2025-ci il başa çatır. Yola saldığımız bu il də Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) üçün yaddaqalan oldu. Aqrar sektora xidmət edən bu ali təhsil ocağı nüfuzlu ali təhsil müəssisəsi kimi ölkənin kənd təsərrüfatı üçün ixtisaslı kadrlar hazırlamaq kimi bir missiyanı bu il də uğurla həyata keçirdi.
Hazırda universitetdə 7738 tələbə oxuyur. Onların sırasında 9 ölkədən olan 328 əcnəbi tələbə 7 fakültədə 31 ixtisas üzrə təhsil alır. Universitetdə ingilis dilində aqronomluq, bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, torpaqşünaslıq və aqrokimya, mühasibat və iqtisadiyyat, 11 ixtisas üzrə rus dilində - aqronomluq, baytarlıq təbabəti, torpaqşünaslıq və aqrokimya, şərabçılıq, zoomühəndislik, əczaçılıq, informasiya texnologiyaları, aqromühəndislik, marketinq, iqtisadiyyat və biznesin idarə edilməsi fakültələri fəaliyyət göstərir.
ADAU dünyanın 20-dən çox ölkəsində yerləşən ali təhsil müəssisələri ilə əlaqələr qurmuş, tələbə-müəllim mübadiləsini genişləndirmişdir. Universitet Türkiyənin Ege Universiteti ilə uzun müddətdir ki, beynəlxalq ikili diplom proqramı həyata keçirərək 10-larla tələbə və müəllim mübadiləsi həyata keçirmişdir.
Son illər universitetin bazası genişləndirilmiş, yeni İnnovasiyalar Mərkəzi yaradılmışdır. Nəticə etibarilə İnnovasiya Mərkəzi Global Innovation Institute (GINI) tərəfindən Akkreditə Olunmuş Biznes İnkubator (ABI) statusu alaraq rəsmi beynəlxalq sertifikatla təltif edilmişdir.
Beynəlxalq rəqabət qabiliyyətinin artırılması məqsədilə görülən işlər müxtəlif reytinq qiymətləndirmə sistemlərində yer almışdır. Dünya universitetlərinin beynəlxalq reytinq dərəcələrini müəyyən edən digər bir nüfuzlu qurum Times Higher Education "Impact Rankings" sistemidir ki, Azərbaycan Dövlət Aqrar Universiteti ilk dəfə müvafiq reytinq qiymətləndirilməsində yer alaraq region universitetləri arasında və Dayanıqlı İnkişaf Məqsədləri üzrə isə Azərbaycan universitetləri arasında ilk sırada qərarlaşmışdır. Universitet "UI GreenMetric 2025" reytinqində infrastruktur və maddi texniki baza üzrə 1000 xal yığaraq ölkə birincisi olmuşdur.
Sosial və ictimai nüfuzun artırılması məqsədilə universitetin ADAU TV internet televiziyası Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı (TİKA) tərəfindən əsaslı şəkildə yenidən qurulmuşdur.
Bu il ADAU-da bir sıra beynəlxalq və yerli tədbirlər, konfranslar, forumlar keçirilmişdir. Türkiyənin Çukurova Universitetinin birgə təşkilatçılığı ilə Gəncədə Heydər Əliyev Mərkəzində V Beynəlxalq Kənd Təsərrüfatı və Qida Texnologiyalarının Tədqiqi Konfransı keçirilmiş, konfransın üçüncü günü iştirakçılar üçün Şuşa-Xankəndi turu təşkil olunmuşdur. Bundan başqa, Azərbaycan İnnovasiya Mərkəzində Azərbaycan Milli İnternet Mükafatının 20-ci təqdimat mərasimi keçirilmişdir. Ölkədə rəqəmsal inkişafın təşviqi, innovativ yanaşmaların dəstəklənməsi və internet resurslarının keyfiyyətinin artırılması məqsədi daşıyan müsabiqədə ən yaxşı milli vebsaytlar, sosial media səhifələri və mobil tətbiqlər mükafatlandırılmışdır. Təqdimat mərasimində əldə olunan nəticələrə əsasən, Azərbaycan Dövlət Aqrar Universiteti müsabiqənin qalibləri sırasında yer almış, universitetin rəsmi adau.edu.az internet saytı "Virtual Münsiflər Heyətinin Seçimi" nominasiyası üzrə qalib elan olunmuşdur. Bununla yanaşı, sözügedən sayt "Elm, Təhsil və Rəqəmsal savadlılıq" nominasiyası üzrə də yüksək qiymətləndirilmişdir.
