Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş, özündən sonra bir-birindən dəyərli əsərlər qoymuş görkəmli tənqidçilərimizdən biri də Ələkbər (Əli Nazim) Mahmud oğlu Mahmudzadədir. 36 il ömür sürmüş Əli Nazim bir payız günündə - 24 noyabr 1906-cı ildə Təbrizdə dünyaya göz açmışdı.
İlk təhsilini də elə Təbrizdə "Mədrəseyi-Nicat"da almışdı. Bu təhsil ocağında fars dilində yazıb-oxumağı mükəmməl öyrənmişdi. 1916-cı ildə 10 yaşı tamam olanda Təbrizdən ayrılaraq Batumidə yaşayan ailəsinin yanına köçmüşdü. Yazıb-oxumağa böyük maraq göstərən Əli Nazim Batumidə rus dilini də öyrənmişdi. Həmin dövr bu şəhərdə rus dilini bilmək vacib idi. Çünki hamı bu dildə danışır və yazırdı. Öyrəndiyi fars dili burada keçərli deyildi.
Daim biliyini artıran, ədəbiyyata böyük maraq göstərən Əli Nazim zaman keçdikcə biliyi və bacarığı ilə artıq cəmiyyətdə tanınmışdı. O, ədəbi yaradıcılığa 1921-ci ildə Batumidə işıq üzü görən "İştirak" qəzetində başlamışdı. Onun "Maarif və mədəniyyət", "Molla Nəsrəddin", "Dan ulduzu", "Hücum", "Yeni fikir", "Yeni yol", "Kommunist" qəzet və jurnallarında Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, həmçinin başqa görkəmli şair və yazıçılar haqqında bir-birindən dəyərli məqalələri çap olunmuşdu.
1922-ci ildə Səməd Ağaoğlu Batumidə yeni əlifba komitəsi yaradanda Ə.Nazim də komitənin işində yaxından iştirak etmiş, böyük fəallıq göstərmişdi. Daim oxumaq, təhsilini artırmaq arzusu ilə yaşayan gənc ədibin həyatında 1922-ci il böyük rol oynadı. Həmin il çoxdan bəri getmək və görmək arzusunda olduğu Bakıya köçdü. Köçməkdə əsas məqsəd və amalı təhsilini artırmaq idi. Əli Nazim Bakıya gələn kimi pedaqoji texnikuma qəbul oldu, arzusuna qovuşdu. Texnikumda oxuduğu illərdə ədəbiyyata, yaradıcılığa böyük maraq göstərən Əli Nazim dövri mətbuatla sıx əlaqələr qurdu, "Yeni yol" və "Kommunist" qəzetlərinə məqalələr göndərdi.
Texnikumu bitirdikdən sonra təhsilini davam etdirmək, elmi biliklərə dərindən yiyələnmək arzusunda olan Ə.Nazim 1925-ci ildə Azərbaycan KP MK-nın göndərişi ilə A.S.Yenukidze adına Leninqrad Şərq İnstitutunun Türkologiya Seminariyasına göndərildi. Bununla onun gələcək həyatının qarşısında geniş yollar açıldı. Əli Nazim dövrünün məşhur sovet şərqşünasları akademik A.N.Samoyloviç və professor Y.E.Bertelsindən dərs aldı.
O, institutda təhsil almaqla yanaşı, qələmindən də ayrılmırdı, müasir ədəbiyyatın aktual problemlərinə dair məqalələr yazıb Bakıda dərc olunan mətbuat orqanlarına göndərirdi. Həmin məqalələr "Kommunist"də, "Maarif və mədəniyyət"də işıq üzü görürdü. Əli Nazimin qələmə aldığı tənqidi məqalələr oxucular tərəfindən maraqla qarşılanırdı. Bu məqalələrdən ədəbiyyat dünyasına qədəm qoyan savadlı bir tənqidçinin addım səsləri eşidilirdi.
Əli Nazim 1927-ci ildə institutun son kursunda oxuyarkən müəllimlərinin tövsiyəsi ilə Leninqrad Şərq İnstitutundan 6 ay müddətinə İstanbula elmi ezamiyyətə göndərildi. Qardaş Türkiyədə olarkən də tənqidçi yaradıcılığından qalmadı, Türkiyə mətbuatında - "Türk yurdu" dərgisində Əli Nazimin müasir Azərbaycan ədəbiyyatından bəhs edən geniş məqaləsi dərc olundu. Ezamiyyətdən qayıdandan sonra Əli Nazim Moskvada aspiranturaya qəbul edildi. Burada tanınmış ədəbiyyatşünas professor V.F.Pereverzevin mühazirələrini dinlədi.
