18 Noyabr 2026 08:05
371
SİYASƏT
A- A+
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və sosial perspektivlər

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və sosial perspektivlər


Prezident İlham Əliyevin Dublin səfəri Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərinin inkişafı, siyasi dialoqun genişləndirilməsi və qarşılıqlı iqtisadi maraqların uzlaşdırılması baxımından mühüm diplomatik hadisədir. Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması isə iki ölkə arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın daha geniş istiqamətləri əhatə etməsi üçün yeni siyasi çərçivə yaradır.

Bəyannamənin mühüm məqamlarından biri Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinin təsdiqlənməsidir. Eyni zamanda 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə dəstək ifadə olunması regional sülh gündəliyinin ikitərəfli münasibətlərdə də yer tutduğunu göstərir.

Sosial-iqtisadi baxımdan isə sənədin əhəmiyyəti enerji sektorundan kənarda əməkdaşlığın genişləndirilməsi imkanları ilə bağlıdır. Bərpaolunan enerji, nəqliyyat və logistika, Orta dəhliz, investisiyalar, təhsil, süni intellekt və innovasiya sahələri üzrə əməkdaşlıq perspektivləri xüsusi diqqət çəkir. Burada əsas məsələ siyasi razılaşmaların konkret investisiya layihələrinə, yeni iş yerlərinə, müasir texnologiyaların tətbiqinə və insan kapitalının inkişafına çevrilməsidir. 

Bu sənədin perspektivli istiqamətlərindən biri məhz səhiyyə və təbiət elmləri sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Bəyannamədə səhiyyə ayrıca əməkdaşlıq bölməsi kimi göstərilməsə də, təhsil, elmi tədqiqatlar, innovasiya, inkişaf edən texnologiyalar və həyat elmləri sahələrində tərəfdaşlıq nəzərdə tutulur. Bu müddəalar tibbi əməkdaşlığın inkişafı üçün də əlverişli əsas yarada bilər.

Böyük Britaniyanın səhiyyə sisteminin idarə olunması, klinik tədqiqatlar, tibbi təhsil və biotexnologiya sahəsində zəngin təcrübəsi var. Xüsusilə Milli Səhiyyə Xidmətinin - NHS-in fəaliyyət modeli, ilkin səhiyyə xidmətlərinin təşkili, xəstəxanaların idarə edilməsi və tibbi xidmətlərin keyfiyyətinə nəzarət mexanizmləri Azərbaycan üçün təcrübə baxımından faydalı olan istiqamətlərdir.

Azərbaycan səhiyyəsində aparılan struktur və idarəetmə islahatları fonunda Britaniya təcrübəsindən istifadə etməklə xəstəxana menecmentinin təkmilləşdirilməsi, rəqəmsal səhiyyənin inkişafı, süni intellekt əsaslı diaqnostik sistemlərin tətbiqi və tibbi xidmətlərin keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində birgə layihələr həyata keçirilə bilər.

Digər mühüm istiqamət tibb işçilərinin peşəkar hazırlığıdır. Azərbaycan və Britaniya universitetləri, tibb müəssisələri və elmi mərkəzləri arasında birgə təhsil proqramlarının, klinik təcrübə mübadiləsinin və tədqiqat layihələrinin təşkili həkimlərimizin müasir tibbi biliklərə çıxışını genişləndirə bilər. Eyni zamanda onkologiya, kardiologiya, transplantologiya, tibbi genetika və biotexnologiya kimi yüksəktexnologiyalı sahələrdə əməkdaşlıq imkanları araşdırılmalıdır. Fikrimcə, strateji tərəfdaşlığın səhiyyə sahəsində əsas hədəfi yalnız müasir tibbi avadanlıqların alınması deyil, həmin texnologiyaları tətbiq edə bilən milli kadr potensialının və elmi-tədqiqat mühitinin formalaşdırılması olmalıdır. Bu baxımdan, Avropanın inkişaf etmiş səhiyyə sistemləri ilə əməkdaşlıq Azərbaycanın səhiyyə islahatlarına əlavə imkanlar yarada bilər.

Digər mühüm istiqamət əczaçılıq sənayesidir. Azərbaycanda dərman istehsalının inkişaf etdirilməsi yalnız iqtisadi məsələ deyil, həm də ölkənin dərman təhlükəsizliyi və səhiyyə sisteminin dayanıqlığı ilə birbaşa bağlıdır. Avropa şirkətləri ilə texnologiya transferi, birgə istehsal müəssisələrinin yaradılması, beynəlxalq GMP standartlarının tətbiqi və yerli mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq ölkəmizin idxaldan asılılığının mərhələli şəkildə azaldılmasına xidmət edə bilər.  Xüsusi vurğulamaq istərdim ki, dərman istehsalının lokallaşdırılması yalnız istehsal həcmini artırmaq məqsədi daşımamalıdır. Əsas hədəf keyfiyyətli, təhlükəsiz və effektiv dərman vasitələrinin vətəndaşlarımız üçün daha əlçatan olmasıdır. 

