18 Noyabr 2026 08:35
355
SİYASƏT
A- A+
Azərbaycan və Latviya: ortaq maraqlar və tərəfdaşlıq körpüsü

Azərbaycan və Latviya: ortaq maraqlar və tərəfdaşlıq körpüsü


Baltik dənizinin şərq sahilində, Şimali və Şərqi Avropanın kəsişməsində yerləşən Latviya əlverişli coğrafi mövqeyi sayəsində Avrasiya məkanında mühüm nəqliyyat-tranzit qovşağı rolunu oynayır. Donmayan dərin sulu limanları (Riqa, Ventspils, Liepaya), inkişaf etmiş dəmir yolu şəbəkəsi və Riqadakı iri aviasiya qovşağı ölkəyə Skandinaviya, Mərkəzi Avropa və Şərq bazarları arasında effektiv multimodal logistika körpüsü yaratmaq imkanı verir. Bu gün Latviya Avropa İttifaqı və Avrozonanın üzvü kimi Şimali Avropa və Baltikyanı regionun əsas logistika, tranzit və ixrac-yönümlü sənaye qovşaqlarından biri kimi çıxış edir.

Avropa İttifaqının, NATO-nun və Avrozonanın tamhüquqlu üzvü kimi Latviya ittifaqın şərq cinahında təhlükəsizlik siyasətinin formalaşmasında, rəqəmsal transformasiyada və Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində qonşu regionlarla əlaqələrin dərinləşdirilməsində fəal mövqe tutur. Bu strateji baxış fonunda Latviya Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Azərbaycana xüsusi maraq göstərir. Qlobal təchizat zəncirlərinin dəyişdiyi bir dövrdə Orta dəhliz ilə Baltik limanlarının inteqrasiyası, Azərbaycan məhsullarının Şimali Avropa bazarlarına çıxışı üçün Latviyanın logistik mərkəz kimi istifadəsi, eləcə də İKT, "yaşıl enerji", kənd təsərrüfatı və əczaçılıq sahələrində birgə layihələrin reallaşdırılması rəsmi Riqanın Bakı ilə əməkdaşlıqda əsas prioritetlərini təşkil edir.

Baltik dənizinin şərq sahilində yerləşən üç buz bağlamayan limanı Aİ-nin şərq hüdudlarındakı dəniz yükdaşımalarının təxminən üçdəbirini təmin edir. Riqa Beynəlxalq Hava Limanı isə Baltikyanı ölkələrin ən böyük aviasiya mərkəzidir. Həmçinin inşa edilən Rail Baltica dəmir yolu xətti Baltikyanı regionunu Mərkəzi və Qərbi Avropa dəmir yolu şəbəkəsinə birləşdirən strateji layihədir.

Ərazisinin yarıdan çoxu meşələrlə örtülü olan Latviya Avropa bazarlarına taxta-şalban, faner, mebel və taxta yanacaq materiallarının əsas ixracatçılarından biridir. Eyni zamanda kənd təsərrüfatı məhsulları (xüsusilə taxıl və emal olunmuş qida) üzrə də mühüm regional ixracatçıdır.

Latviya ümumi enerji istehlakında bərpaolunan enerji mənbələrinin payına görə (50 faizdən yuxarı) Avropa İttifaqında aparıcı mövqelərdən birini tutur və Baltik-Skandinaviya enerji bazarlarının inteqrasiyasında iştirak edir. Şimali Avropa və Aİ bazarları üçün maliyyə texnologiyaları, telekommunikasiya avadanlıqları, proqram təminatı və əczaçılıq məhsulları istehsalı və ixracı ölkə iqtisadiyyatının yüksək əlavə dəyərli sektorlarını formalaşdırır. 

Latviyanın xarici ticarəti əsasən Avropa İttifaqının vahid bazarına, xüsusilə də qonşu Baltikyanı və Skandinaviya ölkələrinə yönəlib. İxrac üzrə əsas tərəfdaş ölkələr Litva, Estoniya, Almaniya, İsveç, Böyük Britaniya və Polşadır. İdxal üzrə başlıca tərəfdaşları isə - Litva, Almaniya, Polşa, Estoniya, Finlandiya və Niderlanddır. Aİ-dən kənar tərəfdaşlar arasında isə Böyük Britaniya, ABŞ və Çin əsas yerləri tutur.

Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik əlaqələr 11 yanvar 1994-cü ildə yaradılmışdır. Azərbaycanın Latviyadakı səfirliyi 2005-ci ildə (Baltikyanı ölkələrdə açılan ilk səfirlik olaraq), Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlamışdır. Müqavilə-hüquq bazasına gəldikdə isə, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 45 sənəd imzalanmışdır (2026-cı ilin aprelində imzalanan son sənədlərlə birlikdə müqavilə bazası daha da genişləndirilmişdir).   