1930-cu ildə aspiranturanı başa vurduqdan sonra RSFSR Xalq Maarif Komissarlığının qərarı ilə Əli Nazimə dosent elmi adı verildi. Bir müddət SSRİ XKS-də Qanunların nəşri şöbəsində redaktor, eyni vaxtda Kommunist Akademiyasında elmi işçi və SSRİ xalqları ədəbiyyatı və incəsənəti seksiyasının elmi katibi vəzifələrində işlədi. Bakıya qayıtdıqdan sonra Ə.Nazim "Azərnəşr"də Sosialist siyasi ədəbiyyat şöbəsinin müdiri və başqa rəhbər vəzifələrdə çalışdı. 1935-ci ilin əvvəllərində isə Azərbaycan Sovet Ensiklopediyasında Ədəbiyyat, dil və incəsənət şöbəsinin redaktoru təyin olundu.
Əli Nazimin dövrünün diktəsi ilə diqqət ayırdığı problemlər sırasında yeni ədəbiyyatın siması, ədəbiyyatda ideyalılıq və sinfilik problemləri olmuşdu. Onun "Bugünkü ədəbiyyatımız haqqında", "Proletar ədəbiyyatı ətrafında", "Bugünkü Azərbaycan ədəbiyyatı və onun ictimai məfkurəvi siması", "Süleyman Rüstəm haqqında kiçik bir mülahizə", "Günəşi içirik… günəşlənirik", "Yeni vəzifələr qarşısında", "Mədəni inqilab və mədəni irs məsələsi", "Çığırdaşlarımız haqqında", "Yeni Azərbaycan ədəbiyyatı", "Proletar ədəbiyyatımızın yaradıcılıq siması", "Ədəbiyyatımızı bolşevikləşdirmək və həqiqi proletar ədəbiyyatı yaratmaq…", "Şeirimizin və şüurumuzun xəstəlikləri haqqında", "Üç şeir" və s. məqalələri o dövrün ədəbiyyatının yaradıcılıq məsələlərinə həsr olunmuşdu.
Əli Nazimin yaradıcılığını yaxından öyrənməyə maraq göstərdiyi ədəbiyyat adamlarından biri də görkəmli dramaturq Cəfər Cabbarlı olmuşdu. Tənqidçinin "Almaz", "Yaşar"a doğru", "Cəfər Cabbarlının yaradıcılıq yolu", "Cəfər Cabbarlı" məqalələri bu gün də maraqla oxunur. Alim həmçinin dünya və SSRİ xalqları ədəbiyyatları, Firdovsi, Nəvai, Xəyyam, Höte kimi şəxsiyyətlər haqqında da heç vaxt təravətini itirməyən, bu gün də öz dəyərini qoruyub saxlayan məqalələr yazmışdı.
Ədəbiyyat Ensiklopediyasındakı (Moskva) "Hüseyn Cavid", "Əli bəy Hüseynzadə", "Abdulla Cövdət", "Ziya Göyalp", "Ziya Paşa", "Məhəmməd Fuad Köprülüzadə", "Namiq Kamal", "Lahuti" və başqa məqalələrin müəllifi də Əli Nazimdir. Bundan başqa, tənqidçi "XIX-XX əsr Azərbaycan ədəbiyyatı tarixi", "Mirzə Fətəli Axundzadənin fəlsəfi görüşləri", "Cəlil Məmmədquluzadə və yaradıcılığı" kitablarını da yazmışdır.
Professor B.Çobanzadənin və Az.FAN-ın sədr müavini R.Axundovun 1935-ci ildə geniş rəy və müraciətindən sonra SSRİ Elmlər Akademiyası Rəyasət Heyəti 1936-cı il 15 may tarixli qərarı ilə Əli Nazimə müdafiə etmədən ədəbiyyatşünaslıq üzrə "İctimai elmlər namizədi" elmi dərəcəsi vermişdir.
Təəssüflər olsun ki, yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 31 yaşında 1937-ci ilin repressiya dalğası ondan da yan keçmədi. Həmin il martın 18-də görkəmli tənqidçi həbs edildi. Müstəntiqin ona qarşı irəli sürdüyü ittiham Türkiyədə çıxan "Türk yurdu" dərgisinin 1927-ci ildəki iki nömrəsində dərc edilən "Yeni Azərbaycan ədəbiyyatı" adlı məqaləsi olmuşdu. 1937-ci il oktyabrın 13-də SSRİ Ali Məhkəməsi Hərbi kollegiyası səyyar sessiyasının qərarı ilə Ə.Nazimə 10 il həbs cəzası verildi. Tətbiq edilən ağır işgəncələrə dözə bilməyən görkəmli tənqidçi 1941-ci il avqustun 31-də Oryol həbsxanasında dünyasını dəyişdi.
V.MƏHƏRRƏMOV,
"Azərbaycan"