Süni intellekt qorxuları Kembric Lüğətini 2026-cı ilin mədəni ruhunu ən yaxşı əks etdirən söz üçün XV əsrə qayıtmağa ilhamlandırıb.
Lüğətin ilin sözü olan "İnsan" sadəcə bir geri dönüş deyil, həm də süni intellektin maşınlar və insanlar arasındakı sərhədləri necə qarışdırdığı ilə bağlı müzakirələri əks etdirən bir növ əks reaksiyadır.
Lüğətin leksikoqrafı Kolin Makintoş deyib ki, süni intellekt insan olmaq haqqında danışmağımızı dəyişdirir: “Düşüncəmizi başqasına həvalə etdikdə insanların nələri itirə biləcəyi ilə bağlı qorxular, ən yaxşı riyaziyyatçılardan tutmuş kiçik uşaqların müəllimlərinə qədər süni intellektdən nə dərəcədə asılı olduğumuzu yenidən nəzərdən keçirməyə vadar etdi”.
Latın dilindəki “humanus” sözündən törəyən və 1450-ci illərdən bəri istifadədə olan bu sifət “Cambridge” lüğəti tərəfindən “tanrılardan, heyvanlardan və ya maşınlardan fərqli olaraq, insanların sahib olduğu keyfiyyətlərə, qüsurlara və hisslərə malik olan” kimi tərif edilir.
Lüğətlər adətən yeni bir sözü – bəzən geniş istifadəyə daxil olmuş jarqon ifadəni, yaxud yeni məna qazanmış mövcud bir sözü seçirlər.
Son illərdə süni intellekt müxtəlif lüğətlərin “İlin sözü” seçimlərində mühüm rol oynayıb.
2023-cü ildə “Collins” lüğəti “AI” (süni intellekt) ifadəsini seçmişdi. Həmin il “Cambridge” isə süni intellektin uydurma məlumatlar yaratmaq meylinə istinadən “hallucinate” (hallüsinasiya görmək/yaratmaq) sözünü seçmişdi. Ötən il “Merriam-Webster” süni intellekt tərəfindən yaradılan aşağı keyfiyyətli məzmunu ifadə edən “slop” sözünü ilin sözü elan etdi, “Collins” isə süni intellektin köməyi ilə proqram təminatının hazırlanması üsulunu bildirən “vibe coding” ifadəsini seçdi.
"Süni intellekt bizi insan olmağın nə demək olduğu barədə daha dərindən düşünməyə vadar edir", – deyə süni intellektdən ağıllı şəkildə istifadəni təşviq edən "Microsoft"un həmtəsisçisi Bill Qeyts "Cambridge Dictionary"nin seçimi ilə bağlı şərhində bildirib. O qeyd edib ki, süni intellektin uğuru onun insan həyatını nə dərəcədə yaxşılaşdırması ilə ölçülməlidir.
2026-cı il üçün namizəd olan digər sözlər arasında insan nəzarəti olmadan qərar qəbul edə və fəaliyyət göstərə bilən süni intellekt sistemini ifadə edən "agent", həmçinin internet və ya rəqəmsal texnologiyaları əhatə etməyən təcrübə və ya obyektləri bildirən "analoq" sözləri də var idi.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"