07 Noyabr 2026 08:30
427
SİYASƏT
A- A+
Böyük Zəfərin əbədi təntənəsi

Böyük Zəfərin əbədi təntənəsi


O gün Azərbaycan xalqının yaddaşına, sadəcə, qələbə xəbəri ilə deyil, həm də milli qürurun, sarsılmaz iradənin, Vətən sevgisinin, haqq və ədalət uğrunda mübarizənin rəmzi, bütöv bir xalqın birləşib qazandığı Zəfər günü kimi həkk olundu. 2020-ci il noyabrın 8-də - Vətən müharibəsinin 44-cü günündə Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etməsi ilə xalqımızın 30 ilə yaxın davam edən yurd həsrətinə son qoyulacağına, tarixi ədalətin bərpa olunacağına və bayrağımızın Qarabağın hər guşəsində dalğalanacağına inamı gerçəyə çevrildi.  8 Noyabr - Zəfər Günü 30 ilə yaxın davam edən yurd həsrətinin sona çatmasının, milli birliyimizin və dövlətimizin qüdrətinin təntənəsi oldu.

Zəfər Gününə aparan yol uzun, ağrılı, məşəqqətli idi. Bu yolun başlanğıcında doğma yurdlarından didərgin salınmış insanların göz yaşları, dağıdılmış evlərin, söndürülmüş ocaqların tüstüsü, şəhid analarının fəryadı, Vətən torpağını son nəfəsinədək qoruyan igidlərimizin rahatsız ruhları vardı.

Bir vaxtlar Qarabağın, Şərqi Zəngəzurun səfalı guşələrində qurulan ailələr, uşaq səsləri ilə canlanan evlər, bərəkətli süfrələr, saf bulaqlar, yaşıl meşələr uzun illər düşmən tapdağı altında qalmışdı. Qədim Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşayan soydaşlarımızın arzuları yarımçıq qalmış, minlərlə ailənin taleyinə ağır köçkünlük həyatı yazılmışdı.

Vətən torpaqları həsrətli, yurd nisgilli illərimiz uzun sürdü. Ancaq Azərbaycan xalqı heç zaman Qarabağa və Şərqi Zəngəzura qayıtmaq inamını itirmədi. Məcburi köçkün adının ağırlığından əziyyət çəkən, yorulan soydaşlarımız bir gün yenidən ata-baba ocağının qapısını açmaq, uşaqlıq xatirələrinin yaşadığı küçələrdən keçmək, doğma yerlərin havasını udmaq, illərlə həsrətində olduqları Vətənə qovuşmaq ümidi ilə günü-günə caladılar. Çünki onlar üçün yurd keçmişi, bu günü, gələcəyi, nəsillərdən-nəsillərə ötürülən mənəvi mirasları idi.

Torpaqlarımızın işğalı xalqımızın yaddaşında sağalmaz yaraya çevrilmişdi. Birinci Qarabağ müharibəsində minlərlə soydaşımız şəhid olmuş, əsir və girov götürülmüş, doğma ev-eşiyindən didərgin düşmüşdü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı isə insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi tarixə yazılmışdı. Günahsız insanların, körpələrin, qadınların, qocaların amansızlıqla qətlə yetirilməsi xalqımızın yaddaşında heç zaman silinməyəcək faciə idi.

1994-cü ildə atəşkəs elan edilsə də, müharibənin ağrıları bitməmişdi. Ermənistan təcavüzkar siyasətini davam etdirirdi. İşğalçı ölkənin silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri, yaşayış yerləri intensiv olaraq atəşə tutulur, əsgər və zabitlərimiz, mülki vətəndaşlarımız şəhid olurdular.

30 ilə yaxın müddətdə Azərbaycan dövləti münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə çalışdı. Dünyanın nüfuzlu təşkilatlarının qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınsa da, bu qərarların icrası təmin olunmurdı. İşğalçı dövlətə öz cinayətlərinə görə layiqli yeri  göstərilmirdi. Yenə də Qarabağın, Şərqi Zəngəzurun şəhər və kəndləri viran qoyulur, tarixi-mədəni abidələrimiz dağıdılır, təbii sərvətlərimiz talan edilirdi.

