Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclası keçirilib. Tədbirdə 27 tərəfdaş dövlət, eləcə də 60 qurum və şirkətdən nümayəndələr iştirak edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlığa sadiqlik bir daha vurğulanıb. Bu tərəfdaşlıq əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatını, bərpaolunan enerji mənbələrinin təşviqini, enerji səmərəliliyini, hidrogen istehsalını, metan emissiyalarının azaldılmasını və ətraf mühitin qorunmasını əhatə edir.
Nazirlər iclasları çərçivəsində regional enerji bağlantıları, bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində prioritetlərin və layihələrin nəzərdən keçirilməsi və Aİ şirkətlərinin iştirakı ilə Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya Dəyirmi Masası keçirilib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası dəhlizin Azərbaycan qazını artan sayda istehlakçıya etibarlı və rəqabətli şəkildə çatdıran ötürmə sistemi kimi mühüm rolunu xüsusi vurğulayıb. Regional tərəfdaşlar dəhlizin ardıcıl beşinci ildir uğurla fəaliyyət göstərdiyini qeyd edərək bunun Aİ-nin enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verdiyini bildiriblər. 2025-ci ildə Azərbaycan və SOCAR tərəfindən Aİ-yə üzv dövlətlərə 12,5 milyard kubmetr təbii qaz tədarük edilib ki, bu da 2021-ci illə müqayisədə 53,8 faiz artım deməkdir.
Energetika naziri Pərviz Şahbazov bildirib: “Elektrik enerjisinə artan tələbat fonunda təbii qazın çevik və əsas strateji enerji mənbələrindən biri kimi inkişafının, eləcə də Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı kritik rolun əhəmiyyətini bir daha təsdiqlədik. Azərbaycan etibarlı tərəfdaş missiyasını təkcə təbii qazla deyil, həm də “yaşıl enerji” ilə genişləndirməkdən məmnundur.
Komissar Dan Yorqensen deyib: “Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel olaraq inkişaf edir. Bu gün biz qaz tədarükünün təmin edilməsindən və metan emissiyalarının azaldılmasından elektrik şəbəkələrinin modernləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin genişləndirilməsinə qədər bütün enerji spektri üzrə əməkdaşlığı gücləndirdik. Cənubi Qafqaz ekoloji cəhətdən təmiz texnologiyalar və infrastrukturun inkişafı mərkəzinə çevrilə bilər. Avropa şirkətləri öz texnologiyaları, investisiyaları və təcrübələri ilə töhfə verməyə maraqlıdır”.