“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 11 sentyabr 2026-cı il
tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qaradağ
rayon təşkilatının və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı
ilə “Gələcəyin arxitekturası: İnsan Kapitalı, Liderlik və Süni İntellekt” mövzusunda
beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin
deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının
sektor müdiri Şamama Ağamuradova, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin
direktoru Çərkəz Əliyeva, Qazaxıstan Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının müəllimi, International Coaches Union-un Qazaxıstan
üzrə rəsmi nümayəndəsi Qaliya Nurbekova, International Coaches Union-un Aktau şəhəri
üzrə nümayəndəsi Bibigül Kakimjankızı, EMDR Azərbaycan Assosiasiyasının
prezidenti, EMDR Avropa Assosiasiyasının üzvü Süleyman Məmmədzadə, Azərbaycan
Memarlıq və İnşaat Universitetinin müəllimi, arxitektor Şakir Məmmədov, Bakı
Slavyan Universitetinin professoru, Əməkdar jurnalist, “İctimaiyyətlə Əlaqələrin
İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova, İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məsul əməkdaşı, iqtisad üzrə fəlsəfə
doktoru Sevinc Cabbarova, Bakı Dövlət Universitetinin müəllimi Rəna Qasımova, Mədəniyyət
Nazirliyinin abidələr üzrə eksperti, tədqiqatçı Faiq Nəsibov, rayon icra
hakimiyyətinin məsul əməkdaşları, sənaye və istehsal müəssisələrinin əməkdaşları,
müxtəlif sahələr üzrə mütəxəssislər və rayon ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə
başlayıb. Sonra müasir müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər
Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından
keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri İlqar
İlyasov iştirakçıları salamlayaraq konfransın məqsəd və vəzifələri haqqında məlumat
verib. O, sürətli texnoloji dəyişikliklərin insan kapitalına və idarəetmə
modellərinə yeni yanaşmalar tələb etdiyini, müasir liderin komandanı dinləməyi,
insan potensialını üzə çıxarmağı və əməkdaşların inkişafına şərait yaratmağı
bacarmalı olduğunu bildirib. İlqar İlyasov gənclərin yeni bilik və bacarıqlara
yiyələnməsinin, təşəbbüskarlığının dəstəklənməsinin və dəyişən əmək bazarına
hazırlanmasının vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Aydın Hüseynov dövlətin uzunmüddətli inkişaf
strategiyasında insan kapitalının xüsusi yer tutduğunu qeyd edib. O bildirib
ki, rəqəmsallaşma və süni intellekt insan amilinin əhəmiyyətini azaltmır, əksinə,
yeni biliklərə, məsuliyyətli qərarverməyə və müasir liderlik keyfiyyətlərinə
ehtiyacı daha da artırır.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri,
International Coaches Union-un Azərbaycan üzrə nümayəndəsi Şamama Ağamuradova
insan kapitalının inkişafının müasir dövlət idarəçiliyinin mühüm istiqamətlərindən
biri olduğunu bildirib. O vurğulayıb ki, “Gələcəyin arxitekturası” ilk növbədə
insanın inkişafından başlayır. Texnologiyanın yaratdığı imkanların real nəticəyə
çevrilməsi üçün dəyişikliklərə açıq, öyrənməyə hazır, məsuliyyətli və təşəbbüskar
insan kapitalının formalaşdırılması vacibdir. Bu baxımdan dövlət, təhsil,
biznes və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın, beynəlxalq təcrübənin öyrənilməsinin
və müasir inkişaf alətlərinin praktik fəaliyyətə inteqrasiyasının əhəmiyyəti
qeyd olunub.
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində insan amilinə, təhsilə,
elmə, mədəniyyətə və milli-mənəvi dəyərlərin qorunmasına verilən xüsusi önəmdən
danışıb. O, gələcəyin qurulmasının milli dəyərlərlə müasir bilik və
texnologiyaların vəhdətini tələb etdiyini bildirib.
Tədbirə onlayn qoşulan Beynəlxalq Kouçlar İttifaqının (ICU) və Beynəlxalq
Kouç və Trenerlər Assosiasiyasının (ICTA) master-təlimçisi Mixael Dzernakouski,
konfrans iştirakçılarını salamlayıb, konfransın işində uğurlar arzulayıb. O
qeyd edib ki, Sİ-nin bu gün sürətlə inkişaf etdiyi vaxtda insanlar yeni inkişaf
mərhələsində olduğundan, yeni bilik və bacarıqlara yiyələnməlidirlər. O kouçinq
texnologiyalarının öyrənilməsinin vacibliyini xüsusi qeyd edib.
Qazaxıstan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının müəllimi, International Coaches Union-un Qazaxıstan üzrə nümayəndəsi
Qaliya Nurbekova insan kapitalının inkişafı ilə liderlik arasındakı qarşılıqlı əlaqədən
danışıb. O bildirib ki, texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə təşkilatların
üstünlüyünü insanların dəyişikliklərə uyğunlaşmaq, davamlı öyrənmək və yeni şəraitdə
səmərəli qərarlar qəbul etmək bacarığı müəyyən edir.
