“Şəhərsalma və Memarlıq İli çərçivəsində” iyulun 30-da YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən Gənclər Evində “Dünənimiz, bu günümüz və gələcəyimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaradağ Rayon İcra Hakimiyyətinin sektor müdiri Şamama Ağamuradova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə sektor müdiri Elçin Abbasov, Gənclər Evinin direktoru Leyla Məmmədova, “Neftçi İdman Klubu” İctimai Birliyinin Qaradağ Təlim-İdman Bazasının baş meneceri Qalib Baxşiyev və rayonun müxtəlif qəsəbələrini təmsil edən gənclər iştirak ediblər.
Əvvəlcə qonaqlara Qaradağ Gənclər Evində yaradılan şərait, burada fəaliyyət göstərən klublar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, burada gənclərin intelektual inkişafı, müasir sahələri mənimsəməsi, onların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil dövlətçilik və gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, gənclərin təhsilə, elmə, mədəniyyətə və idmana cəlb olunması üçün bütün zəruri şərait yaradılıb. O, son illər ölkəmizdə gənclərlə bağlı qəbul edilmiş dövlət proqramlarının, Gənclər Fondunun həyata keçirdiyi layihələrin, eləcə də bölgələrdə yaradılan müasir idman infrastrukturunun bunun bariz nümunəsi olduğunu vurğulayıb. İlqar İlyasov qeyd edib ki, Vətən müharibəsində qazanılan Zəfər, işğal altında olan torpaqların separatçılardan azad edilməsi və ölkəmizin suverenliyinin tam bərpa olunması gənc nəslin vətənpərvərlik hissini daha da gücləndirib. Bu gün Azərbaycan gəncləri həm elmdə, həm idmanda, həm də ictimai-siyasi həyatda öz sözünü deməyə qadirdirlər.
Rayon təşkilatının sədri gənclərin Yeni Azərbaycan Partiyası sıralarına könüllü şəkildə qoşulduqlarını, partiyanın fəaliyyətində yaxından iştirak etdiklərini və könüllülük hərəkatında fəallıq göstərdiklərini vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin sektor müdiri Şamama Ağamuradova bildirib ki, dövlətin uğurlu gənclər siyasətinin bariz nümunələrindən biri Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif məsul vəzifələrə gənclərin irəli çəkilməsi və onlara ölkənin gələcəyinin etibar edilməsidir. O qeyd edib ki, gənclərin təhsil, məşğulluq, sahibkarlıq və sosial müdafiə sahələrində dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mütəmadi olaraq yeni təşəbbüslər həyata keçirilir.
Sektor müdiri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, milli-mənəvi dəyərlərə bağlılığının və tarixi yaddaşa hörmət hissinin formalaşdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq onları cəmiyyətin inkişafında fəal iştirak etməyə çağırıb.
Çıxış edən Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə sektor müdiri Elçin Abbasov Gənclər və İdman Nazirliyinin yaradılmasından sonra ölkəmizdə gənclər siyasəti sahəsində əldə olunan nailiyyətlərdən danışıb. O bildirib ki, Nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri gənclərin ictimai-siyasi və sosial fəallığının artırılması, onların idmana və sağlam həyat tərzinə cəlb edilməsidir. Elçin Abbasov qeyd edib ki, Qaradağ rayonunda hər il gənclər arasında müxtəlif idman növləri üzrə yarışlar, turnirlər və kütləvi idman tədbirləri keçirilir, məktəblərdə fəaliyyət göstərən idman dərnəkləri isə gənclərin sağlam gələcəyinə mühüm töhfə verir. O, son illər rayonda könüllülük layihələrinin sayının əhəmiyyətli dərəcədə artdığını, bunun gənclərin sosial məsuliyyət hissinin güclənməsində mühüm rol oynadığını bildirərək onları bu istiqamətdə fəallıqlarını davam etdirməyə çağırıb.
Gənclər Evinin direktoru Leyla Məmmədova rəhbərlik etdiyi strukturda gənclərin elmi, mədəni və ictimai fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən işlərdən danışıb. O bildirib ki, bu strukturda gənclərin liderlik keyfiyyətlərinin formalaşdırılması, analitik düşüncə tərzinin inkişaf etdirilməsi və intellektual potensiallarının artırılması məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər, təlimlər və seminarlar keçirilir.
Leyla Məmmədova qeyd edib ki, gənclərin cəmiyyət həyatına inteqrasiyası və fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması Gənclər Evlərinin prioritet istiqamətlərindən biridir və bu sahədə əlaqədar təşkilatlarla sıx əməkdaşlıq edilir.
Dəyirmi masada çıxış edən “Neftçi İdman Klubu” İctimai Birliyinin Qaradağ Təlim-İdman Bazasının baş meneceri Qalib Baxşiyev rəhbərlik etdiyi idman obyektinin imkanları haqqında ətraflı məlumat verərək gəncləri bədən tərbiyəsi və idmanla fəal məşğul olmağa dəvət edib.
Sonra Azərbaycanın keçdiyi inkişaf yolu, dövlətçilik ənənələri, gələcək perspektivləri, Qaradağ rayonunda gənclərin asudə vaxtının səmərəli təşkili və onların intellektual səviyyəsinin inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar və 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin tarixi əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə gənclər tərəfindən səsləndirilən düşündürücü suallar və aparılan səmimi müzakirələr bir daha göstərib ki, Azərbaycan gəncliyi öz tarixini dərindən bilir, bu günün məsuliyyətini dərk edir və ölkənin gələcəyinin daha da gücləndirilməsində fəal rol oynamağa hazırdır.
Tədbir iştirakçıları bildiriblər ki, belə görüşlər gənclərin dövlətçilik ruhunda formalaşmasına, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmlənməsinə və vətənpərvərlik hisslərinin daha da güclənməsinə mühüm töhfə verir.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib və xatirə fotosu çəkdirilib.