23 İyul 2026 10:15
194
İQTİSADİYYAT
A- A+
Ölkələrin tarif siyasəti qlobal inflyasiyanı sürətləndirirmi?

Ölkələrin tarif siyasəti qlobal inflyasiyanı sürətləndirirmi?


Son dövrlərdə beynəlxalq iqtisadiyyatda ən çox müzakirə olunan məsələlərdən biri dövlətlərin tətbiq etdiyi tarif siyasətidir. Bir çox ölkə yerli istehsalçıları xarici rəqabətdən qorumaq məqsədilə idxal rüsumlarını artırır. Dövlətlər öz milli sənayesini dəstəkləmək üçün xaricdən gətirilən mallara əlavə vergilər qoyurlar. Lakin bu addım bir tərəfdən yerli sənayeni qorusa da, digər tərəfdən qiymət artımına kəskin təkan verir.

İdxal tarifləri yüksəldikdə xaricdən mal gətirən şirkətlərin xərcləri dərhal artır. Şirkətlər bu əlavə xərcləri öz mənfəətlərindən çıxmaq istəmirlər. Onlar qiyməti qaldıraraq bu yükü istehlakçıların üzərinə qoyurlar. Nəticədə bazarda xarici mallar bahalaşır. Xarici malların bahalaşması yerli istehsalçılara da birbaşa təsir edir. Rəqabətin azalması yerli şirkətlərə öz qiymətlərini qaldırmaq imkanı yaradır. Bununla da, ölkə daxilində ümumi qiymət səviyyəsi yüksəlir və inflyasiya təzyiqi artır.

Müasir dünyada malların böyük hissəsi çoxşaxəli təminat yolu ilə istehsal olunur. Məsələn, bir avtomobilin ehtiyat hissələri müxtəlif ölkələrdən gətirilir. Xammal və aralıq mallara tarif qoyulduqda son məhsulun maya dəyəri zəncirvari şəkildə kəskin artır. Bir ölkə rüsumları qaldıranda digər tərəf də analoji cavab tədbirləri görür. Bu zəncirvari reaksiya qlobal ticarət dövriyyəsini zəiflədir və xərcləri bütün tərəflər üçün yüksəldir. Faktlar göstərir ki, ticarət məhdudiyyətlərinin artması qlobal tədarük xətlərini bahalaşdırır.

Beynəlxalq təşkilatların hesablamalarına görə, ticarət baryerlərinin yüksəlməsi son illərdə bir çox ölkədə istehlak qiymətləri indeksinə təsir göstərib. Tarif siyasəti, sadəcə, birbaşa idxal olunan malları bahalaşdırmır. O, həm də daşıma, logistika və sığorta xərclərini artırır. Bu vəziyyət ərzaqdan tutmuş elektronikaya qədər hər bir sahədə özünü büruzə verir.

Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun hesabatlarına əsasən, qoruyucu siyasətin genişlənməsi qlobal ümumi daxili məhsulun (ÜDM) artımını ləngidir. Eyni zamanda, bazar iştirakçılarının inflyasiya gözləntilərini yüksək səviyyədə saxlayır. 

Ümumiyyətlə, iqtisadi nəzəriyyə tariflərin müvəqqəti inflyasiya yaratdığını iddia edir. Lakin real iqtisadiyyatda proseslər daha mürəkkəb cərəyan edir. İnkişaf etmiş iqtisadiyyatlar qrupu üzrə 40 illik (1980-2022) məlumatların təhlili göstərir ki, tarif dərəcələrinin artmasından dərhal sonra işsizlik artmağa, inflyasiya isə düşməyə meyilli olur. Bu ilkin düşüş kəskin dəyişikliyin bariz göstəricisidir. Tariflər tətbiq olunduqda qeyri-müəyyənlik mühiti yaranır. İstehlakçılar xərcləmələri azaldır, investorlar isə "gözlə və gör" mövqeyi tuturlar. Nəticədə iqtisadi fəallıq zəifləyir və ilk mərhələdə inflyasiya aşağı düşür. Zaman keçdikcə iqtisadiyyat bərpa olunur, lakin inflyasiya tariflərin dəyişmədiyi ssenari ilə müqayisədə daha yüksək səviyyəyə qalxır.

Tariflərin artırılması iqtisadi fəallığı zəiflədir və yanacağa olan tələbi azaldır. Tələb düşdüyü üçün enerji kəskin ucuzlaşır və bu ucuzlaşma ilk ildə ümumi inflyasiyanı aşağı salır. Lakin növbəti illərdə enerji qiymətləri normallaşdıqca mal və xidmətlərin bahalaşması önə keçir və inflyasiyanı artırır. Bundan başqa, gömrük rüsumları artırılanda ilk vaxtlar alıcılar daha az mal aldığı üçün qiymətlər dərhal dəyişmir. Lakin ikinci ildə bu xərclər artıq qiymətlərə tam yansıyır. Belə ki, 10 faizlik tarif artımı malları orta hesabla 1,2 faiz bahalaşdırır və bu yüksək qiymətlər üçüncü ilə qədər özünü qoruyub saxlayır. Xidmət sahələrinə (məsələn, klinikalara, bərbərxanalara) birbaşa vergi qoyulmasa da, istifadə etdikləri avadanlıq və mallar bahalaşdığı üçün onların da xərcləri artır. Bu təsir özünü dərhal göstərmir, bahalaşma növbəti ildə maksimum həddə çatır və əvvəlki dövrlə müqayisədə yüksək olaraq qalır.

