Müasir dünyada baş verən geosiyasi dəyişikliklər, hərbi-siyasi böhranlar və güclər nisbətinin sürətlə dəyişməsi fonunda hər bir dövlətdən çevik, eyni zamanda milli maraqlara söykənən prinsipial xarici siyasət kursu tələb olunur. Bu mənada Azərbaycan yalnız regional müstəvidə lider dövlət statusunu möhkəmləndirməklə kifayətlənməyib, həm də qlobal miqyasda öz sözü, çəkisi və nüfuzu olan müstəqil, çoxşaxəli və ləyaqətli diplomatik model formalaşdırmağa müvəffəq olub. Ölkəmizin yürütdüyü xarici siyasət, eyni zamanda beynəlxalq aləmdə sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Ehtiramla qarşılanan siyasət
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın xarici siyasətlə bağlı addımları dünyada böyük təqdirlə qarşılanır: “Nüfuzumuz artır. Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu bir nadir təcrübədir”.
Dövlətimizin başçısının bu fikirləri Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük siyasi nailiyyətlərin, qlobal güclər arasında oynadığı birləşdirici və balanslaşdırılmış rolun, eləcə də gələcək geosiyasi prioritetlərin bariz xülasəsidir.
Müasir beynəlxalq münasibətlər sistemində bir çox dövlətlərin müxtəlif hərbi-siyasi düşərgələrə sığınmağa çalışdığı bir şəraitdə, Azərbaycan öz suverenliyini və müstəqil siyasətini qoruyub saxlayan nadir ölkələrdəndir. Dövlət başçısı çıxışında bu reallığı xüsusi vurğuladı: “Biz isə heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq, bu bizə lazım deyil. Ərazisi və əhalisi o qədər də böyük olmayan ölkə üçün müstəqil bir amil kimi dünya miqyasında dayanmaq və hörmət qazanmaq, əlbəttə ki, asan deyil. Bunun bir çox səbəbləri var, bu barədə çox danışmaq istəməzdim. Sadəcə olaraq, bundan sonra da vəzifələr sırasında xarici siyasətimizin müdafiəyönümlü yox, həm aktiv, daha çox fəalyönümlü olması lazımdır”.
Bu gün hətta bir-birinə düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər. O cümlədən Azərbaycanda müəyyən beynəlxalq risklərin azaldılması üçün görüşlər, tədbirlər keçirilir. Azərbaycanın müxtəlif geopolitik qütblər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsi təsadüfi deyil. Bütün bunlar məhz ölkəmizə olan böyük inamın və verdiyi vədlərə sadiqliyinin nəticəsidir.
Beynəlxalq siyasətdə şəxsi etimad və nüfuz çətin əldə edilir. Prezident İlham Əliyev müasir dünyada sözü imzası qədər kəsərli olan, prinsiplərindən geri çəkilməyən və vədlərinə sadiq qalan lider imici formalaşdırıb. Dünya liderlərinin Azərbaycan Prezidenti haqqında səsləndirdiyi yüksək fikirlər də bu etimadın əyani göstəricisidir. ABŞ lideri Donald Tramp, “Siz güclü və ağıllı insansınız” ifadəsi ilə Prezident İlham Əliyevin şəxsi məziyyətlərini və sülh prosesindəki rolunu yüksək qiymətləndirib.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Çinin Tiencin şəhərindəki görüşdə Prezident İlham Əliyevi “mənim əziz dostum” deyərək salamlamaqla, Pekinin Bakı ilə strateji münasibətlərə və Azərbaycan liderinin şəxsiyyətinə verdiyi ali dəyəri göstərib.
Bəli, heç şübhəsiz, Bakının balanslaşdırılmış siyasətinin zirvə nöqtəsi dünyanın iki əsas güc mərkəzi olan ABŞ və Çin ilə eyni vaxtda strateji tərəfdaşlıq münasibətləri qurmasıdır. Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq bəyannamələri olan Bakı, eyni zamanda qlobal geostrateji arenada əsas oyunçularla dialoq aparır.
Qurultaydakı nitqində Prezident İlham Əliyev bu mühüm məqamla bağlı dedi: “Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. O da həqiqətdir, bu ölkələr arasında təbii ki, məsələlər müzakirə edilir və müəyyən rəqabət də var. Bu ölkələrin vahid anlaşma əsasında qaydaların müəyyən edilməsi bütün dünya üçün çox önəmli amil ola bilər. Bax, bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır”.
Beynəlxalq təşkilatlardakı liderlik
Azərbaycanın xarici siyasətinin aktiv xarakter daşıması onun beynəlxalq platformalardakı fəaliyyətində özünü aydın göstərir. BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik etməsi, həmçinin Cənubi Qafqazda yerləşməsinə baxmayaraq Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv seçilməsi ölkəmizin mühüm diplomatik nailiyyətidir.
Bundan əlavə, 30 il ərzində tərkibi genişlənməyən D-8 təşkilatına yeganə yeni üzv kimi Azərbaycanın qəbul edilməsi və İslam Əməkdaşlıq Təşkilatında birləşdirici rol oynaması ölkəmizin islam dünyasındakı xüsusi rolunu nümayiş etdirir.
Dövlətimizin başçısı qurultayda bəyan etdi ki, artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir: “Nəyi deyiriksə, onun üstündə dururuq. Heç vaxt ikibaşlı oyun oynamamışıq. Heç vaxt hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməmişik. Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik, bu gün də üzləşirik. Amma biz heç vaxt onlar kimi ola bilmərik. Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq”.
Göründüyü kimi, hər hansı ölkənin beynəlxalq aləmdə hörmət qazanmaq üçün mütləq böyük əraziyə, milyardlarla əhaliyə və ya nəhəng hərbi arsenala sahib olması şərt deyil. Əsas məsələ, tutduğun düzgün yoldan dönməmək, siyasi vəziyyətə görə mövqe dəyişməmək və verdiyin vədə sadıq qalmaqdır.
Azərbaycan məhz bu sadə, amma riayət olunması çətin qaydanı xarici siyasətinin təməl prinsipinə çevirə bilib. Dünya siyasətində ikili standartların, pərdəarxası oyunların tüğyan etdiyi bir vaxtda Bakının açıq, səmimi və ləyaqətli davranması ölkəmizi həm Qərb, həm Şərq, həm də bir-biri ilə barışmaz mövqedə duran supergüclər üçün arzulanan, etibarlı tərəfdaşa çevirib.
Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan bundan sonra da heç kimin diktəsi ilə hərəkət etməyəcək, heç bir düşərgənin tərkib hissəsi olmayacaq. Ölkəmiz müstəqil siyasi xəttini qoruyaraq, həm milli maraqlarını qətiyyətlə müdafiə edəcək, həm də qlobal miqyasda barışdırıcı, birləşdirici və nüfuzlu dövlət kimi addımlamaqda davam edəcək.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”