07 Oktyabr 2026 14:13
162
SİYASƏT
A- A+
Azərbaycanın yeni mərhələdə yeni hədəfləri  

Azərbaycanın yeni mərhələdə yeni hədəfləri  


Azərbaycanın müasir tarixində elə siyasi hadisələr var ki, onların əhəmiyyəti yalnız keçirildiyi dövrlə məhdudlaşmır. Belə hadisələr həm də ötən dövrün siyasi yekunlarını ortaya qoyur, əldə edilmiş nəticələri qiymətləndirir və qarşıdakı mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da məhz belə mühüm siyasi hadisələrdən biridir.

Milli Məclisin deputatı Azər BADAMOV qəzetimizə açıqlamasında deyib ki, yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqları şəraitində keçirildi. Qurultayın xüsusi əhəmiyyəti həm də onunla bağlıdır ki, bu, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən ilk YAP qurultayıdır. Bu baxımdan VIII Qurultay, ilk növbədə, Azərbaycanın keçdiyi mürəkkəb və şərəfli tarixi yolun nəticələrinə nəzər salmaq, əldə olunan nailiyyətləri qorumaq və yeni dövrün qarşıya qoyduğu vəzifələri müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. “Partiyanın sədri, Prezident İlham Əliyevin qurultayın açılış mərasimində etdiyi geniş nitq də məhz bu baxımdan diqqəti cəlb edir. Dövlət başçısının çıxışında Azərbaycanın son onilliklər ərzində keçdiyi yol, qarşıya qoyulan strateji məqsədlər, onların reallaşdırılması istiqamətində görülən işlər və yeni mərhələdə qarşıda dayanan vəzifələr geniş şəkildə ifadə olundu. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın dövlət müstəqilliyinin ilk illərinin mürəkkəb siyasi şəraitinə təsadüf edirdi. Ölkə ağır sosial-iqtisadi böhranla, siyasi qarşıdurma və idarəçilik problemləri ilə üz-üzə qalmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal edilməsi vəziyyəti daha da ağırlaşdırmışdı. Belə bir tarixi mərhələdə Yeni Azərbaycan Partiyasının yaranması cəmiyyətdə sabitlik, dövlətçilik və milli birlik tələbinin siyasi ifadələrindən biri kimi meydana çıxdı”, – deyə o əlavə edib.

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkənin qarşısında duran əsas məsələlər dövlət idarəçiliyinin möhkəmləndirilməsi, sabitliyin təmin olunması, iqtisadiyyatın dirçəldilməsi və Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsaslarının yaradılması idi. 1993-2003-cü illər ərzində görülən işlər sonrakı inkişaf üçün mühüm siyasi, iqtisadi və institusional baza formalaşdırdı. Atəşkəsin əldə olunması, “Əsrin müqaviləsi”nin imzalanması, Konstitusiyanın qəbul edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, ordu quruculuğu və iqtisadi müstəqilliyin əsaslarının yaradılması Azərbaycanın gələcək inkişafında mühüm rol oynadı.

A.Badamov bildirib ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkənin iqtisadi və hərbi potensialı daha da gücləndirildi. Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi, enerji və nəqliyyat layihələri ölkənin geoiqtisadi əhəmiyyətini artırdı, ordu quruculuğu istiqamətində ardıcıl tədbirlər görüldü: “Bütün bunlar 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri ilə nəticələndi. 2023-cü ildə isə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin bərpa olunması Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcını qoydu. Bu baxımdan VIII Qurultayın siyasi mahiyyəti daha aydın görünür. Əgər əvvəlki qurultaylarda qarşıya qoyulan əsas məqsədlərdən biri ərazi bütövlüyümüzün bərpası idisə, bu gün həmin strateji hədəf artıq reallığa çevrilib. Qarşıda isə yeni vəzifələr dayanır. Azərbaycanın əldə etdiyi tarixi nəticələr yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradır. Ərazi bütövlüyünün və suverenliyin bərpası böyük tarixi nailiyyətdir. Lakin bu nailiyyətlərin qorunması və möhkəmləndirilməsi bundan sonrakı mərhələnin başlıca vəzifələrindən biridir. Müasir dünyanın mürəkkəb geosiyasi mənzərəsi bunu xüsusilə zəruri edir. Dünyanın müxtəlif bölgələrində münaqişələrin davam etdiyi, yeni təhlükəsizlik çağırışlarının meydana çıxdığı bir vaxtda dövlətin müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması mühüm amildir”.

