18 Noyabr 2026 08:25
385
SİYASƏT
A- A+
COP31: İqlim böhranına qarşı qlobal həmrəylik

COP31: İqlim böhranına qarşı qlobal həmrəylik


Qlobal temperaturun yüksəlməsi, ekstremal hava hadisələrinin intensivləşməsi, buzlaqların əriməsi, su ehtiyatlarının azalması və biomüxtəlifliyin zəifləməsi bəşəriyyətin gələcəyini təhdid edir. Artıq iqlim böhranı yalnız ekoloji məsələ deyil, həm də iqtisadi inkişaf, ərzaq təhlükəsizliyi, insan sağlamlığı və sosial rifahla birbaşa bağlı olan qlobal çağırışdır. Belə bir şəraitdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, dövlətlərin üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi və konkret nəticələrə istiqamətlənmiş qərarların qəbul olunması xüsusi əhəmiyyət daşıyır.

Bu baxımdan noyabrın 9-da Türkiyənin Antalya şəhərində işə başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası - COP31 dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Noyabrın 20-dək davam edəcək konfransda dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, alimlər, ekoloqlar, biznes strukturları və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edirlər. COP31-in əsas məqsədi iqlim dəyişmələrinə qarşı mübarizədə mövcud razılaşmaların icrasını sürətləndirmək, istixana qazı emissiyalarının azaldılması istiqamətində səyləri gücləndirmək və iqlim böhranının təsirlərinə uyğunlaşma imkanlarını genişləndirməkdir. Konfransın gündəliyində mühüm məsələlərdən biri Paris İqlim Sazişinin hədəflərinə nail olunmasıdır. 2015-ci ildə qəbul edilmiş bu sənəd qlobal temperatur artımını sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 2 dərəcədən xeyli aşağı saxlamağı, eyni zamanda artımı 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün səyləri davam etdirməyi nəzərdə tutur. Lakin mövcud qlobal tendensiyalar göstərir ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün daha sürətli və əhatəli tədbirlərə ehtiyac var. İqlim siyasətinin yalnız uzunmüddətli vədlər üzərində qurulması kifayət etmir. Bu vədlərin real investisiyalara, texnoloji yeniliklərə və iqtisadiyyatın müxtəlif sahələrində əməli dəyişikliklərə çevrilməsi vacibdir.

COP31-in mühüm müzakirə istiqamətlərindən biri də iqlim maliyyələşdirilməsidir. İnkişaf etməkdə olan ölkələr iqlim dəyişmələrinin mənfi təsirlərinə daha həssas olduqları halda, onların uyğunlaşma tədbirlərini həyata keçirmək üçün maliyyə və texnoloji imkanları çox vaxt məhduddur. Quraqlıq, daşqın, torpaq deqradasiyası və digər təbii hadisələr bu ölkələrdə iqtisadi itkiləri artırır, əhalinin yaşayış şəraitini çətinləşdirir. Buna görə də beynəlxalq maliyyə mexanizmlərinin səmərəliliyinin yüksəldilməsi, iqlim layihələrinə sərmayələrin artırılması və maliyyə resurslarına çıxışın asanlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

İqlim dəyişmələrinə qarşı mübarizədə enerji sektorunun transformasiyası da əsas prioritetlərdəndir. Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və müasir texnologiyaların tətbiqi atmosferə buraxılan istixana qazlarının azaldılmasında mühüm rol oynayır. Günəş və külək enerjisinə yatırılan investisiyalar təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi inkişaf, yeni iş yerlərinin açılması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, enerji keçidinin sosial baxımdan ədalətli həyata keçirilməsi, xüsusilə həssas əhali qruplarının maraqlarının qorunması zəruridir.

COP31 Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz 2024-cü ildə Bakıda COP29-a evsahibliyi etməklə beynəlxalq iqlim diplomatiyasında mühüm rol oynayıb. Bakı konfransı iqlim maliyyələşdirilməsi məsələlərinin qlobal gündəlikdə ön plana çıxması ilə yadda qalıb. Azərbaycanın həmin prosesdə qazandığı təşkilati və diplomatik təcrübə beynəlxalq ekoloji əməkdaşlığın davam etdirilməsi baxımından əhəmiyyətli əsas yaradır. COP31-də ölkəmizin iştirakı da iqlim gündəliyinə verdiyi önəmin, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf istiqamətində beynəlxalq əməkdaşlığa marağının göstəricisidir. Antalyada keçirilən konfrans çərçivəsində Azərbaycanın ekoloji təşəbbüslərinin beynəlxalq ictimaiyyətə təqdim olunması da diqqət çəkir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın COP31-də iştirakı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Leyla Əliyeva konfrans çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılması, Xəzər dənizinin ekoloji problemləri və qadınların iqlim fəaliyyətində rolunun gücləndirilməsi ilə bağlı müzakirələrə qatılıb. Həmçinin Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunu ziyarət edərək təqdim olunan ekoloji layihələrlə tanış olub.

