14 Noyabr 2026 08:40
78
Mədəniyyət
A- A+
Tanınmış dilçi alim

Tanınmış dilçi alim


O, üzü gələcəyə gedir...  O, çətin, əziyyətli yolun yorulmaz yolçusudur...

Üzü gələcəyə, sabaha üz tutan bu yol adamı görkəmli dilçi alim İsmayıl Məmmədlidir.

Təbiətcə yumşaq olan bu həyat adamı bir az dağlara... elə bütünlükdə torpağın dərinliklərinə işləmiş köklü-budaqlı ağaca bənzəyir. Həssaslığı, düzlüyü, təmizliyi müəllim təbiətindən irəli gəlir.

İsmayıl Oruc oğlu Məmmədli 1946-cı il noyabr ayının 15-də Basarkeçər rayonunun Sədanaxaç (sonradan kəndin adı Güney olmuşdur) kəndində Aşıq Oruc Vəli oğlu Əhmədovun və Züleyxa ananın ailəsində doğulmuşdur. Aşıq Oruc Göyçənin Yarpızlı kəndindən idi. 1948-1953-cü illərdə o vaxt könüllü köçürülmə adı ilə deportasiya olunanlarla  birgə ailələri Ermənistandan Azərbaycana gəlmiş, Gədəbəy rayonunun Zəhmət kəndində məskunlaşmışdır. İsmayıl Məmmədli 1952-1956-cı illərdə Göyçənin Güney kəndində ibtidai təhsil almış, 1952-1962-ci illərdə Zəhmət kənd orta məktəbində oxumuşdur. 1962-1967-ci illərdə  isə M.F.Axundov adına  Azərbaycan  Pedaqoji Dillər İnstitutunun Alman-Azərbaycan  dilləri şöbəsində təhsil almışdır. 1967-1970-ci  illərdə Azərbaycan  Ensiklopediyası Baş redaksiyasında əvvəlcə transkripsiyaçı-redaktor, sonra böyük elmi redaktor vəzifələrində çalışmışdır. 1968-1969-cu illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. O, 1970-1973-cü illərdə Azərbaycan  Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əyani şöbəsinin aspiranturasında oxumuş, 1974-cü ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

İsmayıl Məmmədli 45 ildən artıqdır ki, bütün qüvvə və bacarığını ana dilimizin tədqiqi, tədrisi və təbliği işinə, elmi və pedaqoji kadrların hazırlanmasına həsr etmişdir.  Bu illər ərzində o, elmdə və ictimai həyatda şərəfli bir yol keçmişdir.

İsmayıl Məmmədli 1993-cü ildə "Azərbaycan  dilinin etnoqrafik leksikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ictimai elmlər sahəsində, xüsusən də filologiya sahəsində müstəqil Azərbaycan  Respublikasında ilk milli elmlər doktoru alimlik dərəcəsi almışdır. O, Azərbaycan  dilinin leksikologiyası və leksikoqrafiyasi problemlərinin araşdırılması sahəsində çalışır. İ.Məmmədlinin "Azərbaycan  dilinin izahlı lüğəti", "Azərbaycan  dilinin orfoqrafiya lüğəti", "Frazeologiya və məcazlar lüğətləri"nin tərtibi işində apardığı tədqiqatları böyük elmi əhəmiyyət kəsb edir.

Alimin əsas tədqiqatları Azərbaycan dilçiliyində, eləcə də, türkologiya sahəsində mühüm və aktual olan bir problemin - sahə leksikaları içərisində qədimliyi, zənginliyi, milliliyi, məhsuldar sözyaratma və üslubi imkanları ilə seçilən etnoqrafik leksikanın öyrənilməsinə həsr olunmuşdur. O, ilk dəfə olaraq sahə leksikaları üzrə monoqrafik yolla araşdırmalar aparmış, Azərbaycan  dilçiliyində ilkin və orijinal təsnifat vermiş, etnoqrafik leksika əsasında söz yaradıcılığının aparıcı mövqeyini aşkar etmiş, tematik, struktur-semantik, funksional-üslubi, sinxron, habelə etnik-kulturoloji-tarixi planda linqvistik təhlillər aparmışdır. 

