02 Avqust 2019 00:43
3085
Mədəniyyət
A- A+
Ekran tariximizin ilkləri

Ekran tariximizin ilkləri


XIX əsrin sonlarında Parisin Kaputsino bulvarındakı "Qrand-Kafe”də Lui və Oqüst Lümyer qardaşları ixtira etdikləri aparatla çəkdikləri kiçik süjetləri nümayiş etdirirlər. O gün - 1895-ci ilin 28 dekabrı dünya kinosunun yaranması kimi tarixə düşür.

Həmin illərdə Parisdən uzaqlarda, nefti ilə məşhurlaşan Bakıda iqtisadi və mədəni sahələrdə canlanma müşahidə olunurdu. Tükənməz sərvətləri, xüsusən nefti ilə yerli sahibkarlara, eləcə də bura axışan xarici kapitalistlərə böyük var-dövlət qazandıran bu şəhər dünyada baş verən yeniliklərə açıq idi. Fransada ixtira olunan sinematoqraf da Bakıya gəldi. 1898-ci il yanvarın 8-dən burada xarici filmlər göstərilməyə başlandı. İyunun 21-də Vasili-Vyatskinin teatr-sirkində Bakı həyatından bəhs edən "Şəhər bağında xalq gəzintisi”, "Qatarın dəmiryol stansiyasına daxil olması”, "Qafqaz və Merkuri” Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi” və "Bazar küçəsi sübh çağı” kinosüjetləri nümayiş olundu. 1898-ci il avqustun 2-də fotoqraf, rejissor, ssenarist, operator, redaktor, naşir, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı, Paris milli akademiyasının fotoqraf üzvü Aleksandr Mixayloviç Mişonun çəkdiyi, "Bibiheybətdə neft fontanı yanğını”, "Balaxanıda neft fontanı”, "Qafqaz rəqsi” xronikal-sənədli və "İlişdin” bədii kinosüjetlərinin daxil edildiyi ayrıca proqram göstərildi.

"Bibiheybətdə neft fontanı yanğını” və "Balaxanıda neft fontanı” kinosüjetləri 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransanın kinoarxivindən Azərbaycana gətirildi. O zaman Prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-si Azərbaycan Kinosu Günü elan olundu.


Azərbaycanda ilk bədii film


Sovet dövründə həmin tarix nəzərə alınmadı. 1916-cı il mayın 14-ü Azərbaycanda kinonun yarandığı gün kimi qeyd olundu. Bu, "Neft və milyonlar səltənətində” bədii filminin nümayiş olunduğu tarix idi. 1915-ci ildə Bakıda yaradılmış "Filma” Səhmdar Cəmiyyəti neft sənayeçilərinin vəsaiti ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filmini çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov və operator Qriqori Lemberq dəvət edilmişdi. Azərbaycanda ilk səssiz film olan "Neft və milyonlar səltənətində” XX əsrin əvvəllərinin neft Bakısı, burada yaşayan yerli milyonçuların və fəhlələrin həyatından bəhs edirdi. Filmdəki Lütfəli bəy rolunu oynayan Hüseyn Ərəblinskinin adı ilk azərbaycanlı kino aktyoru kimi tarixə yazıldı. Tanınmış sənətkarlar - tarzən Qurban Pirimov və xanəndə Cabbar Qaryağdıoğlu da filmdə çəkildilər.

Boris Svetlov 1918-ci ilədək Azərbaycanda kino işi ilə məşğul oldu. 1916-cı ildə o, "Arvad”, "Yeni tərzdə köhnə əhvalat” və digər filmləri çəkdi. Bakıda Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettası əsasında ekranlaşdırılan ilk Azərbaycan kinokomediyasının da rejissoru Boris Svetlov oldu.


Birinci milli kinorejissorumuz...


1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Xarici ölkələrlə diplomatik, iqtisadi, mədəni əlaqələr quran milli hökumət kino sənətinin inkişafına da diqqət yetirirdi. Həmin il Bakıda "Kinematoqrafiya və teatr qulluqçuları şurası” yaradıldı. 1919-cu il mayın 28-də "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı film nümayiş etdirildi.

