“Yüksəliş” müsabiqəsi iştirakçılarının yarımfinala yüksəlməsi onların bilik, zəhmət və əzmkarlıqlarının nəticəsidir. Müsabiqənin əsas məqsədi ölkənin gələcək idarəçilərinin və peşəkar rəhbər kadrlarının formalaşdırılmasına töhfə verməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı söyləyib.
Xüsusi nümayəndə vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində yeni şəhər və kəndlər salınır, müasir iqtisadiyyat formalaşdırılır. “Böyük Qayıdış” Proqramı yalnız keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını deyil, həm də həmin ərazilərdə iqtisadi, sosial və biznes mühitinin yenidən qurulmasını nəzərdə tutur.
V.Hacıyev bildirib ki, Qubadlı rayonunda yaşayış məntəqələrinin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması istiqamətində işlər davam etdirilir. Kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradıldığını deyən xüsusi nümayəndə Araz və Həkəri çaylarının bölgənin aqrar potensialının reallaşdırılmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, hazırda bölgədə 19 rezident və 3 qeyri-rezident fəaliyyət göstərir, müxtəlif investisiya layihələri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji və yaşıl inkişaf konsepsiyalarına uyğun layihələr icra olunur, dörd su elektrik stansiyası istifadəyə verilib.
Çıxışda bölgənin nəqliyyat-logistika imkanlarından da bəhs edilib. Bildirilib ki, Horadiz–Ağbənd avtomobil və dəmir yolu layihələri, həmçinin Zəngilan Beynəlxalq Hava Limanı Qarabağ və Şərqi Zəngəzurun regional nəqliyyat və iqtisadi mərkəzə çevrilməsinə mühüm töhfə verir.
Sonda Vahid Hacıyev vurğulayıb ki, Azərbaycanın gələcək inkişafında savadlı, təşəbbüskar və məsuliyyətli gənclərin rolu böyükdür və bu baxımdan “Yüksəliş” müsabiqəsi ölkənin insan kapitalının inkişafına mühüm töhfə verir.