Xristian klubuna çevrilmiş Avropa Parlamentinin qərəz və mərəzi tükənmir
Müstəqil qərar qəbul etmək iqtidarında olmayan, hər zaman müxtəlif siyasi mərkəzlərin aləti rolunu oynayan və insan haqları, demokratiya pərdəsi altında siyasi təxribatlar törətməklə məşğul olan korrupsioner Avropa Parlamenti bir daha bəzi dairələrin oyuncağı olduğunu nümayiş etdirdi.
Müxtəlif vaxtlarda olduğu kimi, növbəti dəfə də Azərbaycana qarşı riyakar siyasət həyata keçirən AP yenidən iddialarla dolu növbəti qərəzli kağız parçasını qəbul edib. Lakin bu dəfə də hazırlanan "sənəd" Azərbaycan xalqı üçün heç də təəccüblü olmadı. Ölkə ictimaiyyətinə yaxşı bəllidir ki, Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra Avropa Parlamenti sanki Hayastan parlamentində komitə funksiyasını yerinə yetirir, bu ölkənin Xarici İşlər Nazirliyinin layihələrini notarial qaydada "təsdiq edir".
Ümumiyyətlə, Avropa Parlamentinin Azərbaycanla bağlı yanaşmasında uzun illərdir selektivlik və ikili standartlar faktı müşahidə olunur. AP-nin Azərbaycana qarşı qəbul etdiyi növbəti qətnamə isə bir daha göstərir ki, bu qurum ölkəmizlə bağlı məsələlərdə obyektivlik və ədalət prinsiplərindən uzaq, qərəzli və siyasi sifarişlərə əsaslanan yanaşmanı davam etdirir. Sözügedən "sənəd" real vəziyyətin təhlilinə deyil, birtərəfli məlumatlara və əsassız ittihamlara söykənir. Yalan məlumatlar və saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən növbəti uğursuz cəhddir.
AP-nin bu qərəzinə etiraz olaraq Milli Məclisin qəbul etdiyi bəyanatda da deyilir ki, anti-Azərbaycan ritorikasından əl çəkə bilməyən Avropa Parlamenti bir daha siyasi riyakarlıq nümayiş etdirərək, insan hüquqları kimi önəmli mövzudan öz gizli gündəliyi və təxribatçı məqsədləri üçün istifadəyə davam edir. Torpaqlarımızın 30 illik işğalına, yüzlərlə şəhər və kəndimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına daim etinasız qalmış, 1 milyon qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını görməzdən gəlmiş Avropa Parlamenti 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçirilməsinə Azərbaycan əleyhinə 10-dan artıq rüsvayçı qətnamənin qəbulu ilə cavab vermişdir.
Bu, həmin təşkilatdır ki, COP29 kimi mötəbər tədbirin keçirilməsi ərəfəsində və keçirildiyi dövrdə Azərbaycana qarşı hibrid hücumlarda əsas alətlərdən biri kimi istifadə olunmuşdur. Bu da dəfələrlə sübuta yetirilmişdir ki, Avropa Parlamentində qətnamələrin qəbulu prosesi konkret maraq qrupları tərəfindən məqsədli şəkildə idarə edilir. Müşahidələr göstərir ki, Avropa Parlamenti üzvlərinin əksəriyyətinin səs verdikləri qətnamə layihələrinin nəinki mahiyyəti, hətta mətni barədə heç bir anlayışı olmur. Bu isə Avropa parlamentarizminin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir.
Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycanın suveren hüquqlarının, ərazi bütövlüyünün və təhlükəsizlik maraqlarının nəzərə alınmaması ciddi narahatlıq doğurur. Ermənistanın uzun illər ərzində Azərbaycan ərazilərini işğal altında saxlaması, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə salınması faktına Avropa Parlamenti tərəfindən ya səthi, ya da tamamilə laqeyd yanaşılması açıq ikili standart nümunəsidir.
Azərbaycan dəfələrlə bəyan edib ki, regionda sülh və əməkdaşlıq üçün real addımlar atılmalıdır. Avropa Parlamentinin birtərəfli mövqeyi isə sülh prosesinə etimadsızlıq yaradır. Azərbaycan Respublikası beynəlxalq hüquqa hörmət edən, regional və qlobal əməkdaşlığa açıq olan dövlətdir. Ölkəmiz öz daxili işlərinə xarici müdaxiləni qəbuledilməz hesab edir və suveren qərarların kənar siyasi təzyiqlərlə yönləndirilməsinə qarşı prinsipial mövqe sərgiləyir.
Hər kəsə bəllidir ki, bu təşkilat daim müxtəlif lobbi qruplarının maraqlarına xidmət edib. Qurum korrupsiya qalmaqalları ilə, dəfələrlə parlament üzvlərinin rüşvət və korrupsiyaya görə ittihamları ilə üzləşib. Bir müddət əvvəl Avropa Parlamentində baş verən korrupsiya olayı və həmin olayın bir ucunun ermənilərə bağlı olması faktı bu qurumu, sözün əsl mənasında, silkələmiş oldu.
Çox maraqlı suallar yaranır. Əgər bu qurum "həqiqətin carçısı"dırsa, onda nədən 30 il ərzində erməni faşizminin qanlı əməlləri, erməni vandallarının barbarlığı ilə bağlı bir dənə də olsun qətnamə, hesabat qəbul etmədi?
Belə bir "mötəbər" beynəlxalq struktur Ermənistanın Azərbaycan ərazilərinin 30 ilə yaxındır işğalı zamanı öz yurd-yuvasından didərgin salınmış yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qalması prosesinə niyə göz yumdu?
Dünya Azərbaycan kəndlərinin, şəhərlərinin darmadağın edilməsinə şahidlik edəndə Avropa Parlamenti nədən susdu?
Deyək ki, bunlar bir qədər arxada qaldı. Bəs indi bu beynəlxalq təşkilat Hayastanın Azərbaycan vətəndaşlarına qarşı mina terroruna nədən məhəl qoymur? Axı məhz müharibə bitdikdən sonra ermənilərin basdırdığı minaların partlaması nəticəsində yüzlərlə azərbaycanlı həlak olub. İşğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi mina terrorunun təzahürüdür.
Bir sözlə, Avropa Parlamentinin yalan, böhtan və riyakarlığa sadiqliyinin bu səviyyədə nümayişi insanı dəhşətə gətirir. İşğalçıya "göz yaşı" axıtması, qəsbkara qahmar çıxması, onu dəstəkləməsi, onun barbar, vandal əməllərini "görməməsi" bu qurumun fəaliyyət prinsipləri barədə aydın təsəvvür yaradır.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"