Müasir siyasi tariximizdə proqram xarakterli elə çıxışlar var ki, onların məzmunu konkret tədbirin gündəliyindən kənara çıxaraq böyük bir dövlətçilik baxışını ifadə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı da ölkəmizin qarşıdakı inkişaf mərhələsinin strateji istiqamətlərini müəyyənləşdirmiş oldu.
Bu gün Azərbaycan tarixinin yeni mərhələsini yaşayır. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə ölkəmizin qarşısında dayanan başlıca tarixi vəzifələrdən biri artıq həll olunub. Xalqımızın onilliklər boyu gözlədiyi böyük milli hədəf gerçəkliyə çevrilib. İndi isə əsas məsələ əldə edilmiş tarixi nailiyyətlərin əbədi və dönməz xarakter almasını təmin etmək, dövlətimizin təhlükəsizliyini yeni dünya reallıqları şəraitində daha etibarlı əsaslar üzərində qurmaqdır.
Dövlətimizin rəhbərinin də qeyd etdiyi kimi, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində yalnız işğala son qoymadı, həm də regionda yeni reallıqlar yaratdı və sonrakı dövrdə bu reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinə nail oldu. Məhz bu yeni tarixi reallıq dövlət siyasətinin də yeni mərhələsini şərtləndirir. Belə ki, əgər əvvəlki onilliklərdə milli strategiyanın başlıca məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpası idisə, bu gün qarşıda daha geniş və vacib vəzifə dayanır: tarixi Zəfərimizlə formalaşmış güclü Azərbaycan dövlətini dəyişən dünya nizamının mümkün risklərindən qorumaq və onun gələcək inkişafını təmin etmək. Bu baxımdan Prezident İlham Əliyevin qurultaydakı çıxışının ümumi fəlsəfəsini üç əsas strateji istiqamət üzrə ümumiləşdirmək mümkündür.
Birinci istiqamət: güclü dövlət, güclü ordu və etibarlı milli təhlükəsizlik
Yeni reallıqların Azərbaycan qarşısında qoyduğu əsas zərurətlərdən biri dövlətimizin bundan sonra da hərbi baxımdan daim güclənməsidir. Dünya artıq bir neçə il əvvəlki dünya deyil. Ölkəmizin yaxın coğrafiyasının demək olar ki, bütün istiqamətlərində ciddi geosiyasi qarşıdurmalar müşahidə olunur. Azərbaycanın şimalında da, cənubunda da, Yaxın Şərqdə də müharibələr və münaqişələr davam edir, yeni qarşıdurma ocaqları yaranır, beynəlxalq hüququn effektivliyi isə getdikcə zəifləyir. Belə bir dünyada milli təhlükəsizliyi yalnız beynəlxalq hüquqi mexanizmlərə həvalə etmək mümkün görünmür. Azərbaycanın son otuz ildən artıq müddətdə yaşadığı tarix də bunu təsdiqləyib. Dövlətimiz uzun illər beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünün bərpasını tələb etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri mövcud idi, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınırdı. Lakin həmin hüquqi sənədlərin real icrası yalnız dövlətimizin öz siyasi iradəsi və hərbi gücü nəticəsində mümkün oldu. Bu tarixi təcrübə milli təhlükəsizlik haqqında yeni düşüncə modelinin əsasını təşkil edir: təhlükəsizliyinin əsas təminatçısı ilk növbədə Azərbaycan özü olmalıdır.
Məhz buna görə Prezident İlham Əliyev Azərbaycanın hər zaman mümkün hərbi təxribatlara cavab verməyə hazır olmasının vacibliyini irəli sürür. Dövlətimizin rəhbərinin strateji baxışına görə, Azərbaycan elə bir gücə sahib olmalıdır ki, ölkəmizə qarşı hər hansı təxribat törətmək heç kimin ağlına belə gəlməsin. Burada sülhün güc vasitəsilə ən etibarlı şəkildə təmin edilməsi nəzərdə tutulur. Güclü ordu, müasir silahlanma, etibarlı sərhəd sistemi və yüksək müdafiə qabiliyyəti artıq respublikamızın yeni milli təhlükəsizlik modelinin daimi elementləridir. Bu modelin başlıca prinsipi də sadədir, Azərbaycan heç kimə təhlükə yaratmır, lakin özünə qarşı təhlükənin yaranmasına da imkan verməyəcək. Ölkəmizin təhlükəsizlik konsepsiyasının mahiyyəti məhz çəkindirmə gücünün daim yüksək səviyyədə saxlanılmasından ibarətdir.
