2017-ci ilin 6 ayı ərzində qeyri-neft ixracı 738 milyon dollar təşkil edib
Ötən ildən etibarən Azərbaycanda həyata keçirilən yeni iqtisadi islahatların əsas istiqamətləri iqtisadiyyatın şaxələndirilməsini və investisiya qoyuluşunu sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək ölkəmizin ixrac imkanlarını genişləndirməkdir. Məlum olduğu kimi, ötən il ərzində Prezident İlham Əliyev tərəfindən bu sahədə bir neçə sərəncam imzalanmışdı.
Ölkə rəhbərinin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamı, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il tarixli fərmanı və digər hüquqi sənədlər göstərdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında yeni mərhələ başlayır. Sərəncamlara əsasən, qeyri-neft sektorunda istehsalın və ixracın stimullaşdırılması kimi mühüm tədbirlər həyata keçirildi, iş adamlarına vergi və gömrük güzəştləri tətbiq olundu. Azərbaycan məhsullarının xarici ölkələrdə tanıdılması üçün ixrac missiyalarının həyata keçirilməsinə başlanıldı. Son nəticədə bütün bunlar qeyri neft sektorunun inkişafına və qarşıdan gələn dövrdə yeni iqtisadi uğurların əldə edilməsinə yol açdı. Həyata keçirilən islahatların ilkin işartıları hələ bu ilin ilk aylarından özünü göstərməyə başlamışdı. İlin ortalarında isə qeyri-neft sektorunun göstəriciləri daha ürəkaçandır. Bu onu göstərir ki, islahatlar real nəticə verir və hazırda Azərbaycanda qeyri-neft sektoru özünün yeni inkişaf dövrünü yaşayır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə deyib: “Altı ayın göstəriciləri məni çox qane edir. Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz. Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir”.
2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat və ya əhalinin hər nəfərinə 3224,6 manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir. Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər ölkə başçısının qeyd etdiyi kimi əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artmışdır. Ümumi daxili məhsulun 13195,2 milyon manatı sənaye, 3414,6 milyon manatı ticarət, 2536,8 milyon manatı tikinti, 2249,6 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 1559,9 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 846,6 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 548,4 milyon manatı informasiya və rabitə sahələrində, 4711,7 milyon manatı digər sahələrdə istehsal edilmişdir.
Əsas vəzifələrdən biri də qeyri-neft sektorunun inkişafı ilə yanaşı, bu sahədə ixracın genişləndirilməsidir. Stimullaşdırıcı tədbirlər nəticəsində Azərbaycanda qeyri-neft ixracında da dinamik artım müşahidə olunmaqdadır. 2017-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 738 milyon ABŞ dolları olub və ixrac əməliyyatlarında 1157 subyekt iştirak edib. Beləliklə, 2016-cı ilin ilk 6 ayına nisbətən 2017-ci ilin müvafiq dövründə qeyri-neft sektoru üzrə ixrac 27 faiz artıb. 6 aylıq məlumatların təhlilindən aydın olur ki, qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor (tomat) (121 milyon ABŞ dolları), ikinci yeri qızıl (50,9 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi polietilen (48,4 milyon ABŞ dolları) tutur. Məlumatların təhlili göstərir ki, bu ilin 6 ayında xüsusən kənd təsərrüfatı və emal məhsullarının ixracında ciddi artım var. Təkcə 2017-ci ilin iyun ayında qeyri-neft sektoru üzrə 421 subyekt tərəfindən 181 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib. 2017-ci ilin may ayı ilə müqayisədə iyunda qeyri-neft sektoru üzrə ixrac 21 faiz artıb. İyun ayı üzrə ixrac olunan əsas mallar pomidor, qızıl, albalı, kartof, şəkər və sairədir.
Bu ilin birinci yarısında qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan qərarlaşıb. Belə ki, bu ilin 6 ayı ərzində Rusiyaya 274, Türkiyəyə 144, Gürcüstana 68, İsveçrəyə 67 və Türkmənistana 33 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2017-ci ilin 6 ayı ərzində “azexport.az” portalına dünyanın 50 ölkəsindən 192,7 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Portala iyun ayında daxil olan ixrac sifarişlərinin dəyəri may ayı ilə müqayisədə 3,2 dəfə çoxdur. Belə ki, 2017-ci ilin yanvar ayında 48, fevralda 6,5, martda 27, apreldə 29,9, mayda 19, iyunda isə 62,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri gəlib.
Ümumilikdə götürdükdə 2017-ci ilin 6 ayı ərzində “azexport.az” portalına ən çox sifariş Rusiya Federasiyasından daxil olub. Daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (19,4 faiz), Ukrayna (8,5 faiz), Türkiyə (6,5 faiz), Səudiyyə Ərəbistanı (5,5 faiz) və ABŞ-ın (4,5 faiz) adı var. 2017-ci ilin iyun ayında ilk dəfə portala İsveç, Maldiv adaları, Kolumbiya, Əfqanıstan, Seneqal kimi ölkələrdən də sifarişlər daxil olub.
İyun ayında Azərbaycanın qida məhsulları ilə əsas maraqlanan ölkələrdən biri isə Qətər olmuşdur. Bu ölkənin qida məhsulları idxal edən 6 şirkətinə müvafiq məlumatlar təqdim edilmişdir. İyun ayında sifariş edilən məhsullar üzrə rəqəmləri təhlil etdikdə aydın olur ki, mahlıca, pambıq yağına, pomidora, şəraba, nar şirəsinə, albalı şirəsinə, badımcana, biyan kökünə, fındıq ləpəsinə, almaya, yerkökünə, pambıq toxumuna, tibbi tənzifə, qənnadı məhsullarına sifarişlər üstünlük təşkil edir. Bu məhsullar içərisində mahlıca, pomidora, yerkökünə, badımcana, fındıq ləpəsinə, almaya daxil olan sifarişlərin dəyəri milyon ABŞ dollarından çox olmuşdur.
Təbii ki, qeyri-neft ixracının çoxalmasında “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı həyata keçirilən ixrac missiyaları da böyük rol oynayır. İndiyədək “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Honq Konq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana 8 ixrac missiyası həyata keçirilmişdir. Bunun nəticəsi olaraq Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, Oman və Malayziyaya alma və nar şirəsi, Qazaxıstana sənaye boyası ixrac olunmuşdur.
Həmçinin çay və narın Almaniyaya, nar şirəsinin İsveçə ixracı, Qətərdə park mebelinin təşviqi, distribusiyası və satışına dair müqavilə imzalanmış, Əfqanıstana quru süd, mebel və süd məhsullarının, nar şirəsi, qənnadı məhsulları, fitinq və polietilen borular, metal konstruksiyaların və digər tikinti materiallarının, Qətərə ət, nar şirəsi və Naftalan neftindən kosmetoloji və tibbi məhsulların ixracı, Qazaxıstana kosmetoloji və tibbi məhsullar və meyvənin ixracına dair ilkin razılaşmalar əldə edilmiş, Pakistana mebel, pambıq çiyidi, nar, şokolad məhsulları, konservləşdirilmiş pomidor, göbələk üzrə sifarişlər qəbul olunmuşdur.
Bütün bunlar göstərir ki, Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar artıq müsbət nəticələr verir. Qeyri-neft məhsullarının xaricə daha böyük həcmdə ixracı dolayısı ilə ölkəmizdə qeyri-neft sektoru istehsalının artdığını təsdiq edir.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”