Məlum olduğu kimi, bu il Milli Məclisdə Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə "İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır" mövzusunda ictimai dinləmələr keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin, Milli Məclis Aparatının, Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat institutlarının rəhbərləri, Qida Təhlükəsizliyi Agentliyinin, Gəncə Dövlət Aqrar Kollecinin və digər əlaqədar qurumların əməkdaşları iştirak etmişlər. İctimai dinləmələrdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov universitetin ölkəmizdə kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasındakı rolu, maddi-texniki bazası, bu təhsil ocağının inkişaf strategiyası, təhsildə keyfiyyətin yüksəldilməsi, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi sahələrində görülən işlər, mütərəqqi modellərin tətbiqi, ADAU və Türkiyənin EGE Universiteti arasında həyata keçirilən ikili diplom proqramının uğurları barədə geniş məlumat vermişdir.
Bu il İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Azərbaycan Dövlət Aqrar Universiteti ilə tərəfdaşlığı çərçivəsində ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlamışdır. Mərkəzin əsas məqsədi Gəncə və ətraf bölgələrdən innovatorları bir araya gətirərək startap quruculuğu, startapların bazarlara və maliyyələşmə mexanizmlərinə əlçatanlığı və insan kapitalının inkişafına töhfə verməkdir.
Bundan başqa, Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze ilə işgüzar görüşlər keçirmişdir. Görüşdə ölkələrimizdə aqrar sahədə kadr hazırlığı aparan universitetlər arasında tələbə və akademik heyətin mübadiləsi proqramlarının həyata keçirilməsinin, gənc mütəxəssislərin ikili diplom, təlim və təcrübə proqramlarına cəlb edilməsinin, elmi-tədqiqat institutları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanmışdır. Görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinin və Gürcüstanın ali təhsil müəssisəsi ilə təhsil sahəsində qarşılıqlı əməkdaşlığı dərinləşdirən birgə elmi-praktik konfranslar keçirmək, baytarlıq və digər istiqamətlər üzrə kadr hazırlığını təkmilləşdirmək, eləcə də tələbə və müəllim mübadiləsinin aparılmasının vacibliyi barədə işgüzar söhbətlər aparılmışdır. Gürcüstanda yaşayan soydaşlarımızın aqrar təhsilə cəlb olunması üçün stimullaşdırıcı proqramların hazırlanmasının vacibliyi qeyd edilmişdir. Görüşdə Azərbaycan Dövlət Aqrar Universiteti ilə Gürcüstanın ali təhsil ocaqları arasında daha çevik əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə qısa zamanda universitetlərin rəhbər heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi barədə də razılıq əldə olunmuşdur.
Bu il "National H-index Ranking" platforması tərəfindən 2025-ci ilin IV rübü üzrə Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və ali təhsil müəssisələrinin elmi göstəricilərinə əsaslanan reytinq nəticələri açıqlanmışdır. Scopus, Web of Science və Google Scholar kimi beynəlxalq elmi bazaların məlumatları əsasında aparılan qiymətləndirməyə görə, Azərbaycan Dövlət Aqrar Universitetinin milli H-indeksi əvvəlki rübün nəticəsi ilə müqayisədə 12-dən 15-ə yüksəlmişdir. Ümumi göstəricilər üzrə müsbət dinamika qeydə alınmışdır. Belə ki, universitet ölkə üzrə 40 ali təhsil müəssisəsi arasında əvvəlki rübdə tutduğu 17-ci yerdən 16-cı pilləyə yüksəlmişdir.
Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanqın rəhbərlik etdiyi nümayəndə heyəti də bu il ADAU-nun qonağı olmuşdur. Səfirlə görüşən universitetin rektoru Zəfər Qurbanov ADAU-nun beynəlxalq əlaqələri, maddi-texniki bazası və akademik potensialı barədə qonağa ətraflı məlumat vermişdir. O, Koreya Respublikasının aqrar sahədə qabaqcıl texnologiyalar və innovativ yanaşmalara malik olduğunu qeyd edərək bu istiqamətdə universitetlər arasında əlaqələrin qurulmasının böyük əhəmiyyət daşıdığını bildirmişdir. Səfir Kımqu Kanqın ADAU-da kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması istiqamətində gördüyü işləri yüksək qiymətləndirmişdir. Gələcəkdə Koreya universitetləri ilə birgə layihələrin, təlimlərin və tələbə-müəllim mübadiləsinin həyata keçirilməsinə hazır olduqlarını bildirmişdir.
