Meşələr biomüxtəliflik və su təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. Bununla belə, onlar iqlim dəyişikliyi və meşə yanğınları səbəbindən getdikcə daha çox təhlükə altındadır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, hər il təxminən 127 milyon hektar meşə sahəsi yanğınlardan zərər görür. 2024-2025-ci illər üzrə yanğın mövsümündə dünya üzrə 100 milyondan çox insan meşə yanğınlarının təsirinə məruz qalıb.
AZƏRTAC xəbər verir ki, bunu COP31 çərçivəsində keçirilən "Kompleks yanğın idarəçiliyi və meşə yanğınlarına qarşı dayanıqlılıq üçün texnologiya və innovasiya mövzusunda yüksəksəviyyəli dialoq" görüşündə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev deyib.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) proqnozlarına diqqət çəkən M.Babayev əsrin sonuna qədər şiddətli meşə yanğınlarının 50 faizə qədər arta biləcəyini qeyd edib. “Bu rəqəmlər təhlükəli tendensiyanı üzə çıxarır: iqlim dəyişikliyi meşə yanğınları riskini artırır, yanğınlar isə külli miqdarda karbonun havaya buraxılmasına və ekosistemlərin zədələnməsinə səbəb olur. Biz yanğınlara qarşı sadəcə reaksiya verməkdən, onların qarşısını almağa, riskləri erkən aşkar etməyə və zədələnmiş ekosistemləri bərpa etməyə doğru keçid etməliyik”, - deyə COP29-un prezidenti vurğulayıb.
Onun sözlərinə görə, peyk monitorinqi, süni intellekt, dronlar və qabaqcıl proqnozlaşdırma da bu sahədə mühüm imkanlar yaradır.
Bu yaxınlarda respublikamızın azad edilmiş ərazilərində, Cəbrayılda Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim və Tinglik Mərkəzi açıldığını xatırladan Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi 40 hektar ərazidə ildə 2 milyon ting istehsalının mümkün olduğunu bildirib.
M.Babayev mərkəzdə 400 meşə təsərrüfatı mütəxəssisinin təlim keçməsi üçün imkan yaradıldığını bildirib. O, həmçinin Türkiyə, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrindən olan mütəxəssislər üçün də təlimlərin təşkilinin nəzərdə tutulduğunu qeyd edib. “Cəbrayılda yaradılan infrastruktur, peşə bacarıqlarının inkişafı və meşələrin bərpası sahəsində potensialın artırılmasına xidmət edən əməkdaşlığın praktik nümunəsidir. Meşələrin qorunması yalnız təbiətin mühafizəsi deyil, həm də insanların həyatının qorunması, iqlim dəyişikliklərinə qarşı dayanıqlığın gücləndirilməsi və gələcəyimizin təminat altına alınması deməkdir”, - deyə COP29-un prezidenti vurğulayıb.