Bütün bunlara baxmayaraq, Azərbaycan xalqının iradəsi sarsılmadı. Dövlətimiz gücləndi, ordumuz müasirləşdi, hərbi qüdrətimiz artdı. Ən başlıcası isə xalqımızın qəlbində haqqın və ədalətin bir gün mütləq qalib gələcəyinə inam yaşadı. Prezident, Ali Baş Komandan İlham Əliyev beynəlxalq tribunalardan, ən yüksək kürsülərdən Azərbaycanın mövqeyini qətiyyətlə ifadə edirdi. Torpaqlarımızın işğalı ilə heç zaman barışmayacağımız, ərazi bütövlüyümüzün bərpa ediləcəyi bəyan olunurdu.

Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı Vətən müharibəsinin başlaması ilə nəticələndi. Başqa yol qalmamışdı. Azərbaycan Ordusu Vətənin müdafiəsinə qalxdı. O gün Azərbaycanın hər yerində bir həyəcan, bir intizar, bir inam vardı. İnsanlar televiziya ekranları qarşısında dövlət başçısının müraciətini dinləyir, cəbhədən gələn xəbərləri səbirsizliklə gözləyirdilər. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycanın haqq işinə inamı hər kəsə güc verirdi. Onun səsləndirdiyi fikirlər xalqın qəlbindəki duyğuların ifadəsinə çevrilirdi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Azərbaycanın müxtəlif bölgələrindən minlərlə gənc Vətənin müdafiəsinə yollandı. Onların hər birinin qəlbində torpaqlarımızı işğaldan azad etmək, bayrağımızı Qarabağın, Şərqi Zəngəzurun hər guşəsində dalğalandırmaq, xalqımızın yurd həsrətinə son qoymaq arzusu, amalı, məqsədi vardı. O gənclərin əksəriyyəti ömrünün bahar çağlarındaydı. Gələcəkləri ilə bağlı arzuları sonsuz idi. Ancaq Vətənin taleyi həll olunan məqamda heç biri şəxsi arzularını düşünmədi. Çünki onlar üçün ən böyük xoşbəxtlik Azərbaycanın bütövlüyünü görmək, işğal altında qalmış torpaqlarımızın azadlığına şahid olmaq idi.

Əsgər və zabitlərimiz döyüş meydanında yalnız Azərbaycanın hərbi qüdrətini deyil, mənəvi gücünü də nümayiş etdirdilər. Vətən sevgisinin, torpağa bağlılığın, milli qürurun necə böyük qüvvəyə çevrilə biləcəyini bütün dünyaya göstərdilər. Müasir silahlarla təchiz edilmiş peşəkar Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə irəliləyərək düşmənin uzun illər ərzində yaratdığı, alınmaz hesab etdiyi sədləri yarıb keçdi. Bir-birinin ardınca kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz işğaldan azad edildi.

Hər azad edilən yaşayış məntəqəsi xalqımızın qəlbində yeni bir ümid çırağı yandırırdı. Cəbhədən gələn xoş xəbərlər ailələrə sevinc gətirir, insanlarımızın qələbəyə inamını artırırdı. Hər gün Azərbaycan tarixinə yeni bir qəhrəmanlıq səhifəsi yazılırdı. Bu səhifələrdə igid əsgərlərimizin qanı, şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı vardı.

Və nəhayət, noyabrın 8-də bütün Azərbaycanın ürəyini riqqətə gətirən tarixi xəbər yayıldı. Azərbaycan xalqının ruhunu, mədəniyyətini, milli kimliyini özündə yaşadan müqəddəs şəhər, Qarabağın tacı, musiqimizin, incəsənətimizin beşiyi Şuşa işğaldan azad edilmişdi.

Hələ Vətən müharibəsinin davam etdiyi günlərdə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualına cavabı belə olmuşdu: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".

Noyabrın 8-də Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunması müjdəsini xalqa Şəhidlər xiyabanından çatdırdı: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" Bu xoş xəbər bütün ölkəni Zəfər qüruruna, bayram sevincinə bürüdü. Bu qələbə Azərbaycan əsgər və zabitlərinin misilsiz cəsarətinin, döyüş ruhunun, Vətənə sonsuz sevgisinin təcəssümü idi. Onlar tarixə yalnız hərbi qələbə deyil, həm də əsl qəhrəmanlıq nümunəsi yazmışdılar.