Bununla yanaşı, rəqəmsal səhiyyə, teletibb, süni intellektlə dəstəklənən diaqnostika və elektron tibbi məlumat sistemləri üzrə əməkdaşlıq regionlarda yaşayan əhalinin də ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanlarını genişləndirə bilər. Nəticə etibarilə beynəlxalq səhiyyə əməkdaşlığının uğuru onun vətəndaşın sağlamlığına, müalicənin keyfiyyətinə və ailələrin tibbi xərclərinin azalmasına real təsiri ilə ölçülməlidir.

Beynəlxalq əməkdaşlığın əhəmiyyəti yalnız siyasi əlaqələrin genişlənməsi ilə məhdudlaşmır. Onun vətəndaşların gündəlik həyatına, sosial təminatına, məşğulluğuna və sağlamlığına təsiri də mühüm göstəricidir. Avropa ölkələri ilə iqtisadi və texnoloji əməkdaşlığın genişlənməsi Azərbaycana yeni investisiyaların cəlb olunmasına, yüksəkixtisaslı iş yerlərinin yaradılmasına və əmək bazarında rəqabətqabiliyyətli peşələrin inkişafına şərait yarada bilər. Xüsusilə gənclərimizin müasir texnologiyalar, mühəndislik, tibb, süni intellekt və digər innovativ sahələr üzrə təhsil və peşə hazırlığı imkanlarının genişlənməsi uzunmüddətli sosial-iqtisadi inkişaf baxımından əhəmiyyətlidir. 

Dublin səfərinin nəticələrini siyasi, iqtisadi və humanitar istiqamətlər üzrə birlikdə qiymətləndirmək lazımdır. Siyasi baxımdan Avropa liderləri ilə birbaşa dialoq, regional sülh prosesinin müzakirəsi və Azərbaycan-Böyük Britaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində rəsmiləşdirilməsi diqqətçəkən məqamlardır.

İqtisadi baxımdan isə 30 ildən artıq enerji əməkdaşlığı təcrübəsinin yüksək texnologiyalar, innovasiya, bərpaolunan enerji, nəqliyyat və xidmət sektorlarına genişləndirilməsi üçün imkanlar yaranır. 

İmzalanmış bəyannamədə tərəflərin əməkdaşlığın üç əsas istiqaməti üzrə irəliləyişini nəzərdən keçirmək və gələcək prioritetləri müəyyənləşdirmək məqsədilə hər il strateji tərəfdaşlıq görüşü keçirməsi planlaşdırılır. Bu, sənədin icrasının mütəmadi müzakirəsi üçün konkret mexanizmdir. 

Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri beynəlxalq tərəfdaşlıqları yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də insan kapitalının inkişafına xidmət edən mexanizm kimi dəyərləndirməkdir.


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisdə büdcə zərfinə daxil olan qanun layihələri müzakirə edilir  

11:23
18 Noyabr

COP31-də binalarda enerji səmərəliliyinin artırılmasında bələdiyyələrin rolu mövzusunda müzakirə təşkil olunub  

11:05
18 Noyabr

Vərəm əleyhinə peyvəndin 3-cü faza sınaqlarının nəticəsi 2028-ci ildə məlum olacaq

11:04
18 Noyabr

Ötən gün ölkə ərazisində 52 cinayətin üstü açılıb, axtarışda olan 116 nəfər saxlanılıb

10:58
18 Noyabr

Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub  

10:57
18 Noyabr

Azərbaycan və Gürcüstan enerji sahəsində əməkdaşlığın yeni perspektivlərini nəzərdən keçirib  

10:56
18 Noyabr

Çin və Rusiya liderlərinin görüşü keçirilib

10:55
18 Noyabr

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

10:55
18 Noyabr

ABŞ "qızılcadan azad" statusunu itirib

10:34
18 Noyabr

Ünvanlı dövlət sosial yardım alan ailələrin sayı açıqlanıb

10:33
18 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:32
18 Noyabr

Neft ucuzlaşıb 

10:32
18 Noyabr

Azərbaycan nefti 98 dollara satılır

10:31
18 Noyabr

“Cambridge” Lüğəti ilin sözünü seçib  

10:13
18 Noyabr

Trampa sui-qəsd planı hazırlayan Pakistan vətəndaşı 27,5 il həbs cəzası alıb

09:46
18 Noyabr

UEFA Millətlər Liqası: Danimarka Norveçə, Uels isə Portuqaliyaya məğlub olub

09:43
18 Noyabr

Rutte: NATO ölkələri Ukraynaya silah alınması üçün ABŞ-yə 10 milyard dollardan çox vəsait ödəyib  

09:41
18 Noyabr

Alimlər xroniki iltihabın yaranma mexanizmini araşdırmaq üçün yeni alət hazırlayıblar

09:20
18 Noyabr

Türkiyədə çıxan dərgidə çap edilmiş məqaləsinin qurbanı oldu

09:15
18 Noyabr

Azadlıq carçısı, inqilab şairi

09:10
18 Noyabr

Xalçaçılığa ürəkdən bağlandı, ilmələrlə möcüzələr yaratdı

09:05
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!