ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək ara seçkilərdə respublikaçılar Nümayəndələr Palatasına və Senata nəzarəti saxlayarsa, hər bir yetkin ABŞ vətəndaşına 5000 dollar ödəyəcəyinə söz verib. O, bu açıqlamanı respublikaçıların Texasın Dallas şəhərində keçirilən Milli Konqresində çıxışı zamanı verib.
Prezident bildirib: "Əgər respublikaçılar inanılmaz iqtisadi uğurumuz səbəbindən Nümayəndələr Palatasına və Senata nəzarəti saxlayarsa, mən Amerika Birləşmiş Ştatlarının hər bir yetkin vətəndaşına 5000 dollar dividend ödəyəcəyəm". O izah edib ki, bu, "uğurlu şirkətlərin investorlara dividend ödəməsinə bənzəyir". Həmçinin əlavə edib: "Yeganə məhdudiyyət dividendlərin ABŞ-də xərclənməsidir: Biz sizin Kanadaya gedib pulunuzu orada xərcləməyinizi istəmirik. Biz sizin Çinə, Almaniyaya getməyinizi istəmirik... Siz pulunuzu ABŞ-də xərcləməlisiniz".
Amma bu vəsaitləri kimin dəqiq idarə edəcəyi, Amerika hökumətinin vətəndaşların xərclərini necə izləyəcəyi və hətta bu cür ödənişlərin nə dərəcədə qanuni olduğu hələ də məlum deyil.
Respublikaçıların Milli Konqresində iştirak edən BBC müxbirinin qeyd etdiyi kimi, güman ki, ABŞ Prezidentinin seçici kampaniyası kontekstində amerikalılara bu cür ödənişlər vəd etməsi tarixdə ilk dəfədir. Çünki bu, kiçik məbləğ deyil. 2025-ci ildə ABŞ-də yetkin əhalinin sayı təxminən 267 milyon nəfər olub. Bu o deməkdir ki, onların hamısına 5000 dollarlıq "Tramp dividend"inin ödənilməsi üçün 1,34 trilyon dollar tələb ediləcək. Amma bir iş də var ki, Demokrat Partiyası hazırda əksər rəy sorğularında liderlik edir və demokratlar Nümayəndələr Palatasına və hətta Senata nəzarəti ələ keçirmək üçün ciddi şansa malikdirlər.
Bu reallığın sonunda Texasda çıxışı zamanı D.Tramp bildirib ki, noyabr ayında Respublikaçılar Partiyasının məğlubiyyəti amerikalıların "sərhədlərimizi itirməsi, vergi endirimlərimizi itirməsi və təhlükəsizliyimizi itirməsi" olacaq. ABŞ Prezidenti əlavə edib: "Siz iki il əvvəlki cəhənnəmə qayıdacaqsınız".
Rizvan CƏFƏROV,
"Azərbaycan"