Son illər Latviya-Azərbaycan münasibətləri yüksəksəviyyəli siyasi dialoq, ticarət dövriyyəsinin davamlı artımı və strateji tərəfdaşlığın dərinləşməsi ilə xarakterizə olunur. Bu dövrdə iki ölkə arasında əlaqələr hələ 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin prinsipləri əsasında yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

2025-ci ildə nazirlər və diplomatlar səviyyəsində davam edən təmaslar 2026-cı ildə dövlət başçıları səviyyəsində rəsmi görüşlərlə zirvəyə çatmışdır. Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs 21-22 aprel 2026-cı il tarixlərində Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirilmiş, yekunda iki ölkə başçısının Birgə Bəyanatı qəbul olunmuşdur. Avropa ilə Asiya arasında yükdaşımaların artırılması məqsədilə Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) potensialından birgə istifadə və Baltikyanı limanlarla inteqrasiya əsas müzakirə mövzusu olmuşdur.

Bərpaolunan enerji mənbələri, enerji təhlükəsizliyi, eləcə də işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" və meşə təsərrüfatı sahələrində Latviya təcrübəsinin tətbiqi nəzərdən keçirilmişdir. Prezident Edqars Rinkeviçsin səfər zamanı Bakı Ağ Şəhər layihəsi ilə tanışlığı şəhərsalma və ekoloji bərpa sahəsində əməkdaşlıq marağını gücləndirmişdir.

İki ölkənin parlamentləri arasında dialoqun institusional əsasını hər iki qanunverici orqanda fəaliyyət göstərən dostluq qrupları təşkil edir. Azərbaycan Milli Məclisində Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 2025-ci ilin iyun və 2026-cı ilin mart aylarında Azərbaycan deputatlarının Riqaya işgüzar səfərləri olmuşdur. 2026-cı ilin may ayında Latviya nümayəndə heyətinin Bakıya səfəri və Milli Məclisdə keçirilən görüşlər zamanı əsas müzakirə mövzusu Bakıda keçirilən WUF13 (Ümumdünya Şəhərsalma Forumu) çərçivəsində parlamentlərarası və bələdiyyələrarası əməkdaşlıq məsələsi olmuşdur. 

Latviya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləmiş, Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişafında fəal tərəfdaş kimi çıxış etmişdir. Latviya Seyminin dostluq qrupu Azərbaycana qarşı törədilmiş faciələrin (o cümlədən 20 Yanvar və Xocalı soyqırımı) Riqada anılmasında və beynəlxalq səviyyədə obyektiv informasiyanın yayılmasında fəal iştirak etmişdir.

2025-ci il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 27,8 milyon dollar təşkil etmiş və əvvəlki illə müqayisədə sabit artım qeydə alınmışdır. Bu göstərici 2026-cı ilin yanvar-iyul ayları ərzində 16,1 milyon dollardan çox olmuşdur. Azərbaycanda ticarət, logistika, xidmət və tikinti sahələrində onlarla Latviya kapitallı şirkət qeydiyyatdan keçmiş və hazırda ölkəmizdə fəaliyyət göstərir.

Latviya Azərbaycana əsasən heyvan mənşəli və süd, qida və ərzaq məhsulları, kimya sənayesi, əczaçılıq məhsulları ixrac edir.  

Azərbaycan isə Latviyaya əsasən kənd təsərrüfatı, qida və qeyri-neft sənayesi məhsulları ixrac edir. Digər qeyri-neft məhsulları, müəyyən sənaye və tekstil məhsulları, kağız məmulatları da ixrac siyahısındadır. 

2026-cı il aprelin 22-də Bakıda hər iki ölkə prezidentinin iştirakı ilə biznes-forum təşkil olunmuşdur. Tədbirdə sənaye parklarına investisiya qoyuluşu və birgə müəssisələrin yaradılması imkanları təqdim edilmiş, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin şaxələndirilməsi müzakirə olunmuşdur. Biznes-forum çərçivəsində AZPROMO ilə Latviya Ticarət və Sənaye Palatası arasında, eləcə də "Caspian Energy Club International" MMC ilə Latviyanın enerji və texnologiya sektorunu təmsil edən şirkətlər arasında əməkdaşlıq sənədləri imzalanmışdır.

Həmçinin Hökumətlərarası komissiyanın fəaliyyəti çərçivəsində iki ölkə nümayəndələri arasında görüş keçirilmişdir. 2025-ci ildə Latviya Azərbaycan iqtisadiyyatına 6 milyon 945 min dollar həcmində birbaşa investisiya yönəltmişdir.

Baltik dənizi limanları ilə Xəzər hövzəsi və Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) arasında yükdaşımaların inteqrasiyası və Cənubi Qafqazla Baltik regionunun nəqliyyat əlaqələrinin gücləndirilməsi, bərpaolunan enerji layihələrində təcrübə mübadiləsi, elektron hökumət həlləri, İKT və kibertəhlükəsizlik sahələrində birgə təşəbbüslər məsələsi ön plana çıxarılmışdır.