Bolşeviklər tərəfindən 1920-ci ilin aprelində ölkəmiz işğal olundu. İyulun 4-də İnqilab Komitəsinin sədri Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzaladı. Sovet Azərbaycanı kinosunun başlanğıcı sayılan "XI Qırmızı ordu hissələrinin Bakıda paradı”, "Bakıda Şərq xalqlarının I qurultayı”, "26 Bakı komissarı cənazələrinin dəfni”, "XI Qırmızı ordu komandirləri dağlıların qonağıdır”, "Pyotr meydanında iməcilik”, "Sovet Azərbaycanının 1-ci ildönümü” xronikal filmləri çəkildi.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. Ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorlarının milliləşdirilməsi və birləşdirilməsi işlərini həyata keçirən AFKİ-nın nəzdində Bakıda "Təyyarə”, "Edison”, "Milyon”, "Ladya”, "Mədənçi” və başqa kinoteatrlar var idi. Həmin il aprelin 28-də Bakıda AFKİ nəzdində I Dövlət kinofabrikinin rəsmi açılışı oldu. 1924-cü ildə AFKİ ikiseriyalı "Qız qalası əfsanəsi” adlı bədii filmini təqdim etdi.

Rusiyadan Bakıya kinematoqrafçılar ezam olunurdu. O illərdə Azərbaycanda kino sahəsində əsas məsələlərdən biri milli kadrların hazırlanması idi. 1924-1928-ci illərdə "Azərbaycan Dövlət Kino”sunun rəhbəri olmuş Şamil Mahmudbəyov bu istiqamətdə müəyyən işlər gördü. 1925-ci ildə onun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya yaradıldı. Cəfər Cabbarlı, Mikayıl Mikayılov və başqaları orada oxudular. Bakıya Sovet Rusiyasından tanınmış kinorejissorlar dəvət olunurdu. Eyni zamanda Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə və digər milli kadrlar kino yaradıcılığı işinə cəlb edildilər. 1925-ci ildə "Bismillah” filminə Abbas Mirzə Şərifzadə quruluş verdi. Bu filmlə o, Azərbaycanın birinci milli kinorejissoru oldu. İlk azərbaycanlı kinodramaturq Cəfər Cabbarlının "Hacı Qara” ssenarisini də Abbas Mirzə Şərifzadə 1928-ci ildə ekranlaşdırdı. 1932-ci ildə "Direktiv Bant” filminin əsas kollektivi milli kinematoqrafçılar - rejissor Ağarza Quliyev, operatorlar Əsgər İsmayılov və Mirzə Mustafayev oldu. 1930-cu ildə rejissor Beybolat Askarovun çəkdiyi "Qızıl kol” filmində isə ilk azərbaycanlı qadın kinorejissoru Qəmər Salamzadə rejissor köməkçisi işlədi.

AFKİ "Azdövlətkino” (1926-1930), "Azərkino” (1930-1933), "Azfilm” (1933), "Azdövlətsənayesi” (1934), "Azərfilm” (1935-1940), "Bakı kinostudiyası” (1941-1959), 1961-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası adlandırıldı.


"Mavi dənizin sahilində”...


1935-ci ildə milli kinomuzun ilk səsli filmi - "Mavi dənizin sahilində” çəkildi. Filmin rejissoru Boris Barnet, operatoru Mixail Kirillov idi. Film 1936-cı ildə ekranlara çıxdı. "Mavi dənizin sahilində”nin ikinci rejissoru Səməd Mərdanov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Sergey Eyzenşteynin emalatxanasında təhsil almışdı. O, Azərbaycan kino tarixində ilk ali təhsilli rejissor idi.

"Mavi dənizin sahilində”n sonra Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. 1936-1941-ci illərdə 10-dan çox səsli film istehsal olundu.

1936-cı ildə rejissorlar B.Pumpyanski və V.Yeremeyevin "Şöhrətli Azərbaycan” kinoalmanaxında neftçi Piri Nuriyev və pambıqçı Qüdrət Səmədovdan bəhs edilirdi. Bu, Azərbaycanda ilk sinxronlu film idi.

1930-cu illərdə Azərbaycanda cizgi filminin əsası qoyuldu. 1933-cü ildə istehsal olunan "Cat” təlimat filmi cizgi filmi üsulu ilə yaradıldı. 1935-ci ildə Azərbaycan xalq nağılları əsasında "Abbasın bədbəxtliyi” cizgi filmi çəkildi.