Bu baxımdan dövlət büdcəsində hərbi və təhlükəsizlik xərclərinin yenə də prioritet istiqamətlər sırasında olması uzunmüddətli dövlət siyasətinin məntiqi davamıdır. Azərbaycan xalqının bu gün sülh, sabitlik və əmin-amanlıq şəraitində yaşaması özü böyük strateji nailiyyətdir. Prezident İlham Əliyevin çıxışında da bu xüsusilə vurğulanır: müasir dünyada sabit və təhlükəsiz həyat artıq özü böyük sərvətə çevrilib. Deməli, yeni mərhələnin birinci milli vəzifəsi aydındır. Bu vəzifə Zəfəri qorumaqdan, suverenliyi dönməz etməkdən və Azərbaycanın təhlükəsizliyinə qarşı hər hansı təhdidin yaranmasını hələ başlanğıc mərhələdə mümkünsüz etməkdən ibarətdir.
İkinci istiqamət: ideoloji təhlükəsizlik, milli yaddaş və informasiya suverenliyi
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışının ən mühüm və mahiyyət etibarilə yeni istiqamətlərindən biri də ideoloji təhlükəsizlik məsələsinin milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi müəyyənləşdirilməsidir. Azərbaycan liderinin fikirlərində ölkə vətəndaşları olaraq hər birimizin nəzərə almalı olduğumuz çox mühüm bir tezis ifadəsini tapır: ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər əhəmiyyətlidir. Bu da müasir dünyamızın reallıqlarından irəl gəlir. XXI əsrdə dövlətlərə qarşı təhdidlərin xarakteri əsaslı şəkildə dəyişib. Əvvəllər təhlükənin əsas simvolu sərhədi keçən ordu idisə, bu gün ölkələrin siyasi və ictimai sabitliyinə minlərlə kilometr uzaqdan informasiya, sosial şəbəkələr, rəqəmsal platformalar, kiberhücumlar və manipulyativ texnologiyalar vasitəsilə təsir göstərmək mümkündür. Süni intellekt texnologiyalarının sürətli inkişafı bu prosesi daha da mürəkkəbləşdirir.
Sərhədlərin müasir texnologiyalar vasitəsilə qorunması mümkündür, ideoloji risklərsə əsla sərhəd tanımır. İnternet, kiberhücumlar və süni intellekt dünyasında ideoloji təhlükəsizliyin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, əslində, Azərbaycanın milli təhlükəsizlik anlayışına informasiya və ideoloji suverenlik kimi yeni ölçünün əlavə olunmasıdır.
Burada isə diqqətçəkən daha bir mühüm məqam var. Prezident ideoloji təhlükələrlə mübarizənin ilk vasitəsi kimi hər hansı sərt qadağaları, məhdudlaşdırmaları deyil, təhsili və vətənpərvərliyi göstərir. Dövlətimizin rəhbərinin vurğuladığı kimi, xalq nə qədər savadlı və bilikli olarsa, yalanlara, şayiələrə və ideoloji təxribatlara bir o qədər az məruz qalar. Bu yanaşma ideoloji təhlükəsizlik məsələsinə müasir baxışdır. İnformasiya dövründə insanı bütün məlumatlardan təcrid etmək mümkün deyil və buna ehtiyac da yoxdur. Əsas məsələ vətəndaşda informasiyanı qiymətləndirmək, manipulyasiyanı həqiqətdən ayırmaq bacarığı formalaşdırmaqdır. Başqa sözlə, ən güclü ideoloji müdafiə savadlı, məlumatlı, dövlətçilik düşüncəsinə malik vətəndaşla bağlıdır.