Təhsil və elm sahəsində əlaqələr mühüm sahələrdən birini təşkil edir. Belə ki, 2026-2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı davam etdirilmiş, azərbaycanlı tələbələrə bakalavriat, magistratura və doktorantura pillələri üzrə Latviya universitetlərində təhsil almaq imkanı yaradılmışdır. 2026-cı ilin rəsmi məlumatlarına əsasən, Latviyanın ali təhsil müəssisələrində 450-dən çox Azərbaycanlı tələbə təhsil alır. Həmçinin Latviya Dövlət Təqaüdü çərçivəsində hər tədris ilində əlavə olaraq 10 Azərbaycanlı tələbə tam və ya qismən dövlət təqaüdü hesabına Latviyada təhsil almaq hüququ qazanır. Azərbaycanlı tələbələrin üstünlük verdiyi ali məktəblər sırasına Riqa Texniki Universiteti, Latviya Universiteti, Riqa Stradinş Universiteti və Turiba Universiteti daxildir.

Qarşılıqlı ədəbi əlaqələr də inkişaf edir. Azərbaycanın klassik və müasir poeziyasının görkəmli nümayəndələrinin əsərləri müxtəlif illərdə Riqada nəşr edilən Şərq və dünya ədəbiyyatı antologiyalarında, eləcə də elmi-ədəbi toplularda latış dilində işıq üzü görmüşdür. Eyni zamanda latviyalı yazıçı və şairlərin də əsərləri Bakıda nəşr edilmişdir. 

İkitərəfli münasibətlərin ümumi strateji xəttinə uyğun olaraq turizm sahəsi humanitar və iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. 2026-cı ilin may ayında Riqa şəhərində keçirilən "TTR Baltic 2026" tədbiri çərçivəsində Azərbaycanın turizm potensialı, sağlamlıq və mədəni turizm marşrutları yerli turizm sənayesi nümayəndələrinə təqdim olunmuşdur.  Latviya vətəndaşları Azərbaycana səfər etmək üçün "ASAN viza" elektron sistemi vasitəsilə cəmi 3 iş günü (və ya təcili qaydada 3 saat) ərzində sadələşdirilmiş elektron viza ala bilirlər. 

Azərbaycan Cənubi Qafqaz regionunda mühüm siyasi və iqtisadi aktor kimi çıxış edərkən, Latviya Avropa İttifaqının üzvü olaraq Şərqi Avropa məkanında strateji mövqeyə malikdir.

Hazırda Latviya və Azərbaycan arasındakı münasibətlər qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanaraq dinamik şəkildə inkişaf edir. Siyasi sahədə beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək və yüksəksəviyyəli dialoq, iqtisadi müstəvidə ticarət dövriyyəsinin artırılması, nəqliyyat-logistika və "yaşıl enerji" sahələrində birgə layihələrlə daha da möhkəmlənir. Eyni zamanda təhsil, turizm və mədəniyyət mübadilələrinin genişlənməsi iki xalq arasındakı tarixi dostluq bağlarını dərinləşdirərək, gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.


Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisdə büdcə zərfinə daxil olan qanun layihələri müzakirə edilir  

11:23
18 Noyabr

COP31-də binalarda enerji səmərəliliyinin artırılmasında bələdiyyələrin rolu mövzusunda müzakirə təşkil olunub  

11:05
18 Noyabr

Vərəm əleyhinə peyvəndin 3-cü faza sınaqlarının nəticəsi 2028-ci ildə məlum olacaq

11:04
18 Noyabr

Ötən gün ölkə ərazisində 52 cinayətin üstü açılıb, axtarışda olan 116 nəfər saxlanılıb

10:58
18 Noyabr

Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub  

10:57
18 Noyabr

Azərbaycan və Gürcüstan enerji sahəsində əməkdaşlığın yeni perspektivlərini nəzərdən keçirib  

10:56
18 Noyabr

Çin və Rusiya liderlərinin görüşü keçirilib

10:55
18 Noyabr

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

10:55
18 Noyabr

ABŞ "qızılcadan azad" statusunu itirib

10:34
18 Noyabr

Ünvanlı dövlət sosial yardım alan ailələrin sayı açıqlanıb

10:33
18 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:32
18 Noyabr

Neft ucuzlaşıb 

10:32
18 Noyabr

Azərbaycan nefti 98 dollara satılır

10:31
18 Noyabr

“Cambridge” Lüğəti ilin sözünü seçib  

10:13
18 Noyabr

Trampa sui-qəsd planı hazırlayan Pakistan vətəndaşı 27,5 il həbs cəzası alıb

09:46
18 Noyabr

UEFA Millətlər Liqası: Danimarka Norveçə, Uels isə Portuqaliyaya məğlub olub

09:43
18 Noyabr

Rutte: NATO ölkələri Ukraynaya silah alınması üçün ABŞ-yə 10 milyard dollardan çox vəsait ödəyib  

09:41
18 Noyabr

Alimlər xroniki iltihabın yaranma mexanizmini araşdırmaq üçün yeni alət hazırlayıblar

09:20
18 Noyabr

Türkiyədə çıxan dərgidə çap edilmiş məqaləsinin qurbanı oldu

09:15
18 Noyabr

Azadlıq carçısı, inqilab şairi

09:10
18 Noyabr

Xalçaçılığa ürəkdən bağlandı, ilmələrlə möcüzələr yaratdı

09:05
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!