23 İyul 2026 10:20
200
Səhiyyə
A- A+
Günəşdən gələn təhlükə

Günəşdən gələn təhlükə


Günvurma zamanı nə etmək lazımdır?


Son illər iqlim dəyişiklikləri fonunda temperatur rekordlarının tez-tez yenilənməsi yay mövsümündə günvurma hallarının sayını da artırıb. Bəzi insanlar günvurma ilə yorğunluğu və ya adi halsızlığı səhv salır, nəticədə vaxtında yardım göstərilmədiyi üçün vəziyyətləri ağırlaşır. Halbuki düzgün davranış və sadə profilaktik tədbirlər həm günvurmanın, həm də onun yaratdığı ağır fəsadların qarşısını almağa imkan verir.

Mövzu ilə bağlı "Azərbaycan" qəzetinə danışan Lökbatan Tibb Mərkəzinin Təcili Tibbi Yardım həkimi Mehman BAĞIROV bildirib ki, günvurma başın açıq hissəsinə günəş şüalarının uzun müddət birbaşa təsiri nəticəsində beyin fəaliyyətinin pozulması ilə xarakterizə olunan təhlükəli vəziyyətdir. Bu zaman orqanizmin istilik tənzimləmə sistemi normal fəaliyyət göstərə bilmir və bədən temperaturu sürətlə yüksəlir. İlk əlamətlərə başağrısı, ümumi halsızlıq, ürəkbulanma, qusma, başgicəllənmə və süstlük daxildir. Vaxtında müdaxilə edilmədikdə isə vəziyyət ağırlaşaraq huşun itməsi, koma və hətta ölümlə nəticələnə bilər.

Həkimin sözlərinə görə, günvurma üç dərəcəyə bölünür və hər mərhələnin özünəməxsus klinik əlamətləri var: "Yüngül dərəcədə insanda ümumi zəiflik, başağrısı, ürəkbulanma, nəbzin və tənəffüsün sürətlənməsi, həmçinin göz bəbəklərinin genişlənməsi müşahidə edilir. Bu mərhələdə ən vacib addım zərərçəkəni dərhal günəş altında olduğu yerdən uzaqlaşdırmaq, kölgəyə və ya sərin məkana aparmaqdır. Əgər ürəkbulanma və qusma yaranarsa, insanın qusuntu ilə boğulmaması üçün onu böyrü üstə çevirmək lazımdır. Orta dərəcəli günvurmada əlamətlər daha qabarıq şəkildə özünü göstərir. Güclü halsızlıq, intensiv başağrısı, ürəkbulanma və qusma ilə yanaşı, qulaq batması, hərəkət koordinasiyasının pozulması, yerişdə inamsızlıq meydana çıxır. Bu vəziyyətdə artıq tibbi yardımın gecikdirilməsi təhlükəli nəticələrə səbəb ola bilər. Günvurmanın ağır forması isə əksər hallarda qəfil inkişaf edir. Üz nahiyəsində damarların həddindən artıq qanla dolması nəticəsində qızartı yaranır, bədən temperaturu 41-42 dərəcəyə qədər yüksəlir. Yüngül huş pozğunluğundan komaya qədər müxtəlif vəziyyətlər, sayıqlama, qarabasma, sidik və nəcisin qeyri-iradi ifrazı müşahidə oluna bilər. Belə hallarda həyat üçün ciddi təhlükə yarandığından dərhal təcili tibbi yardım çağırılmalıdır".

Günvurma zamanı göstərilən ilk yardım insanın həyatını xilas edə bilər. Mehman Bağırov vurğulayıb ki, günvurmadan zərərçəkən insan ilk növbədə kölgəyə, sərin otağa və ya kondisionerli məkana aparılmalıdır. O, üfüqi vəziyyətdə uzadılmalı, başı və çiyinləri bir qədər qaldırılmalıdır. Baş nahiyəsinə soyuq su ilə isladılmış dəsmal qoymaq, bədəni yaş dəsmalla silmək və müxtəlif üsullarla soyutmaq tövsiyə edilir. Əgər şəxs huşunu itirməyibsə, ona bol maye qəbul etdirmək lazımdır. İlkin mərhələdə orqanizmdə itirilən maye və duz balansını bərpa etmək üçün 1 litr suya 2 xörək qaşığı şəkər tozu və yarım çay qaşığı natrium xlorid və ya natrium bikarbonat əlavə etməklə hazırlanan məhluldan istifadə etmək olar. 

Fiziki soyutma tədbirlərinin xüsusi əhəmiyyət daşıdığını deyən mütəxəssis qeyd edib ki, bunun üçün dəri soyuq su ilə isladılmış dəsmalla silinməli, baş nahiyəsinə soyuq kompres qoyulmalıdır. Lakin çox buz kimi su və ya buzun birbaşa dəriyə tətbiqi düzgün deyil. Çünki bu, damarların qəfil daralmasına səbəb ola və istiliyin bədəndən xaric olmasını çətinləşdirə bilər. Zərərçəkən huşsuz vəziyyətdədirsə, ona ağızdan su və ya hər hansı maye vermək olmaz. Bu, nəfəs yollarına maye keçməsi riskini artırır. Belə şəxslər mütləq böyrü üstə çevrilməli, tənəffüsü və nəbzi daim nəzarətdə saxlanmalıdır. Tənəffüs və ürək fəaliyyəti dayanarsa, tibbi yardım gələnədək süni tənəffüs və ürək-ağciyər reanimasiyası tədbirləri həyata keçirilməlidir.

