Azərbaycan Pekində keçirilən Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (CIFTIS) iştirak edir.
AZƏRTAC xəbər verir ki, CIFTIS Çin üçün açıq platforma rolunu oynayan, xidmətlərin inkişafını təşviq edən və innovasiyaya öncüllük edən mühüm bir tədbirdir.
“Qlobal xidmətlər, ortaq rifah” devizi altında keçirilən bu ilki sərgidə 90-dan çox ölkədən 1300 şirkət, o cümlədən “Fortune Global 500” siyahısından 473 firma, habelə beynəlxalq təşkilatlar iştirak edir. Sentyabrın 13-dək davam edəcək sərgi çərçivəsində 200-ə yaxın forum, konfrans, digər biznes tədbiri keçiriləcək. Sərgidə informasiya və kommunikasiya, "fintech" (maliyyə xidmətlərinin texnologiya vasitəsilə həyata keçirilməsi), rəqəmsal və intellektual səhiyyə kimi sahələri əhatə edən 100-dən çox yeni məhsul və xidmət təqdim olunacaq. Əsas sərgi sahəsində süni intellekt, böyük dil modelləri (LLM) və ağıllı agentlər də daxil olmaqla, xidmət ticarətinin 12 kateqoriyasını əhatə edən 140-dan çox innovasiya nümunəsi nümayiş olunur.
İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi təşkilatçılığı ilə qurulan vahid ölkə stendində müxtəlif xidmətlər sahələrini təmsil edən 10 şirkətimiz öz xidmətlərini təqdim edir. Stenddə ölkəmizdə investorlara göstərilən xidmətlər və dəstək mexanizmləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, Ələt Azad İqtisadi Zonasında və sənaye parklarında investorlar üçün yaradılan münbit şərait və təklif olunan imtiyazlar haqqında məlumatlar da yer alıb. Stend Azərbaycanın beynəlxalq arenada xidmətlərini tanıtmaq və yeni əməkdaşlıq imkanları yaratmaq məqsədi ilə qurulub. Azərbaycan bu mühüm platformada ardıcıl 7 ildir ki, iştirak edir və xidmətlər sektorundakı uğurlarını və potensialını nümayiş etdirir.
Qeyd edək ki, 2012-ci ildən keçirilən CIFTIS sərgisinin əsas təşkilatçıları Çinin Kommersiya Nazirliyi və Pekin meriyasıdır. Bu ilki sərginin təşkilatçıları arasında Dünya Əqli Mülkiyyət Təşkilatı da var.
CIFTIS müxtəlif ölkələr arasında əlaqələri gücləndirmək və ticarət xidmətlərini genişləndirmək üçün vacib bir vasitədir. Bu platforma dünyanın müxtəlif ölkələri üçün yeni imkanlar və əməkdaşlıq yolları açır. Çinin Kommersiya Nazirliyinin məlumatına görə ilin ilk yarısında ölkənin xidmətlər ticarətinin həcmi 8,3 faiz artaraq 3,78 trilyon yuana (təxminən 563 milyard ABŞ dollarına) çatıb. CIFTIS Çin şirkətlərinin qloballaşmasından başqa, xarici şirkətlərin də Çin bazarına inamı ildən-ilə artır.