12 İyun

HDQ-də döyüş atışlı taktiki təlim olub  

18:48
12 İyun

Nigeriyada kütləvi adamqaçırma təhlükəsi

18:41
12 İyun

Avropa İttifaqının yeni “Köç və Sığınacaq Paktı” qüvvəyə minir

18:33
12 İyun

Azərbaycan və Dünya Bankı yol layihələri üzrə tərəfdaşlığı genişləndirir

18:24
12 İyun

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

18:13
12 İyun

Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib

18:13
12 İyun

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

17:51
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır  

17:43
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

17:34
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!