Həkim uşaqların və yaşlı insanların xüsusilə günvurmaya daha həssas olduğunu bildirib: "Uşaqlarda istilik tənzimləmə mexanizmləri tam formalaşmadığından, yaşlı insanlarda isə orqanizmin uyğunlaşma qabiliyyəti zəiflədiyindən risk daha yüksək olur. Bundan əlavə, ürək-damar xəstəlikləri, şəkərli diabet, piylənmə və yüksək arterial təzyiqdən əziyyət çəkən şəxslər də uzun müddət günəş altında qalarkən daha ehtiyatlı olmalıdırlar. Günvurmanın qarşısını almaq müalicəsindən qat-qat asandır. Günəş şüalarının ən intensiv olduğu saat 11:00-17:00 aralığında açıq havada uzun müddət qalmaq məsləhət görülmür. Zərurət yarandıqda isə mütləq açıq rəngli, yüngül və hava keçirən geyimlər seçilməli, baş örtüyündən istifadə edilməlidir. Açıq rəngli papaq və ya şlyapa günəş şüalarını daha az udduğu üçün başın həddindən artıq isinməsinin qarşısını alır".

Yay aylarında kifayət qədər su qəbul etmək də böyük əhəmiyyət daşıyır. Mehman Bağırovun sözlərinə görə, insan susuzluq hissini gözləmədən gün ərzində müntəzəm şəkildə maye qəbul etməlidir. Tərləmə nəticəsində itirilən su və mineralların bərpası üçün adi içməli su ilə yanaşı, mineral tərkibli mayelərdən də istifadə oluna bilər. Orqanizmdə maye itkisini artırdığı üçün alkoqollu və həddindən artıq kofeinli içkilərin qəbulu da məhdudlaşdırılmalıdır. Avtomobildə uşaqları və ya ev heyvanlarını qısa müddətə belə tək qoymaq son dərəcə təhlükəlidir. Günəş altında qalan avtomobilin salonunda temperatur cəmi bir neçə dəqiqə ərzində həyati təhlükə yaradacaq həddə yüksələ bilər. Bu isə qısa zamanda ağır günvurma və istilik zərbəsinə səbəb ola bilər.

İnsanların bir qismi günvurmanın əlamətlərini adi yorğunluq kimi qiymətləndirərək istirahəti davam etdirir. Halbuki başgicəllənmə, güclü halsızlıq, ürəkbulanma, baş ağrısı və yüksək hərarət müşahidə olunan kimi dərhal günəşin birbaşa şüalarından uzaqlaşdırılmalı və vəziyyəti diqqətlə izlənilməlidir. Vaxtında görülən tədbirlər ağırlaşmaların qarşısını almaqla yanaşı, insan həyatını da xilas edə bilər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan - Almaniya strateji tərəfdaşlığında yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin geosiyasi və iqtisadi əhəmiyyəti

11:08
23 İyul

Günəşdən gələn təhlükə

10:20
23 İyul

Ölkələrin tarif siyasəti qlobal inflyasiyanı sürətləndirirmi?

10:15
23 İyul

3 ildir küçəmizdə kanalizasiya sistemi normal işləmir

10:10
23 İyul

Azərbaycan paraüzgüçülüyünün parlayan ulduzua

10:05
23 İyul

Müalicə də var, istirahət də

10:00
23 İyul

Əraziyə baxış keçirilmiş, Nazirlər Kabinetinə məktub göndərilmişdir

09:57
23 İyul

Müasir parklar yay tətili günlərində uşaqların sevimli əyləncə məkanıdır

09:55
23 İyul

Kəndə dönmək vaxtıdır

09:50
23 İyul

Qazaxın sərhəd kəndi olan Cəfərlinin sosial problemləri həll edilir

09:45
23 İyul

Həm kövrəldim, həm də qürur hissi keçirdim

09:40
23 İyul

Şeir bayramı - Vaqif Poeziya Günləri 

09:35
23 İyul

Qusar Dövlət Ləzgi Dram Teatrı tətilə çıxdı

09:30
23 İyul

"Göylərə baş çəkir Göyəzən dağı"

09:25
23 İyul

"Ələkbər əmi"nin həyat səhnəsindəki sonuncu rolu

09:20
23 İyul

Neftçalada sudan səmərəli istifadə məsələləri müzakirə olunub

09:17
23 İyul

Xocalının qədim Seyidbəyli kəndi yeni həyata qayıdır

09:15
23 İyul

Naftalanın sağlamlıq mərkəzlərinin qapıları şəhid ailələrinin üzvlərinə və qazilərə daim açıqdır

09:10
23 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişafına dair iş planı hazırlanır

09:05
23 İyul

Hacıqabul Sənaye Parkında avtomobil istehsalı artır

09:00
23 İyul

Qazaxda biçin başa çatmaq üzrədir

08:55
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!