Noyabrın 13-də IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər dənizinin səviyyəsinin azalması və bunun ekosistemə təsirləri müzakirə olunub. Leyla Əliyeva çıxışında su səviyyəsinin aşağı düşməsinin Xəzər suitisi və nərəkimilər də daxil olmaqla, nadir canlı növləri üçün ciddi təhlükə yaratdığını diqqətə çatdırıb. O, bu sahədə elmi tədqiqatların genişləndirilməsinin, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini vurğulayıb. IDEA-nın həyata keçirdiyi layihələrdən danışılarkən 2011-ci ildən bəri sahilyanı təmizlik aksiyalarına 7 minə yaxın könüllünün qoşulduğu, 120 tondan artıq tullantının toplandığı bildirilib. Bu təşəbbüslər ekoloji problemlərin həllində ictimai iştirakın nə qədər mühüm olduğunu göstərir. COP31 çərçivəsində qadınların iqlim fəaliyyətində iştirakının genişləndirilməsinə də xüsusi diqqət ayrılır. Azərbaycan pavilyonunda keçirilən müzakirələrdə Leyla Əliyeva qadınların cəmiyyətdəki rolunun gücləndirilməsinin və onların potensialından daha səmərəli istifadə olunmasının əhəmiyyətini vurğulayıb. IDEA-nın xüsusilə regionlarda həyata keçirdiyi layihələrin qadınlar üçün yeni imkanlar yaratdığı qeyd olunub.

İqlim dəyişmələri ilə mübarizədə Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri də təbii sərvətlərin qorunması, su ehtiyatlarından səmərəli istifadə və ekoloji tarazlığın təmin edilməsidir. Xəzər dənizinin səviyyəsində müşahidə olunan azalma, səhralaşma riskləri və su resurslarına artan təzyiq regional əməkdaşlığın əhəmiyyətini daha da artırır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq prosesində "yaşıl enerji" və ekoloji dayanıqlılıq prinsiplərinin tətbiqi ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Bütün bunlar göstərir ki, iqlim böhranına qarşı mübarizənin uğuru yalnız beynəlxalq konfranslarda qəbul edilən qərarlardan deyil, həmin qərarların real həyatda necə həyata keçirilməsindən asılıdır. Unutmamalıyıq ki, təbiətin qorunması yalnız bugünkü nəslin rifahına deyil, gələcək nəsillərin sağlam və təhlükəsiz mühitdə yaşamaq hüququna da xidmət edir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisdə büdcə zərfinə daxil olan qanun layihələri müzakirə edilir  

11:23
18 Noyabr

COP31-də binalarda enerji səmərəliliyinin artırılmasında bələdiyyələrin rolu mövzusunda müzakirə təşkil olunub  

11:05
18 Noyabr

Vərəm əleyhinə peyvəndin 3-cü faza sınaqlarının nəticəsi 2028-ci ildə məlum olacaq

11:04
18 Noyabr

Ötən gün ölkə ərazisində 52 cinayətin üstü açılıb, axtarışda olan 116 nəfər saxlanılıb

10:58
18 Noyabr

Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub  

10:57
18 Noyabr

Azərbaycan və Gürcüstan enerji sahəsində əməkdaşlığın yeni perspektivlərini nəzərdən keçirib  

10:56
18 Noyabr

Çin və Rusiya liderlərinin görüşü keçirilib

10:55
18 Noyabr

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

10:55
18 Noyabr

ABŞ "qızılcadan azad" statusunu itirib

10:34
18 Noyabr

Ünvanlı dövlət sosial yardım alan ailələrin sayı açıqlanıb

10:33
18 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:32
18 Noyabr

Neft ucuzlaşıb 

10:32
18 Noyabr

Azərbaycan nefti 98 dollara satılır

10:31
18 Noyabr

“Cambridge” Lüğəti ilin sözünü seçib  

10:13
18 Noyabr

Trampa sui-qəsd planı hazırlayan Pakistan vətəndaşı 27,5 il həbs cəzası alıb

09:46
18 Noyabr

UEFA Millətlər Liqası: Danimarka Norveçə, Uels isə Portuqaliyaya məğlub olub

09:43
18 Noyabr

Rutte: NATO ölkələri Ukraynaya silah alınması üçün ABŞ-yə 10 milyard dollardan çox vəsait ödəyib  

09:41
18 Noyabr

Alimlər xroniki iltihabın yaranma mexanizmini araşdırmaq üçün yeni alət hazırlayıblar

09:20
18 Noyabr

Türkiyədə çıxan dərgidə çap edilmiş məqaləsinin qurbanı oldu

09:15
18 Noyabr

Azadlıq carçısı, inqilab şairi

09:10
18 Noyabr

Xalçaçılığa ürəkdən bağlandı, ilmələrlə möcüzələr yaratdı

09:05
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!