Uğurlu siyasətin, güclü dövlətçilik ənənələrinin və strateji baxışın məntiqi nəticəsi kimi modernləşən Azərbaycan bu gün öz inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda dövlətlərin gücü təkcə iqtisadi göstəricilərlə və ya hərbi potensialla ölçülmür. Dövlətin dayanıqlılığını müəyyənləşdirən əsas amillərdən biri hakimiyyətlə xalq arasında mövcud olan etimada əsaslanan münasibət və sarsılmaz birlikdir. Azərbaycanda aparılan son ictimai rəy sorğularının nəticələri də bu baxımdan diqqətəlayiq siyasi və sosial mənzərə ortaya qoyur. Sorğu iştirakçılarının 87,7 faizinin Prezident İlham Əliyevə etimad göstərməsi, 93,6 faizinin dövlətimizin başçısının fəaliyyətini müsbət qiymətləndirməsi və 81,9 faizinin onu alternativsiz siyasi lider hesab etməsi ölkədə formalaşmış sağlam ictimai-siyasi konsensusun, möhkəm milli həmrəyliyin və dövlətçilik ideyalarına dərin sədaqətin bariz göstəricisidir. Bu yüksək göstəricilər həyata keçirilən daxili və xarici kursun xalq tərəfindən tam dəstəkləndiyini bir daha sübut edir. Bunlar son iyirmi ildən artıq bir dövrdə ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasətin, qazanılan strateji uğurların və xalqımızın gündəlik həyatında öz əksini tapan köklü dəyişikliklərin məntiqi yekunudur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin fəaliyyətinin ana xəttini milli maraqların bütün siyasi və geosiyasi hesablamalardan üstün tutulması təşkil edir. Məhz bu prinsip Azərbaycan dövlətinin inkişaf strategiyasının ideoloji və siyasi bünövrəsidir. Dövlətimizin başçısının qəbul etdiyi hər bir qərarın mərkəzində hər zaman Azərbaycanın milli mənafeləri, dövlət müstəqilliyinin sarsılmazlığı və xalqın rifahı dayanır. Bu siyasət müstəsna olaraq Azərbaycan xalqının iradəsinə və dövlətçilik maraqlarına söykənir. Ölkə rəhbərinin ən böyük siyasi uğurlarından biri xalqla hakimiyyət arasında dərin etimada əsaslanan möhkəm münasibətlər sistemini formalaşdırmasıdır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, onun ən böyük dayağı Azərbaycan xalqıdır. Məhz bu səbəbdən həyata keçirilən siyasi kursun legitimlik mənbəyi xalqın iradəsi, birliyi və dəstəyidir. Cəmiyyətin dövlət başçısına bəslədiyi yüksək inam da, ilk növbədə, bu qarşılıqlı etibarın bariz təzahürüdür.
“Hazırda Azərbaycan Cənubi Qafqazın lider dövləti, regionun əsas siyasi və iqtisadi aktoru kimi qəbul olunur. Ölkəmiz beynəlxalq münasibətlər sistemində tam müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən və qlobal proseslərə təsir imkanlarına malik nüfuzlu dövlət statusu qazanıb. Şübhəsiz ki, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin zirvə nöqtəsi Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın yaddaşına əbədi həkk olunmuş möhtəşəm bir qələbədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində Azərbaycan doğma torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etdi və öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu. Daha sonra həyata keçirilən ardıcıl və məqsədyönlü addımlar nəticəsində ölkənin bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu. Bu tarixi nailiyyət xalqla lider arasındakı sarsılmaz birliyi və dərin etimadı daha da möhkəmləndirdi”, - deyə deputat əlavə edib.
İctimai etimadın qazanılmasında müstəsna rol nə idi?
K.Bayramov vurğulayıb ki, müasir dünyada müharibələrin, siyasi qarşıdurmaların, iqtisadi böhranların və təhlükəsizlik təhdidlərinin kəskinləşdiyi bir şəraitdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin, ictimai həmrəyliyin qorunub saxlanılması xüsusi əhəmiyyət kəsb edir. Məhz bu məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan qlobal miqyasda dünyanın ən təhlükəsiz və sabit ölkələrindən biri kimi tanınır. Gördüyümüz kimi, Azərbaycan güclü dövlət, qalib xalq və qətiyyətli lider amilinin sarsılmaz vəhdəti üzərində bərqərar olan yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevə göstərilən yüksək etimad məhz bu milli vəhdətin, qazanılan tarixi uğurların və gələcəyə olan dərin inamın göstəricisidir. Azərbaycanın qarşıdakı dövrdə də müstəqil və milli maraqlara söykənən inkişaf yolunu uğurla davam etdirəcəyinə dair cəmiyyətdəki möhkəm əminliyin əsasında da məhz bu qarşılıqlı etibar dayanır.
“Ölkənin iqtisadi potensialının möhkəmləndirilməsi, strateji valyuta ehtiyatlarının ardıcıl olaraq artırılması, əhalinin sosial rifahının yüksəldilməsi, həmçinin irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşdirilməsi və regionların hərtərəfli inkişafı vətəndaşların dövlətə, onun Rəhbərinə olan inamını daha da gücləndirib. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın inkişaf modelinin keyfiyyətcə yeni mərhələsini formalaşdırır. Dövlət başçısının müstəqil xarici siyasət kursu da ictimai etimadın qazanılmasında müstəsna rola malikdir. Bu gün Azərbaycan yalnız Cənubi Qafqazın deyil, daha geniş coğrafiyanın əsas siyasi və iqtisadi aktorlarından birinə çevrilib. Tam müstəqil qərarlar qəbul edən, xarici güc mərkəzlərindən asılı olmayan və milli mənafelərini qətiyyətlə qoruyan bir dövlət kimi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. Bu amil vətəndaşlarda dövlətin parlaq gələcəyinə olan inamı daha da artırır. Bununla yanaşı, təhlükəsizlik və sabitlik faktorları da ictimai etimadı şərtləndirən mühüm amillərdəndir”, - deyə o diqqətə çatdırıb.
Deputat, həmçinin bildirib ki, Prezident İlham Əliyevə göstərilən yüksək ictimai etimad keçici emosional reaksiyaların deyil, illərlə yürüdülən uzaqgörən siyasətin, strateji qərarların, milli maraqlara söykənən dövlətçilik kursunun və əldə olunan real nəticələrin məntiqi yekunudur. Məhz bu səbəbdən ictimai rəy sorğularının nəticələri yalnız bugünkü reallığı deyil, eyni zamanda, Azərbaycan cəmiyyətinin dövlətçilik prioritetlərinə, milli həmrəyliyə və ölkənin gələcək inkişaf perspektivlərinə olan dərin inamını tərənnüm edir.