İ.Məmmədlinin tədqiqatları Azərbaycan dilçiliyinin üslubiyyat, lüğətçilik, onomalogiya, etnoqrafik dilçilik, şifahi dil kimi ən aktual sahələri, tətbiqi  dilçilik məsələlərini əhatə edir. O, "Azərbaycan  dilinin etnoqrafik leksikası" mövzusunda tədqiqat əsəri ilə Azərbaycan  xalqının soykökü, qədim maddi və mənəvi mədəniyyəti, habelə ana dilimizin zəngin söz yaradıcılığı  ilə bağlı problemləri dərindən araşdırmış, azərbaycanşünaslığa dəyərli bir töhfə vermiş,  dilçiliyimizdə etnolinqvistika kimi yeni bir elmi istiqamət açmışdır. 

Professor İ.Məmmədlinin ömür yoluna diqqət yetirdikdə gözlərimiz önündə istedadlı  linqvist-alim, fədakar tədqiqatçı, sözün əsl mənasında, müdrik bir elm adamı canlanır. Çoxsaylı əsərləri İsmayıl müəllimin yüksək  analitik təfəkkürünün dərinliyini, ən mürəkkəb problemin həlli yollarını  araşdırıb nəticəyə malik olmaq qabiliyyəti, elmi, idrakı,  onun alim nüfuzunun göstəricisidir.  

…İnsan yaşa dolduqca hiss edir ki, ən yaxın sirdaşı elə işıqlı xatirələrin özüdür. Bu düşüncələrin içərisində ötüb-keçən zamanın qarışıq rəngləri xəyallarında canlanır. Kimlər yaşamır bu xəyallarda? Dostlar, yaxınlar və doğmalar. Bir də əriyib gedən gənclik! Çay kimi axan zaman heç nəyə baxmadan ötüb keçir. Bunları hələ gəncliyindən dərk edən İsmayıl müəllim də öz növbəsində vaxtın haqq-hesabını düzgün aparır. Nəticə isə göz qabağındadır. Ayrı-ayrı illərdə yazdığı  "Ekran, efir və dilimiz", "Azərbaycanca-rusca etnoqrafiya terminləri lüğəti", "Vurğu lüğəti", "Azərbaycanca-rusca danışıq kitabı", "Azərbaycan  dilinin izahlı lüğəti", "Axtarışlar, anımlar, yozumlar", "Azərbaycan  dilinin etnoqrafik leksikası", "Qəzet dilinin leksikası", VIII-IX siniflər üçün dərslik və digər əsərləri vaxtdan səmərəli istifadə etdiyinin göstəricisidir.    

İ.Məmmədli 1989-cu ildən Dilçilik İnstitutunda Lüğət və terminologiya (hazırda Tətbiqi dilçilik adlanır) şöbəsinə rəhbərlik edir. Şöbə öz ənənələri ilə institutun elmi həyatında özünəməxsus yer tutur. Onun rəhbərliyi altında şöbədə "Azərbaycan  dilinin izahlı lüğəti" (3 cilddə), "Yeni sözlər lüğəti", "Azərbaycan  dilinin orfoqrafiya lüğəti" (təkmilləşdirilmiş, artırılmış yeni nəşri), "Azərbaycan  dilinin məcazlar lüğəti" hazırlanmışdır.  2011-ci ildə nəşr olunmuş "Səməd Vurğunun bədii dilinin izahlı lüğəti" nin  redaktoru, tərtibçisi olmuş, professor İ.Məmmədli 2014-cü il iyunun 10-da Səməd Vurğun mükafatına layiq görülmüşdür.

İ.Məmmədlinin şöbəyə rəhbərliyi dövründə 17 nəfər filologiya üzrə fəlsəfə doktoru, 6 nəfər elmlər doktoru dissertasiyası müdafiə  etmişdir. Çoxsaylı, nəzəri problemlərlə zəngin yaradıcılığı, elmi təfəkkürü və  duyumu, adi faktı elmi fikrin predmetinə çevirə bilmək qabiliyyəti, fikir və mülahizələrini inandırıcı faktlara istinadən işıqlandırması, elmi obyektə hərtərəfli orijinal yanaşma səriştəsi  ədəbiyyatşünaslıqda, dilçilik sahəsində ona böyük inam, nüfuz qazandırmışdır.