Respublikamızda filmlərin Azərbaycan dilində səsləndirilməsinə 1937-ci ildə başlandı. Həmin il SSRİ-nin məşhur "Çapayev” bədii filmi dublyaj olundu.

İkinci Dünya müharibəsi illərində bədii film istehsalı zəiflədi. Əsasən xronikal-sənədli filmlər, kinojurnallar çəkilirdi. 1945-ci ildə rejissor Rza Təhmasib Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında "Arşın mal alan” filmini ekranlaşdırdı. Film keçmiş SSRİ-də, eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirildi.

Azərbaycan kinosu 1950-ci illərdə yenidən inkişaf etməyə başladı. "Görüş”, "Bəxtiyar”, "Qara daşlar”, "Qızmar günəş altında”, "Onun böyük ürəyi”, "Ögey ana”, "Onu bağışlamaq olarmı?”, "Böyük dayaq” və başqa bədii filmlərdə, "Xəzər neftçiləri haqqında dastan”, "Dənizi fəth edən” və digər sənədli filmlərdə müxtəlif peşə sahiblərinin əməyi, həyatı əksini tapdı.

1960-cı ildə rejissor Hüseyn Seyidzadənin çəkdiyi "Koroğlu” bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsi oldu. 1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində Azərbaycan kinolarında yeni ideyalar, yeni baxış nəzərə çarpırdı. Xüsusilə rejissor Eldar Quliyevin 1969-cu ildə çəkdiyi "Bir cənub şəhərində” filmi ətrafında mübahisələr uzun müddət davam etdi.

1970-ci illərin sonu, 1980-ci illərdə SSRİ-də korrupsiyaya qarşı dövlət səviyyəsində aparılan mübarizə, sonra yenidənqurma, aşkarlıq siyasəti "İstintaq”, "Anlamaq istəyirəm”, "Onun bəlalı məhəbbəti”, "Şeytan göz qabağında” və başqa filmlərdə əks olundu. 1980-ci illərdən başlayaraq Azərbaycan kinosunda da sovet hakimiyyətinin hökmünün zəiflədiyini bəlli edən "Bağlı qapı arxasında”, "Özgə ömür”, "Təxribat”, "Sahilsiz gecə”, "Lətifə” və başqa filmlər çəkildi.

İlk fantastik Azərbaycan bədii filmi - "Əlaqə” 1989-cu ildə lentə alındı.

SSRİ-nin süqutundan sonra 1990-cı illərdə keçid dövrünü yaşayan Azərbaycan kinosu da çətin vəziyyətə düşdü. Sayca az filmlər çəkildi. "Fəryad”, "Ağ atlı oğlan”, "Özgə vaxt”, "Biz qayıdacağıq”, "Sarı gəlin”, "Lal çinar”, "Arxada qalmış gələcək” kimi filmlərdə Qarabağ müharibəsinin gətirdiyi bəlalardan bəhs edildi.

İndi Azərbaycanın kino sənəti yeni mərhələdədir. Həm kinostudiyada, həm də dövlət və özəl televiziyalarda yeni bədii və sənədli filmlər çəkilir. Azərbaycan kinosevərləri kino işçilərimizdən ölkəmizin tarixi həqiqətlərini, mədəniyyətini dünayaya göstərə biləcək daha gözəl filmlər gözləyirlər.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:52
02 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə

01:51
02 Oktyabr

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:50
02 Oktyabr

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

23:39
01 Oktyabr

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

23:01
01 Oktyabr

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

22:49
01 Oktyabr

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

22:48
01 Oktyabr

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

22:33
01 Oktyabr

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib

21:59
01 Oktyabr

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir 

21:31
01 Oktyabr

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

20:38
01 Oktyabr

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

19:36
01 Oktyabr

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

19:28
01 Oktyabr

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

19:21
01 Oktyabr

Alp dağları əriyir: İsveçrənin buzlaqları daha bir rekordun astanasında

19:04
01 Oktyabr

 FHN-dən kiçikhəcmli gəmi istifadəçilərinə xəbərdarlıq  

18:59
01 Oktyabr

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

18:44
01 Oktyabr

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

18:26
01 Oktyabr

SOCAR Serbiyada 500 MVt-lıq elektrik stansiyası tikəcək

18:25
01 Oktyabr

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

18:21
01 Oktyabr

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

18:21
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!