Burada tarixi yaddaş da mühüm rol oynayır. Prezident İlham Əliyevin çıxışında XX əsrin sonlarında Azərbaycanın keçdiyi mürəkkəb tarixi yolun gənc nəsillərə çatdırılmasının zəruriliyi xüsusi vurğulanır. Bu, keçmişi sadəcə xatırlamaq çağırışından daha çox tarixi yaddaşın dövlətçilik immuniteti kimi təqdim olunmasıdır. Öz tarixini bilən cəmiyyət hansı proseslərin dövləti zəiflətdiyini, hansı qərarların milli faciələrə səbəb olduğunu və hansı amillərin Azərbaycanı güclü dövlətə çevirdiyini daha aydın dərk edir. Bu mənada yeni ideoloji siyasətin üç mühüm dayağı görünür: tarixi yaddaş, vətənpərvərlik və dövlətçilik düşüncəsi.
Cənab İlham Əliyev çıxışında ideoloji fəaliyyətin özünün də müasirləşdirilməsi vəzifəsini qarşıya qoydu. İdeoloji işdə şablonlardan və formal xarakter daşıyan tədbirlərdən uzaqlaşmağın vaxtının çatdığını bildirdi. Azərbaycanın süni əfsanələr yaratmağa ehtiyacının olmadığını, əsas vəzifənin ölkədəki real prosesləri və həqiqətləri vətəndaşlara düzgün çatdırmaqdan ibarət olduğunu vurğuladı. Bu da, son dərəcə mühüm tezisdir. Yeni dövrün ideoloji siyasəti şüar siyasəti sayılmır, yeni ideoloji siyasət məhz həqiqəti ifadə etməlidir.
Azərbaycanın ərazi bütövlüyünün bərpası, şəhər və kəndlərimizin yenidən qurulması, Qarabağda, Şərqi Zəngəzurda Böyük Qayıdışın həyata keçirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun getdikcə artması, iqtisadi və hərbi gücümüzün möhkəmlənməsi uzun illər ərzində aparılan dövlət siyasətinin real nəticələridir. Yeni ideoloji fəaliyyətin əsas vəzifəsi isə reallığı şişirtmək deyil, onu müasir kommunikasiya vasitələri ilə, inandırıcı və faktlara əsaslanan şəkildə cəmiyyətə təqdim etməkdən ibarət olmalıdır. Beləliklə, Azərbaycanın yeni milli təhlükəsizlik doktrinasında ideoloji dayanıqlılıq dövlətin müdafiə qabiliyyətinin mənəvi və intellektual cəbhəsinə çevrilir.
Üçüncü istiqamət: müstəqil siyasət və milli özünəyetərlilik
Prezident İlham Əliyevin qurultaydakı çıxışından irəli gələn üçüncü böyük strateji istiqamət Azərbaycanın siyasi, iqtisadi və geosiyasi müstəqilliyinin qorunmasıdır. Bu istiqamətin əsas fəlsəfəsi Azərbaycanın heç bir xarici gücün siyasi iradəsindən asılı olmamasıdır. Prezident çıxışında xarici siyasətin elə qurulmasının vacibliyini bildirir ki, heç kim Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməsin. Dövlətimizin rəhbəri həmçinin respublikamızın öz təhlükəsizliyini və inkişafını hansısa xarici himayədarlığa bağlamadığını vurğulayır. Bu yanaşma Azərbaycanın son illərdə formalaşdırdığı xarici siyasət modelinin ideoloji mahiyyətini açır. Ölkəmiz müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq edir, lakin heç bir güc mərkəzinin peykinə çevrilmir. Avropa ilə tərəfdaşlıq edir, Türk dünyasında inteqrasiyanı gücləndirir, İslam dünyasında fəal rol oynayır, Mərkəzi Asiya ilə strateji bağlarını genişləndirir, ABŞ və Çin kimi qlobal güclərlə münasibətlər qurur, lakin bütün bu münasibətlərin əsasında Azərbaycanın milli maraqları dəyişməz prinsip kimi durur.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın müxtəlif siyasi qütblərlə əlaqələr qurmasının nadir təcrübə olduğunu qeyd edir, ölkəmizin heç bir siyasi düşərgəyə qoşulmadığını və gələcəkdə də belə bir niyyətinin olmadığını bildirir. Bu, Azərbaycanın xarici siyasətinin klassik mənada balans siyasətindən də daha geniş məna daşıdığını göstərir. Söhbət hər hansı iki güc arasında seçim aparmaqdan yox, Azərbaycanın özünün ayrıca siyasi subyekt və müstəqil güc mərkəzi kimi çıxış etməsindən gedir. Dövlətimizin rəhbərinin ifadə etdiyi kimi, ərazisi və əhalisi baxımından böyük olmayan dövlətin dünya miqyasında müstəqil amil kimi dayanması və hörmət qazanması asan deyil, Azərbaycansa məhz belə bir mövqe formalaşdırmağı bacarıb. Bunun arxasında isə yalnız diplomatiya dayanmır, müstəqil xarici siyasətin iqtisadi dayaqları da mütləq olmalıdır.
Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf kursu dövlətimiz üçün bu zəruri dayaqları formalaşdırıb. Bu, Azərbaycanın təhlükəsizlik fəlsəfəsinin fundamental formuludur. Ölkəmizin siyasi müstəqilliyi ilə iqtisadi müstəqilliyi bir-birini tamamlayır. İqtisadi müstəqillik isə maliyyə dayanıqlılığı, enerji təhlükəsizliyi, strateji infrastrukturlar və diversifikasiya olunmuş beynəlxalq əlaqələr tələb edir. Məhz bu amili nəzərə alaraq Prezidentin çıxışında xarici borcun aşağı səviyyəsi və Azərbaycanın böyük valyuta ehtiyatlarının olması xüsusi vurğulanır.
Enerji məsələləri də eyni strateji məntiqin tərkib hissəsidir. Azərbaycan bu gün neft, təbii qaz, elektrik enerjisi, neft məhsulları və digər enerji əsaslı məhsullar istehsal və ixrac edən dövlət kimi regionda və daha geniş coğrafiyada mühüm mövqeyə malikdir.
Prezident İlham Əliyevin çıxışında enerji təhlükəsizliyinin birbaşa milli təhlükəsizliklə əlaqələndirilməsi xüsusilə diqqətəlayiqdir. Dövlətimizin başçısı Azərbaycanın enerji resursları ilə zəngin olmasının ölkəmizi ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevirdiyini bildirir. Buna nəqliyyat imkanları da əlavə olunur.
Orta Dəhlizin, Şimal-Cənub marşrutunun və digər beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı Azərbaycanın tranzit gəlirlərini artırmaqla bərabər ölkəmizin Avropa ilə Asiya arasında strateji əhəmiyyətini də yüksəldir. Beləliklə, enerji və nəqliyyat coğrafiyası Azərbaycanın siyasi müstəqilliyinin əlavə təminatına çevrilir. Bu mənzərə belə bir reallığı aydın şəkildə göstərir ki, Azərbaycan dünya üçün nə qədər güvənli tərəfdaşdırsa, onun strateji çəkisi də bir o qədər böyükdür.
Ölkəmiz artıq yeni dünya nizamında gələcək onilliklərin çağırışlarına hazırlaşan, təhlükəsizliyini çoxşaxəli şəkildə quran və öz inkişaf modelini özü müəyyən edən dövlətdir. Tarixi Zəfərimizlə başa çatmış tarixi dönəm Azərbaycan qarşısında yeni üfüqlər açıb. İndi əsas vəzifə qazanılmış Zəfərin siyasi, hərbi, iqtisadi və ideoloji nəticələrini uzunmüddətli dövlət gücünə çevirməkdir. Cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı məhz bu yeni mərhələnin siyasi-ideoloji konturlarını müəyyənləşdirir və Azərbaycanın postmünaqişə dövrü üçün milli təhlükəsizlik fəlsəfəsinin əsas istiqamətlərini ortaya qoyaraq dövlətimizin, cəmiyyətimizin gələcək inkişaf yolunu aydınladır.
İradə ƏLİYEVA,
“Azərbaycan”