Ölkəmizin dünya səviyyəli idmançılara malik olması uzunmüddətli strategiyanın nəticəsidir
31 iyul Azərbaycan idman tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qalıb. 1997-ci il iyulun 31-də İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçildi və həmin dövr ölkənin idman həyatında yeni mərhələnin başlanğıcı oldu. Həyata keçirilən islahatlar, yaradılan infrastruktur və beynəlxalq arenada qazanılan uğurlar Azərbaycanın idman ölkəsi kimi tanınmasına mühüm töhfə verdi.
Milli Məclisin deputatı Könül NURULLAYEVA qəzetimizə açıqlamasında deyib ki, 1990-cı illərin əvvəllərində ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi və iqtisadi vəziyyət idman sahəsinə də təsirsiz ötüşməmişdi. Maddi-texniki baza zəif idi, federasiyaların fəaliyyəti lazımi səviyyədə deyildi, beynəlxalq yarışlarda iştirak imkanları məhdud idi. Prezident İlham Əliyev həmin dövrü belə xarakterizə edirdi: "1997-ci ildə Azərbaycan idman ictimaiyyəti mənə bu etimadı göstərəndə ölkə idmanı o qədər də yaxşı vəziyyətdə deyildi. Biz vahid komanda kimi fəaliyyət göstərərək bugünkü gözəl nəticələrə gəlib çatmışıq".
Deputat qeyd edib ki, 1997-ci ildə Milli Olimpiya Komitəsinin yeni rəhbərliyinin formalaşdırılması ilə bu sahədə sistemli dəyişikliklərin əsası qoyuldu: "İlk mərhələdə idman federasiyalarının fəaliyyətinin gücləndirilməsi, peşəkar məşqçilərin cəlb edilməsi, idmançıların sosial təminatının yaxşılaşdırılması və Olimpiya hərəkatının inkişafı istiqamətində ardıcıl addımlar atıldı. Paralel olaraq, ölkənin müxtəlif bölgələrində müasir olimpiya idman komplekslərinin tikintisinə başlanıldı. Bu komplekslər peşəkar idmanın və kütləvi bədən tərbiyəsinin inkişafına xidmət edən mühüm mərkəzlərə çevrildi. Bu siyasətin nəticələri beynəlxalq yarışlarda da özünü göstərdi. Azərbaycan idmançıları Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında əvvəlki dövrlərlə müqayisədə daha çox medal qazanmağa başladılar. Ölkəmiz uğurlu idmançıları ilə yanaşı, iri beynəlxalq yarışlara evsahibliyi edən dövlət kimi tanındı. İlk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Formula-1" Azərbaycan Qran-prisi və müxtəlif dünya çempionatları Azərbaycanın idman infrastrukturunun və təşkilatçılıq imkanlarının nümayişinə çevrildi. Avropa Olimpiya komitələrinin rəhbərləri də bəyan ediblər ki, Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafı İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın idman sahəsində qazandığı uğurlar həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsidir".
K.Nurullayeva bildirib ki, ümumiyyətlə, Azərbaycan beynəlxalq yarışların yüksək səviyyədə təşkilinə görə dünya idman qurumları tərəfindən etibarlı təşkilatçı kimi qiymətləndirilib. Bu amil ölkəmizin dünya idman məkanında da nüfuzunun artmasının əsas göstəricilərindən biridir. "İdmanın inkişafı ilə yanaşı, sağlam həyat tərzinin təşviqi də dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bölgələrdə yaradılan müasir idman qurğuları minlərlə gəncin idmana cəlb edilməsinə, yeni çempionların yetişməsinə şərait yaradıb. Bu gün Azərbaycanın bir çox idman növündə dünya səviyyəli idmançılara malik olması uzunmüddətli inkişaf strategiyasının nəticəsidir", - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, 29 il əvvəl Milli Olimpiya Komitəsində başlanan yeni idarəetmə mərhələsi Azərbaycan idmanının inkişaf trayektoriyasına əhəmiyyətli təsir göstərib. Bu dövr ərzində ölkədə idman infrastrukturu genişlənib, beynəlxalq əməkdaşlıq möhkəmlənib və Azərbaycan qlobal idman məkanında tanınan ölkələrdən birinə çevrilib. Təsadüfi deyil ki, 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı da Azərbaycanda keçiriləcək.
Həmin qərarın ölkəmizin idman tarixində mühüm hadisələrdən biri olduğunu deyən K.Nurullayeva əlavə edib ki, bu, ilk növbədə Azərbaycanın beynəlxalq idman ictimaiyyətində qazandığı yüksək etimadın, həmçinin son illərdə idman sahəsində həyata keçirilən ardıcıl dövlət siyasətinin növbəti uğurlu nəticəsidir: "Əminliklə demək olar ki, 2026-cı ildə keçiriləcək U-15 futbol üzrə dünya çempionatı və festivalı həm idman sahəsində növbəti uğurumuz olacaq, həm də Azərbaycanın beynəlxalq nüfuzunun, təşkilatçılıq imkanlarının və gənclər siyasətinin növbəti dəfə dünyaya nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq. Son 6 ildə isə bütün sahələrdə olduğu kimi, idman sahəsində də tam yeni reallıqlar yaranıb. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra Azərbaycan idmançıları artıq beynəlxalq arenalara həm də qalib xalqın və qalib dövlətin nümayəndələri kimi çıxırlar. Bu amil onların məsuliyyətini artırmaqla yanaşı, Azərbaycan idmanının beynəlxalq imicinə də yeni məzmun qazandırıb".
Deputat vurğulayıb ki, bu gün Azərbaycan idmançısı beynəlxalq arenaya çıxarkən yalnız şəxsi nailiyyəti uğrunda mübarizə aparmır, o, qalib ölkəni, ərazi bütövlüyünü bərpa etmiş dövləti və güclü xalqı təmsil edir. Məhz buna görə beynəlxalq yarışlarda qazanılan hər bir qələbə idman nailiyyəti olmaqla yanaşı, həm də Azərbaycanın müasir simasının və dövlət gücünün nümayişidir".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"