Deputat deyib ki, Azərbaycanın son illərdə formalaşdırdığı hərbi potensialın daha da gücləndirilməsi bu baxımdan strateji əhəmiyyət daşıyır. Güclü ordu dövlətin müstəqilliyinin və suverenliyinin mühüm təminatlarından biridir. Azərbaycan öz təhlükəsizliyini təmin etməklə yanaşı, regionda sülhün və sabitliyin qorunmasına da töhfə vermək imkanına malikdir. Bu gün ölkəmizin əsas məqsədlərindən biri güc amilindən istifadə etməklə, qarşıdurmanı dərinləşdirmək deyil, əksinə, güclü dövlət olaraq sülh və əməkdaşlıq üçün daha əlverişli şərait yaratmaqdır. Yeni dövrün çağırışları yalnız hərbi və siyasi müstəvi ilə məhdudlaşmır. Rəqəmsal texnologiyaların inkişafı informasiya məkanını da dövlət təhlükəsizliyinin mühüm istiqamətlərindən birinə çevirib. Sosial şəbəkələr və rəqəmsal platformalar insanların informasiya əldə etmək imkanlarını genişləndirir. Eyni zamanda, həmin imkanlardan dezinformasiya, manipulyasiya və cəmiyyət daxilində qarşıdurma yaratmaq məqsədilə istifadə edilməsi də mümkündür. Belə şəraitdə Azərbaycanın qarşısında mühüm vəzifələrdən biri informasiya təhlükəsizliyinin gücləndirilməsidir. Cəmiyyətin informasiya savadlılığının artırılması, insanların saxta məlumatı həqiqətdən ayırmaq bacarığının formalaşdırılması və milli maraqlara əsaslanan informasiya siyasətinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bunun yolu isə ilk növbədə təhsildən keçir. Bilikli və savadlı cəmiyyət istənilən informasiya təsirinə daha dayanıqlı olur. Deməli, insan kapitalına qoyulan sərmayə həm də dövlətin uzunmüddətli təhlükəsizliyinə qoyulan sərmayədir.

A.Badamov qeyd edib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurların təməlində iqtisadi müstəqillik mühüm yer tutur: “Güclü iqtisadi baza olmadan müstəqil siyasi kurs həyata keçirmək, müdafiə qabiliyyətini artırmaq, sosial proqramları genişləndirmək və işğaldan azad edilmiş ərazilərin bərpasını sürətləndirmək çətin olardı. Ötən illər ərzində ölkə iqtisadiyyatına böyük həcmdə investisiyaların yatırılması, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycanın iqtisadi imkanlarını genişləndirib. Bu gün qarşıda duran əsas vəzifələrdən biri həmin iqtisadi potensialı yeni reallıqlara uyğun şəkildə daha da inkişaf etdirməkdir. Yaşıl enerji, rəqəmsal iqtisadiyyat, süni intellekt, aqrobiznes, turizm, nəqliyyat-logistika və digər sahələr Azərbaycanın gələcək iqtisadi inkişafının mühüm istiqamətləri sırasında yer alır. Xarici investisiyaların cəlb edilməsi də bu prosesdə mühüm rol oynayır. İnvestor üçün siyasi sabitlik, təhlükəsizlik, iqtisadi dayanıqlılıq və etibarlı tərəfdaşlıq mühiti əsas şərtlərdəndir. Azərbaycanın son illərdə formalaşdırdığı iqtisadi və siyasi sabitlik bu baxımdan ölkənin investisiya imkanlarını genişləndirir”.

Onun sözlərinə görə, iqtisadi inkişafın mühüm nəticələrindən biri də əhalinin sosial rifahının yüksəldilməsidir. Son illərdə həyata keçirilən sosial paketlər, əməkhaqlarının və pensiyaların artırılması, sosial müavinətlərin genişləndirilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Lakin sosial siyasətin davamlı olması üçün güclü iqtisadi baza lazımdır. Bu baxımdan iqtisadi inkişafla sosial rifah bir-birini tamamlayan proseslərdir. İqtisadiyyat böyüdükcə dövlətin sosial imkanları da genişlənir. Qarşıdakı dövrdə də əsas məqsəd yalnız iqtisadi göstəriciləri artırmaq deyil, bu artımın vətəndaşların gündəlik həyatında hiss olunmasını təmin etməkdir.