Konfransın əsas məqsədi insan kapitalının inkişafı, müasir liderlik,
peşəkar kouçinq və süni intellektin yaratdığı imkanların müzakirəsi, yerli və
beynəlxalq təcrübənin bölüşülməsi, iştirakçılara praktik inkişaf alətlərinin təqdim
olunması olub.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, arxitektor
Şakir Məmmədov “Gələcəyin arxitekturası” anlayışına yalnız fiziki məkanların və
şəhərlərin layihələndirilməsi deyil, daha geniş mənada insanın, liderliyin, təşkilatların
və cəmiyyətin gələcəyinin formalaşdırılması prizmasından yanaşılmasından
danışaraq, vurğulayıb ki, texnologiyalar nə qədər sürətlə inkişaf etsə də, gələcəyin
qurulmasının mərkəzində insan, onun biliyi, düşüncəsi, dəyərləri və məsuliyyəti
dayanır.
Konfransın mövzusu Azərbaycan Respublikasının uzunmüddətli inkişaf
prioritetləri ilə də uzlaşıb. Azərbaycan Respublikası Prezidentinin 2 fevral
2021-ci il tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “rəqabətli insan
kapitalı və müasir innovasiyalar məkanı” beş milli prioritetdən biri kimi müəyyən
edilib. Eyni zamanda, ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi və
ixtisaslı insan kapitalının formalaşdırılması “Azərbaycan Respublikasında Rəqəmsal
İnkişaf Konsepsiyası”nda və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün
Süni İntellekt Strategiyası”nda mühüm istiqamətlər kimi müəyyən olunub.
Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənova
süni intellekt dövründə insan sözünün, tənqidi düşüncənin, media savadlılığının
və kommunikasiya məsuliyyətinin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, süni
intellekt informasiyanın yaradılması və yayılması imkanlarını genişləndirsə də,
informasiyaya məna verən, faktları qiymətləndirən və sözün məsuliyyətini
daşıyan yenə də insandır.
Konfransın “Sənaye 4.0-dan İnsan 4.0-a” mövzusuna həsr olunmuş
panelində Qaradağ rayonunda fəaliyyət göstərən iri sənaye və istehsal müəssisələrinin
nümayəndələri iştirak ediblər. Panel zamanı avtomatlaşdırmanın əmək bazarına təsiri,
gələcəyin peşə və kompetensiyaları, əməkdaşların yeni bacarıqlara hazırlanması,
insan-texnologiya əməkdaşlığı və müasir idarəetmə modelləri ətrafında fikir
mübadiləsi aparılıb.
Konfransın növbəti hissəsində proqram praktik və interaktiv formatda
davam etdirilib. International Coaches Union-un Astana şəhəri üzrə nümayəndəsi
Bibigül Kakimjankızı liderin şəxsi inkişafının komandanın və təşkilatın
inkişafına təsirindən danışaraq kouçinq yanaşmasının insanlarda məsuliyyəti, təşəbbüskarlığı
və qarşılıqlı etimadı gücləndirdiyini bildirib.
EMDR Azərbaycan Assosiasiyasının prezidenti, psixoloq Süleyman Məmmədzadə
“Dəyişən dünyada insan kapitalı: psixoloji dayanıqlılıqdan şəxsi liderliyə”
mövzusunda çıxış edib. O, psixoloji dayanıqlılığın, özünüdərkin, dəyişikliklərə
uyğunlaşmanın və şəxsi liderliyin insan kapitalının inkişafındakı rolundan
danışıb.
İqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova insan kapitalının
iqtisadi inkişafla qarşılıqlı əlaqəsinə diqqət çəkərək, bilik və bacarıqların
davamlı inkişafının müasir əmək bazarında və rəqabətqabiliyyətli iqtisadiyyatın
formalaşdırılmasında əsas amillərdən biri olduğunu bildirib.
Bakı Dövlət Universitetinin müəllimi Rəna Qasımova və digər mütəxəssislər
də mövzu ilə bağlı fikirlərini bölüşərək insan kapitalının inkişafına müxtəlif
elmi və peşəkar yanaşmaları diqqətə çatdırıblar.
Konfrans çərçivəsində süni intellekt dövründə yeni liderlik modeli,
kouçinqin müasir idarəetmə aləti kimi tətbiqi, insan və süni intellekt əməkdaşlığı,
yeni nəsil əməkdaşların motivasiyası və təşkilatlarda kouçinq mədəniyyətinin
formalaşdırılması mövzularında çıxışlar və praktiki çalışmalar keçirilib.
Gün ərzində davam edən konfrans yalnız rəsmi çıxış və panel müzakirələri
ilə məhdudlaşmayıb, həmçinin fasilələr zamanı iştirakçılar arasında peşəkar
ünsiyyət və fikir mübadiləsi davam edib, yeni əməkdaşlıq imkanları, ortaq layihələr
və müasir inkişaf yanaşmaları müzakirə olunub. Bu ünsiyyət yerli və beynəlxalq
mütəxəssislər, dövlət qurumları, elm, təhsil, sənaye və biznes nümayəndələri
arasında yeni peşəkar əlaqələrin qurulmasına şərait yaradıb.
Tədbirin yekununda insan kapitalına qoyulan sərmayənin, davamlı öyrənmənin,
psixoloji dayanıqlılığın, peşəkar kouçinq yanaşmasının və süni intellektdən məsuliyyətli
istifadənin təşkilatların və bütövlükdə cəmiyyətin inkişafında mühüm rol
oynadığı vurğulanıb.
Tədbirin sonunda konfransın məruzəçi və iştirakçılarına sertifikatlar
təqdim olunub, xatirə fotoları çəkdirilib.