Şəmkir Rayon İcra Hakimiyyətində "2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair iş planı"nın hazırlanmasına həsr olunmuş müşavirə keçirilmişdir.
Rayon icra hakimiyyəti aparatının məsul əməkdaşlarının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən tədbirdə Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı mayın 25-də keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrası, həmçinin "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr ətrafında müzakirələr aparılmışdır.
Rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev diqqətə çatdırmışdır ki, ölkədə aqrar sahənin davamlı inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti kənd təsərrüfatının müasir tələblər əsasında inkişafını, ərzaq təhlükəsizliyinin daha etibarlı təminatını, istehsalın və emal sənayesinin genişləndirilməsini sürətləndirir. Bu baxımdan dövlət proqramı kənd təsərrüfatının bütün istiqamətləri üzrə yeni inkişaf mərhələsinin formalaşmasına xidmət edir.
Tədbirdə vurğulanmışdır ki, Şəmkir rayonunda hazırlanacaq 2026-2030-cu illəri əhatə edən iş planı dövlət proqramında müəyyən edilmiş prioritetlərə uyğun formalaşdırılmalı, rayonun mövcud iqtisadi potensialı, təbii iqlim şəraiti, istehsal imkanları və statistik göstəricilər əsasında konkret hədəfləri özündə əks etdirməlidir. Hər bir istiqamət üzrə görüləcək tədbirlər təsərrüfat subyektlərinin real imkanları nəzərə alınmaqla planlaşdırılmalı, istehsalın səmərəliliyinin yüksəldilməsi, emal müəssisələrinin inkişafı, innovativ texnologiyaların tətbiqi, ixrac potensialının artırılması və məşğulluğun genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilməlidir.
Müşavirədə dövlət proqramından irəli gələn tədbirlərin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi, yerli icra strukturlarının məsuliyyətinin artırılması, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Eyni zamanda hazırlanacaq iş planında kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsi, suvarma infrastrukturunun təkmilləşdirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə, məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafına dair konkret tədbirlər öz əksini tapmalıdır.
Sonda müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılmış, aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmiş, iş planının hazırlanması və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq qərar qəbul olunmuşdur.
S.ƏLİYEV,
"Azərbaycan"