Azərbaycan Dövlət Aqrar Universitetində Dövlət İmtahan Mərkəzinin "Abituriyent Məsləhət Mərkəzi" də fəaliyyət göstərir. Mərkəzdə gələcək tələbələrə seçimlərini daha məqsədyönlü və məlumatlı şəkildə etmələri üçün ödənişsiz dəstək göstərilir.
Universitetdə "Oxu, təqaüd qazan! - Balın yüksəkdirsə, motivasiyan da yüksək olsun!" rubrikası altında maraqlı tədbir də keçirilmişdir. Bu tədbirdə sessiyaları yüksək balla başa vuran tələbələrin təqaüdləri artırılmışdır.
Bu il yaddaqalan hadisələrdən biri də "Yaşıl Gənclik: Dayanıqlı İnkişaf Məqsədlərinə Doğru" adlı yay məktəbinin açılışı olmuşdur. Təbiət qoynunda keçirilən yay məktəbi gənclərin ekoloji düşüncəsini formalaşdırmaq, onların dayanıqlı inkişaf sahəsində bilik və bacarıqlarını artırmaq məqsədi daşımışdır. Yay məktəbinin açılışında ölkəmizdə fəaliyyət göstərən 14 müxtəlif ali təhsil müəssisəsindən 50-yə yaxın tələbə iştirak etmişdir. Onlar bu məktəb vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə yaxından tanış olmuş, iqlim dəyişmələri, tullantıların idarə olunması, alternativ enerji və "yaşıl innovasiya"lar barədə maarifləndirici sessiyalarda iştirak etmişlər.
Universitet bir sıra təsərrüfatlarla da əlaqələri genişləndirmişdir. "Agro Dairy" şirkətinin birgə təşkilatçılığı ilə Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetindən (MATE) dəvət olunan mütəxəssislərin iştirakı ilə elmi-praktiki təlimlər keçirilmişdir. İki günlük proqram çərçivəsində ADAU-da keçirilən seminar və "Agro Dairy" şirkətinin təsərrüfatında baş tutan sahə təlimlərində iştirakçılara bitki mühafizəsi, alaq otlarının identifikasiyası, xəstəliklərin izlənməsi və müasir mübarizə üsulları barədə əyani və nəzəri bilgilər verilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi ilə "Yüksəliş" İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində keçirilən "Üfüq" Karyera İnkişaf Proqramı üzrə müsabiqədə də ADAU-nun İnnovasiyalar Mərkəzinin müdiri Elvin Ağayev böyük uğur qazanmışdır.
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin "Bitkilərin toxumçuluğu" ixtisası üzrə I kurs magistrantı Murad Kərimzadə Türkiyədə təşkil olunan beynəlxalq ixtisasartırma proqramında uğurla iştirak edərək BISAB tərəfindən sertifikatla təltif olunmuşdur. Hazırda o, Türkiyənin Antalya şəhərində yerləşən Batı Akdeniz Araşdırma İnstitutu və Akdeniz Universitetində keçirilən intensiv təlim proqramında bilik və bacarıqlarını daha da təkmilləşdirməkdədir. Proqram Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nəzdində fəaliyyət göstərən Bitki Islahçıları Alt Birliyi (BISAB) tərəfindən həyata keçirilir.
Bu il Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının nümayəndə heyəti də Azərbaycan Dövlət Aqrar Universitetində olmuş, səfər çərçivəsində ADAU-da bir sıra elmi-mədəni və akademik mübadilə görüşləri keçirmişdir. Qonaqlar universitetin maddi-texniki bazası, müasir laboratoriyaları, tədris resursları və geniş təcrübə sahələri ilə yaxından tanış olmuş, tələbə və akademik heyətin tədqiqat imkanlarını yüksək qiymətləndirmişlər.
Arif QAZIYEV,
ADAU-nun biologiya kafedrasının müdiri