ABŞ ötən ilin əvvəlində ticarət tərəfdaşlarına çoxşaxəli idxal tariflərinin tətbiq olunacağını elan etdi. Yale Universitetinin "Budget Lab" mərkəzinin məlumatına görə, ABŞ-də orta tarif dərəcəsi 16,8 faizə yüksəldi. Bu göstərici 2000-2024-cü illər arasındakı 2 faizdən az olan orta göstərici ilə müqayisədə kəskin sıçrayışdır. ABŞ-də ümumi xərclərin böyük hissəsi, yəni 60 faizi xidmət sektorunun payına düşür. Məhz buna görə də tariflərin yaratdığı bahalaşma xidmət sahəsinə gec çatsa da, orada daha uzun müddət qalır və ölkədəki ümumi inflyasiyanı uzunmüddətli dövrdə yüksək saxlamaq riski yaradır.

Ekonometrik qiymətləndirmələr Avstraliya, Belçika, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Niderland, Norveç, Portuqaliya, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya və ABŞ daxil olmaqla 16 inkişaf etmiş ölkənin məlumatlarına dayanır. Təhlil edilən bu 16 ölkənin 1980-2022-ci illəri əhatə edən 40 illik statistikası məsələnin ciddiliyini aydın göstərir. Məlum olur ki, stabil dövrlərdə gömrük rüsumlarındakı artım adətən cüzi, 1-2 faiz civarında olub. Lakin görünür ki, bu kiçik dəyişikliklər belə həmin ölkələrin iqtisadiyyatında eyni zəncirvari effekti yaradıb. Tariflərin hər 1 faizlik artımı orta və uzunmüddətli dövrdə ümumi inflyasiyada 0,1 faiz səviyyəsində qalıcı yüksəlişlə nəticələnib. Bununla da, statistik modellərdə alternativ təsir amilləri, işsizlik, real məzənnə, faiz dərəcələri, səhm gəlirliliyi, ticarət balansı və məhsuldarlıq dəyişiklikləri nəzərə alınsa belə nəticə dəyişmir.

Tarifləri artırmaq ilk vaxtlar tələbi azaldıb inflyasiyanı aşağı salsa da, sonradan malların və xidmətlərin qiymətini qaldıraraq inflyasiyanı artırır. Süni ticarət maneələri malların gətirilməsini bahalaşdırır və insanların cibinə zərər vurur. Ona görə də inflyasiya ilə mübarizədə ən yaxşı yol ticarətə mane olmamaq və balanslı iqtisadi diplomatiyadır.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan - Almaniya strateji tərəfdaşlığında yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin geosiyasi və iqtisadi əhəmiyyəti

11:08
23 İyul

Günəşdən gələn təhlükə

10:20
23 İyul

Ölkələrin tarif siyasəti qlobal inflyasiyanı sürətləndirirmi?

10:15
23 İyul

3 ildir küçəmizdə kanalizasiya sistemi normal işləmir

10:10
23 İyul

Azərbaycan paraüzgüçülüyünün parlayan ulduzua

10:05
23 İyul

Müalicə də var, istirahət də

10:00
23 İyul

Əraziyə baxış keçirilmiş, Nazirlər Kabinetinə məktub göndərilmişdir

09:57
23 İyul

Müasir parklar yay tətili günlərində uşaqların sevimli əyləncə məkanıdır

09:55
23 İyul

Kəndə dönmək vaxtıdır

09:50
23 İyul

Qazaxın sərhəd kəndi olan Cəfərlinin sosial problemləri həll edilir

09:45
23 İyul

Həm kövrəldim, həm də qürur hissi keçirdim

09:40
23 İyul

Şeir bayramı - Vaqif Poeziya Günləri 

09:35
23 İyul

Qusar Dövlət Ləzgi Dram Teatrı tətilə çıxdı

09:30
23 İyul

"Göylərə baş çəkir Göyəzən dağı"

09:25
23 İyul

"Ələkbər əmi"nin həyat səhnəsindəki sonuncu rolu

09:20
23 İyul

Neftçalada sudan səmərəli istifadə məsələləri müzakirə olunub

09:17
23 İyul

Xocalının qədim Seyidbəyli kəndi yeni həyata qayıdır

09:15
23 İyul

Naftalanın sağlamlıq mərkəzlərinin qapıları şəhid ailələrinin üzvlərinə və qazilərə daim açıqdır

09:10
23 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişafına dair iş planı hazırlanır

09:05
23 İyul

Hacıqabul Sənaye Parkında avtomobil istehsalı artır

09:00
23 İyul

Qazaxda biçin başa çatmaq üzrədir

08:55
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!