Riyakar qurumun qəbul etdiyi sənəd Azərbaycanın daxili işlərinə qarışmaqdır
Avropa Parlamenti (AP) 2025-ci il dekabrın 18-də bir daha riyakarlıq nümayiş etdirərək, ölkəmizə qarşı reallığı əks etdirməyən qərəzli qətnamə qəbul etdi. Sözdə insan hüquq və azadlıqlarından, demokratiyadan danışan bu qurumun əsl məqsədi müstəqil, milli maraqlarına uyğun siyasət yürüdən ölkələrə qarşı təzyiq etməkdir. Bu baxımdan AP-nin Azərbaycana qarşı mövqeyi təşkilatın ikili standartlardan hələ də əl çəkə bilməməsinin sübutudur.
Bakı Dövlət Universitetinin kafedra müdiri professor Kamilə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, qlobal siyasətə təsir edə biləcək bir gücə çevrilməsi Avropa Parlamentini bərk narahat edir. Torpaqlarımızın 30 il işğalı zamanı şəhər və kəndlərimiz viran qoyulanda, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün düşəndə Avropa Parlamenti bu cinayəti pisləyən bir qətnamə belə qəbul etmədi, əksinə, bu işğala qanuni don geyindirməyə çalışdı. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, 2023-cü ildə isə uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Separatizmin kökü tamamilə kəsildi. "Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini bərpa etməklə Avropanın üz qarasını da təmizlədi. Avropa Parlamentindəki bir sıra deputatlar Azərbaycana onları bu rüsvayçılıqdan xilas etdiyinə görə "sağ ol" demək əvəzinə bizə qarşı qərəzli, saxta kampaniyanı davam etdirirlər. Avropa Parlamenti Azərbaycana qarşı hərbi cinayətlər törətmiş separatçıları, cinayətkarları müdafiə edir, ölkəmizi guya insan hüquqlarını pozmaqda ittiham edir. Dövlətimizə və xalqımıza qarşı cinayət törədən şəxslərin törətdikləri Azərbaycanın məhkəmələrində sübuta yetirilmişdir. Onların özləri də hərbi cinayət törətdiklərini etiraf etmişdilər. Belə olan halda Avropa Parlamenti kimə nəyi sübut etməyə çalışır? Onlar özlərini rüsvay edirlər", - deyə ekspert deyib.
K.Əliyeva qeyd edib ki, Azərbaycanı ittiham edən Avropa deputatlarının öz ölkələrində hər gün insanlar alçaldılır, həbsə atılırlar. Ölkəmizdə isə bütün insanların hüquqları ən yüksək səviyyədə qorunur. Cinayət törədənlər, Azərbaycanın qanunlarını pozanlar qanun qarşısında öz cəzalarını almalıdırlar. Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə birbaşa Azərbaycan dövlətinin daxili işlərinə qarışmaqdır. Heç bir təşkilatın və dövlətin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur və buna da cəsarət etməyə çalışmasınlar. Azərbaycanı tutduğu haqq və ədalət yolundan heç kim çəkindirə bilməz və AP-nin qəbul etdiyi bu rüsvayçı, qərəzli qətnamənin dövlətimiz üçün heç bir əhəmiyyəti yoxdur.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"