Qloballaşma və rəqəmsal kommunikasiya şəraitində Azərbaycan dilinin saflığının qorunması üçün kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. İlk növbədə, Azərbaycan dilinin rəqəmsal bazası genişləndirilməlidir. Dilin elektron korpusunun yaradılması, müxtəlif üslub və sahələrə aid mətnlərin vahid bazada toplanması süni intellektəsaslı platformalarda Azərbaycan dilinin daha düzgün və keyfiyyətli istifadəsinə imkan yaradacaq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova deyib.
Professor bildirib ki, təhsil sahəsində də dilin tədrisi müasir yanaşmalarla zənginləşdirilməlidir: “Şagirdlərə yalnız qrammatik qaydaların öyrədilməsi kifayət deyil. Onlarda düzgün danışmaq, məntiqi və ardıcıl yazmaq, mətn qurmaq, oxuduğunu təhlil etmək və fikrini əsaslandırmaq bacarıqları formalaşdırılmalıdır. Rəqəmsal savadlılıqla dil savadlılığının paralel inkişafı bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Azərbaycan dilində fəaliyyət göstərən süni intellekt modellərinin, avtomatik tərcümə, nitqin tanınması, mətn redaktəsi və səsli köməkçi sistemlərin hazırlanmasına dövlət, elm və özəl sektor tərəfindən dəstək verilməlidir. Bu prosesə dilçilər, proqramçılar, terminoloqlar, tərcüməçilər və təhsil mütəxəssislərinin birgə cəlb olunması vacibdir. Dövlət dilindən düzgün istifadə yalnız hüquqi tələb kimi deyil, həm də milli məsuliyyət və ictimai mədəniyyət göstəricisi kimi qəbul edilməlidir”.
Müsahibimiz qeyd edib ki, süni intellekt və digər rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə əsas məqsəd Azərbaycan dilini zamanın tələblərinə uyğun inkişaf etdirməklə yanaşı, onun milli xüsusiyyətlərini və ədəbi dil normalarını qorumaqdır: “Qloballaşma şəraitində yeni anlayışların ifadəsində ilk növbədə dilimizin daxili imkanlarından istifadə edilməli, zəngin söz ehtiyatı və leksik-üslubi imkanları qorunmalıdır. Beynəlxalq leksika dilin inkişafına töhfə versə də, zəruri olmayan alınma sözlərə qarşı Azərbaycan dilində uyğun qarşılıqlar hazırlanmalı və onların istifadəsi təşviq edilməlidir”.
Şöbə müdiri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərinə verilən yüksək qiymətin göstəricisidir: “Bu günün qeyd edilməsi ana dilimizin dövlət dili kimi təhsildə, elmdə, mediada və ictimai həyatda mövqeyinin daha da möhkəmlənməsinə, ədəbi dil normalarının qorunmasına və terminoloji bazanın zənginləşdirilməsinə xidmət edir.
Gənc nəslin ədəbi dil normalarına sadiqliyinin formalaşması ilk növbədə ailədə başlayan dil tərbiyəsindən asılıdır. Ailədə düzgün danışıq mühitinin yaradılması, məktəbdə ana dilinin keyfiyyətli tədrisi, bədii ədəbiyyatın mütaliəsinin təşviqi və söz ehtiyatının zənginləşdirilməsi ümumi dil mədəniyyətinin inkişafında mühüm rol oynayır”.