20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan
xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan, milli
qürurumuzu və dövlətimizin gücünü təcəssüm etdirən mühüm tarixi gündür.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-nin
Dövlət Suverenliyi Günü kimi təsis edilməsi xalqımızın dövlətçilik tarixində
baş vermiş mühüm hadisələrin məntiqi yekununu özündə əks etdirir. Sərəncamda da
qeyd olunduğu kimi, 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı
nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa
edilib.
Azərbaycanın dövlət suverenliyinə gedən yol
heç də asan olmayıb. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın
bir hissəsi uzun illər işğal altında saxlanılıb, yüz minlərlə soydaşımız doğma
yurdlarından didərgin düşüb, şəhər və kəndlərimiz dağıdılıb. Bütün bunlara
baxmayaraq, Azərbaycan dövləti öz prinsipial mövqeyindən geri çəkilməyib, ərazi
bütövlüyünün və suverenliyinin bərpasını əsas milli məqsədlərdən biri kimi müəyyən
edib.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük
Vətən müharibəsi Azərbaycan tarixinin dönüş nöqtələrindən biri oldu. Müzəffər
Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusu misilsiz qəhrəmanlıq göstərərək işğal altındakı ərazilərimizin böyük
hissəsini azad etdi. Bu tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası
istiqamətində həlledici mərhələ oldu.
Lakin Azərbaycanın qarşısında daha bir mühüm vəzifə
- dövlət suverenliyinin ölkənin bütün ərazisində tam təmin edilməsi dayanırdı.
2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan tərəfindən
nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin öz sərhədləri və ərazisi
üzərində nəzarətinin təmin olunması istiqamətində mühüm addım idi.
2023-cü il sentyabrın 19-da isə Qarabağ
iqtisadi rayonunda başlanan lokal xarakterli antiterror tədbirləri Azərbaycanın
öz ərazisində konstitusiya quruluşunu bərpa etmək və dövlət suverenliyini təmin
etmək əzmini nümayiş etdirdi. Əməliyyat sentyabrın 20-də başa çatdı və nəticədə
Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi tam bərpa
edildi.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin müəyyən
etdiyi milli dövlətçilik strategiyasının möhtərəm Prezidentimiz cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan tarixinin ən
böyük məqsədlərindən birinə nail oldu. Bu gün üçrəngli Azərbaycan Bayrağı ölkəmizin
bütün ərazilərində dalğalanır, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi dövlətimizin
bütün ərazisində təmin olunur.
Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın
qarşısında yeni imkanlar açıb. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə
genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, keçmiş məcburi
köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir, regionun sosial-iqtisadi
inkişafı üçün mühüm layihələr icra olunur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 28
dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və
Suverenlik İli” elan edilməsi də bu tarixi nailiyyətlərin dövlətçilik və hüquqi
dövlət quruculuğu baxımından əhəmiyyətini bir daha nümayiş etdirdi. Sərəncamda
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının milli dövlətçilik
tariximizdə xüsusi əhəmiyyəti vurğulanır.
Bu gün Azərbaycan tam suveren dövlət kimi öz
milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Ölkəmizin əldə etdiyi
tarixi Zəfər dövlətçilik iradəmizin, milli həmrəyliyimizin və xalq-dövlət
birliyimizin təntənəsidir.
Bu əlamətdar gündə torpaqlarımızın azadlığı və
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin
əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı
bildirirəm.
20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə
bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm.
Fatma Yıldırım,
Milli Məclisin deputatı