Onu sözün və dilin keşiyində duran əsgərə də oxşatmaq olar. Millətin dilinin, sözünün, ruhunun sərhədlərini göz bəbəyitək qoruyan namuslu əsgərə... Onun  bircə amalı var: "Həyatın gələcəyi  elm öyrənənlərin əlindədir!"   

İ.Məmmədli 200-dən artıq elmi əsərin və məqalənin müəllifidir. Bunlardan 13-ü monoqrafiya və lüğətlərdir.  Dövri mətbuatda da bir çox elmi məqaləsi dərc olunmuşdur. Azərbaycan AMEA Xəbərlərində, "Türkologiya" jurnalında və ayrı-ayrı mətbuat səhifələrində kitabları haqqında resenziyalar, rəylər dərc olunmuşdur. Alim müasir dilçiliyin müxtəlif problemlərinə aid keçirilmiş beynəlxalq, ümumittifaq və respublika simpozium və konfranslarında məruzələrlə çıxış etmişdir.    

Professor İ.Məmmədli bir çox lüğətlərin: "C.Cabbarlının dilinin lüğəti", "Azərbaycan  dilinin frazeologiya lüğəti, "Azərbaycanca-ispanca", "Azərbaycanca-italyanca", "Azərbaycanca-bolqarca", "Azərbaycanca-çexcə", "Azərbaycanca-polyakca" ikidilli lüğətlərin redaktoru və tərtibçilərindəndir.       

İ.Məmmədlinin Azərbaycan  dilinin  təbliğində də xidmətləri böyükdür. O, 1981-1989-cu illərdə Azərbaycan Teleradio Verilişləri Qapalı Qəhmdar Cəmiyyətində "Azərbaycan  dili" və "Dil xalqın mənəvi sərvətidir" televiziya və radio proqramlarının aparıcısı olmuşdur. 

O, 2002-ci ildən  Azərbaycan  Respublikası Ədliyyə Nazirliyində baş məsləhətçidir, dövlət qulluğunun kiçik müşaviridir. Hazırda Azərbaycan  Milli Elmlər Akademiyasının Dilçilik üzrə Birləşmiş Müdafiə Şurasının, İnstitut Elmi Şurasının, Dilçilik üzrə Respublika Əlaqələndirmə Şurasının və Azərbaycan  AMEA Terminologiya Komitəsinin üzvüdür. İ.Məmmədli Azərbaycan  Yazıçılar və Æurnalistlər Birliyinin üzvüdür. 2013-cü ildə Azərbaycan  Prezidentinin sərəncamı  ilə "Tərəqqi"  medalı ilə təltif olunub, 2004-cü ildə  "H.B.Zərdabi mediya mükafatı və diplomu"na layiq görülüb.

Dünyada ən uzun yol - insanın özünə qədər gəlib çıxdığı yoldur, - deyirlər. Əgər, bir insan müqəddəs sözün işığında özünə yol başlayıbsa, ona yalnız  "Uğur olsun!" demək  lazımdır. 

Yolçu yolda gərək, İsmayıl müəllim!


Fizuli MUSTAFAYEV,

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda şəhərsalma - zəngin keçmiş, modern müasirlik, texnoloji gələcək

08:45
14 Noyabr

Tanınmış dilçi alim

08:40
14 Noyabr

Dublin görüşü Azərbaycan və Ermənistan arasında sülhün praktiki müstəvidə irəliləməsinin göstəricisidir

08:35
14 Noyabr

Şimali Makedoniya Prezidenti: "Avropa Siyasi Birliyi"nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir"

08:30
14 Noyabr

Təhsil və milli kimlik fenomeninin konseptual əsasları  

08:25
14 Noyabr

Ev təsərrüfatlarının uçotu rəqəmsallaşdırılır

08:20
14 Noyabr

Avropada Azərbaycana yüksək diqqət var

08:15
14 Noyabr

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir

08:10
14 Noyabr

Görülən tədbirlər "Azəri-Çıraq-Günəşli"nin ömrünü uzadır

08:05
14 Noyabr

Zəfər yolundan başlayan Böyük qayıdış

08:00
14 Noyabr

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
14 Noyabr

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:37
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında

00:36
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

00:34
14 Noyabr

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:29
14 Noyabr

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

22:27
13 Noyabr

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

22:17
13 Noyabr

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

22:01
13 Noyabr

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

21:53
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

21:31
13 Noyabr

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

20:43
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!