Yurdumuza bahar gəlir. Qış yuxusundan oyanan ana torpaq canlanır. Havadan bənövşə ətri duyulur. Baharın hər gəlişi möhtəşəm olur, bayram ovqatı doğurur. Amma bu yaz bir başqa yazdı. Bu yaz daha da xoşdu. Özəlliyi, türfə əlamətləri ilə çox fərqlidir.
Ana təbiət sevimli qızı baharı hər il əziz bayram kimi qarşılayır. Sanki çölə, çəmənə zümrüd xalı sərilir, bağ-bağçalarda ağaclar çiçək açıb al-əlvan rənglərə bürünür, nəğməkar quşların cəh-cəhi ilıq yaz mehinin qanadlarında ətrafa yayılıb, ecazkar bir harmoniya yaradır. Pişvazına toy-bayramla çıxdığımız bu gələn yazın fərqli əks-sədası 30 il isti ocağına, doğma yurduna, isti ev-eşiyinə həsrət qalan soydaşlarımızın gerçəkləşən arzularında daha parlaq və həm də kövrək notlarla duyulur. 30 il Novruz tonqalları ətrafında edilən dualar, səslənən diləklər sonunda gerçəkləşdi.
Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə ordumuz Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Düşmənlərin odlara qalayıb, xarabaya çevirdikləri şəhərlərimizin, kəndlərimizin sinəsini düşmən gülləsinə sipər edib şəhid olan qəhrəman oğullarımızın qisası layiqincə alındı. Qarabağ, Şərqi Zəngəzur əbədi azadlığına qovuşdu. Üstümüzə günəş doğdu. Xalq-Prezident-ordu vəhdəti şanlı zəfərimizin əsas mayası oldu. Eyni anda "Qarabağ Azərbaycandır!" hayqıran milyonların nifrətlə düyünlənmiş dəmir yumruqları düşmənlərimizin başına endi.
Xilaskar adını Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazan Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində son beş ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti bərpa və quruculuq işləri gerçək bir möcüzə effekti doğurur. Dağların qoynunda, çətin relyef şəraitində inşa edilən beynəlxalq statuslu aeroportlar Murov dağını dəlib keçən, uzunluğu 11 kilometrdən çox olan, Avropada ikinci sayılan tunel, Ağdama çəkilən yeni dəmir yolu xətti (indi Ağdama sürət qatarı işləyir), müharibənin xarabalıqları üzərində yüksək zövqlə, müasir üslubda inşa edilən kəndlər, şəhərlər uğurla həyata keçirilən möhtəşəm infrastuktur layihələri, yeni qurulan fabriklər, zavodlar, bu hesaba açılan çoxsaylı yeni iş yerləri Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışın inamlı və uğurlu addımları olaraq qürur doğurur.
Dağlar gözəlinə çevrilən Laçının bugünkü gözəlliyi göz qamaşdırır. Şuşanın hüsnünə tamaşa etmək üçün müxtəlif bölgələrdən hər gün dəstə-dəstə adamlar gəlir. Məhəllə-məhəllə böyüyən Ağdamın tezliklə ölkənin iri sənaye şəhərinə çevriləcəyini indi hamı reallıq kimi qəbul edir. Kəlbəcərdə, Ağdərədə, Füzulidə, Cəbrayılda, Xocalıda, Xocavənddə, Qubadlıda əsl övlad məhəbbətilə görülən işlər könül açır, ürək sevindirir....
Yurdumuza bahar gəlir. Səmənilər göyərdilir, bayram xonçaları tutulur. Qohum-qonşu, dost-tanış xoş təbəssümlə, şirin sözlərlə bayramlaşır, bir-birilərinə ən ülvi arzularını çatdırırlar. Otuzillik həsrətin sinəsinə dağ basıb doğma yurduna dönən əzizlərim, builki Novruz tonqallarını daha gur qalayın, qoy bu ocağın göylərə ucalan alovları hər yerdən görünsün. İllərin ağrı-acısını, qəmini-nisgilini bu müqəddəs ocağın qoynuna töküb yandırın. Durulun, təmizlənin, aydınlaşın, könlünüzü xoş duyğulara verin. Kindən, qəzəbdən, həsəddən uzaq bir dünya qurun. Bir nəğmədə deyildiyi kimi, ovuc içi qədər xoşbəxtlik yetər...
Lazım QULİYEV,
"Azərbaycan"