44 gün davam edən Vətən müharibəsi 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiyası ilə nəticələnən üçtərəfli Bəyanatın imzalanması ilə başa çatdı. Azərbaycan xalqı uzun illərdən bəri gözlədiyi tarixi qələbəyə qovuşdu. 30 ilə yaxın davam edən işğalın sona çatması, torpaqlarımızın böyük hissəsinin azad edilməsi milli tariximizin ən şanlı hadisələrindən biri oldu.

Bu Zəfər ilk növbədə şəhidlərimizin qanı bahasına qazanıldı. Onların hər biri bu torpağın azadlığı uğrunda həyatını fəda etdi. Bu gün Qarabağın hər qarışında onların müqəddəs xatirəsi yaşayır. Şəhidlərimizin anaları, ataları, övladları və doğmaları üçün qələbənin sevinci ilə yanaşı, heç zaman səngiməyəcək bir həsrət var. Biz Zəfər Gününü qeyd edərkən həmin müqəddəs həsrəti, Vətən uğrunda canından keçənlərin əziz xatirəsini də ürəyimizdə yaşadırıq.

Qələbəmiz şəhidlərimizin bizə əmanətidir. Onların qanı ilə azad edilmiş torpaqlarda bu gün həyat yenidən canlanır. Xarabalığa çevrilmiş şəhər və kəndlərimizdə quruculuq işləri aparılır, o cümlədən yollar çəkilir, məktəblər, yaşayış evləri, sosial obyektlər inşa edilir. "Böyük qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərimiz doğma yurdlarına dönürlər. İllər boyu başqa ünvanlarda yaşayan soydaşlarımız öz ata-baba torpaqlarında yeni həyat qururlar.

Bu gün biz qalib xalqın nümayəndələri kimi başımızı dik tuturuq. Çünki Azərbaycan xalqı ən ağır sınaqlardan keçərək öz iradəsini, mübarizə əzmini qoruyub saxlamışdı. Biz heç zaman torpaqlarımızın işğalı ilə barışmamış, haqqımızdan dönməmiş, ədalətin bərpasına inamımızı itirməmişdik.

8 Noyabr - Zəfər Günü Vətənə sədaqətin, milli həmrəyliyin, şəhidlərimizin müqəddəs amalının, Azərbaycan dövlətinin qüdrətinin rəmzidir. Bu gün bayrağımızın Qarabağda, Şərqi Zəngəzurda, Azərbaycanın bütün guşələrində qürurla dalğalanması hər birimizə böyük fəxarət yaşadır.

Qarabağ artıq həsrətimizin deyil, qürurumuzun ünvanıdır. Şuşa azadlıq nəğməmizin, Xankəndi suverenliyimizin, azad edilmiş bütün torpaqlarımız milli birliyimizin rəmzidir. Bu torpaqlarda tikilən hər ev, açılan hər məktəb, salınan hər bağ, ucaldılan hər bayraq Zəfərimizin davamıdır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

11:40
07 Noyabr

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

11:31
07 Noyabr

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

11:27
07 Noyabr

Şuşanın azad edilməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli birliyinin təntənəsidir

10:41
07 Noyabr

Bilmək istəyirəm

09:40
07 Noyabr

Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir

09:35
07 Noyabr

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib  

09:32
07 Noyabr

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub  

09:30
07 Noyabr

Torpağımızın göz yaşı Zəfərlə silindi

09:30
07 Noyabr

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar  

09:29
07 Noyabr

"Nida qoyulan tarix"

09:25
07 Noyabr

"Zəfərdən doğan işıq" adlı tədbir keçirilib

09:20
07 Noyabr

Neft sənayesinin inkişafında əvəzsiz rolu olmuşdur

09:15
07 Noyabr

Həm əfsanə, həm həqiqət

09:10
07 Noyabr

Zəfər davam edir

09:05
07 Noyabr

Qalib dövlətin sülh qətiyyəti

09:00
07 Noyabr

Milli birliyin, Vətən sevgisinin və tarixi qürurun təcəssümü

08:55
07 Noyabr

Azərbaycanın tarixi təcrübəsi - dondurulmuş münaqişədən tam qələbəyə 

08:50
07 Noyabr

ZƏFƏR gündəliyi

08:45
07 Noyabr

Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir

08:40
07 Noyabr

Zəfərin Xankəndi imzası

08:35
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!