A.Badamov vurğulayıb ki, Azərbaycanın yeni mərhələsinin ən mühüm istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpasıdır: “Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, yollar və digər infrastruktur obyektləri inşa edilir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı mərhələli şəkildə davam etdirilir. Bu proses Azərbaycanın əldə etdiyi zəfərin mahiyyətini daha aydın göstərir. Müharibədən sonra əsas məqsəd yalnız dağıdılmış əraziləri bərpa etmək deyil, burada müasir və dayanıqlı yaşayış mühiti yaratmaqdır. Qarabağ və Şərqi Zəngəzur qarşıdakı illərdə ölkənin iqtisadi inkişafının yeni mərkəzlərindən birinə çevrilə bilər. Burada kənd təsərrüfatı, turizm, energetika, logistika və digər sahələrin inkişafı üçün böyük imkanlar mövcuddur”.

Deputat bildirib ki, YAP-ın VIII Qurultayı Azərbaycanın artıq tamamilə fərqli reallıqda fəaliyyət göstərdiyini nümayiş etdirir. Əvvəlki dövrdə əsas hədəf ərazi bütövlüyünün və suverenliyin bərpası idisə, bu gün həmin nailiyyətlərin qorunması və Azərbaycanın davamlı inkişafının təmin edilməsi qarşıda duran əsas vəzifələr sırasındadır. Bu vəzifələr yalnız bir siyasi təşkilatın və ya dövlət qurumlarının deyil, bütövlükdə, cəmiyyətin qarşısında dayanır. Dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, ordunun gücləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və informasiya təhlükəsizliyinin təmin olunması ümumi məsuliyyətdir. “VIII Qurultay bu mənada yalnız siyasi təşkilatın növbəti qurultayı deyil, Azərbaycanın yeni tarixi mərhələsinin əsas çağırışlarının müzakirə edildiyi platforma kimi diqqəti cəlb edir. Azərbaycan artıq zəfər qazanmış ölkədir. İndi qarşıda həmin zəfərin nəticələrini qorumaq, suverenliyi daha da möhkəmləndirmək, iqtisadi gücü artırmaq və insanların rifahını yüksəltmək vəzifəsi dayanır. Tarixin bir mərhələsi başa çatıb. Yeni mərhələ isə daha böyük məsuliyyət tələb edir. Bu mərhələnin əsas hədəfi güclü dövlət, dayanıqlı iqtisadiyyat, təhlükəsiz cəmiyyət və firavan vətəndaş konsepsiyasını daha da möhkəmləndirməkdir”, – deyə A.Badamov əlavə edib.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

15:37
07 Oktyabr

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib 

15:33
07 Oktyabr

Öz gücünə söykənən Azərbaycan  

15:19
07 Oktyabr

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

15:14
07 Oktyabr

Ov mövsümü açıq elan edilir

15:13
07 Oktyabr

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək  

15:13
07 Oktyabr

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır  

15:10
07 Oktyabr

Yeni dövrün milli təhlükəsizlik və ideoloji doktrinası  

15:00
07 Oktyabr

Azərbaycan bütün qütblərlə təmasda olan nadir ölkədir  

14:43
07 Oktyabr

Erkən yaşlarda müşahidə olunan xərçəng halları artıb

14:35
07 Oktyabr

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir 

14:34
07 Oktyabr

Tərtərdə pambıq yığımına başlanılıb

14:31
07 Oktyabr

Azərbaycanın yeni mərhələdə yeni hədəfləri  

14:13
07 Oktyabr

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür  

14:01
07 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:51
07 Oktyabr

Kürdəmirin “dəmir atları” üçün yeni dayanacaq

13:37
07 Oktyabr

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

13:24
07 Oktyabr

Bakı–Ağstafa xəttində əlavə qatarlar hərəkətə çıxacaq

13:23
07 Oktyabr

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil  

13:20
07 Oktyabr

Vergi daxilolmaları 13,6 milyard manatı keçdi

13:02
07 Oktyabr

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

12:36
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!