20 Dekabr 2025 08:05
134
PARLAMENT
A- A+
Parlament amnistiya aktını qəbul etdi

Parlament amnistiya aktını qəbul etdi


Dekabrın 19-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova birinci məsələnin Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı olduğunu bildirib.

Spiker deyib ki, Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiya təşkil olunub. Ölkəmizə qarşı böhtanlar və əsassız ittihamlar üzərində qurulan ədalətsiz daha bir qətnamə qəbul edilib. Təəssüf doğuran haldır ki, Avropa Parlamenti bu addımı ilə Azərbaycanda real vəziyyəti əks etdirməyən və beynəlxalq hüquq prinsiplərinə zidd olan qeyri-obyektiv və qərəzli praktikasını davam etdirib. Bu qətnamə Avropa Parlamentinin dövlət suverenliyinə hörmət və daxili işlərə qarışmamaq  prinsiplərinə etinasız münasibətini əks etdirir. 

Vurğulanıb ki, biz sənəddə yer alan "siyasi məhbusların mövcudluğu", "siyasi təqiblər", "akademik azadlıqların və mədəni hüquqların pozulması" kimi ifadələri və digər ittihamları qətiyyətlə rədd edirik. 

Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan Respublikası qanunun aliliyi, dövlət institutlarının müstəqilliyi və öz vətəndaşları qarşısında cavabdehliyi prinsiplərinə dönmədən əməl edir. Demokratik institutların sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas elementlərinin qurulması və digər amillər dövlətimizin demokratiya yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir. Biz əminik ki, dayanıqlı inkişaf, insan hüquqlarının və azadlıqlarının müdafiəsi yalnız milli hüquq qaydası çərçivəsində və dövlətin suveren səlahiyyətlərinə ciddi riayət olunması şəraitində təmin edilə bilər.

Spiker diqqətə çatdırıb ki, mövcud reallıqların nəzərə alınmadığı birtərəfli rəyləri qəbul etdirmək cəhdləri heç də etimadın möhkəmlənməsinə və tərəfdaşlığın inkişafına xidmət etmir. Əksinə, bu cür yanaşma bərabərhüquqlu beynəlxalq əməkdaşlıq ideyasının özünə zərbə vurur və konstruktiv dialoq anlayışını dəyərdən salır.

Azərbaycan Respublikası insan hüquqları sahəsində beynəlxalq müqavilələrin məsuliyyətli iştirakçısıdır və üzərinə götürdüyü öhdəlikləri ardıcıl yerinə yetirir. Bununla birlikdə, biz ölkəmizlə münasibətlərin inkişafını əsassız tələblərin yerinə yetirilməsi ilə bağlamaq cəhdlərinə səssiz qala bilmərik. Bizim dövlətimiz beynəlxalq qurumlar ilə qarşılıqlı hörmət, obyektivlik və ikili standartlara yol verilməməsi əsasında əməkdaşlıq üçün açıqdır. Lakin heç bir qurumun Azərbaycanla təzyiq dili ilə danışmağa haqqı yoxdur. 

Milli Məclisin Sədri Sahibə Qafarova vurğulayıb ki, saxta ittihamlar və əsassız iddialar yolu ilə Azərbaycanın nüfuzuna xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında hərəkət edərək milli maraqlarına zidd olan bütün qərəzli addımları bundan sonra da qətiyyətlə və adekvat şəkildə cavablandıracaq.

Sonra Avropa Parlamentinin qətnaməsi ətrafında müzakirələr başlayıb və spiker Sahibə Qafarovanın təklifi ilə Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsi ilə əlaqədar Milli Məclisin Bəyanatını hazırlamaq üçün parlamentin komitə sədri Şahin İsmayılovun rəhbərliyi ilə 5 deputatdan ibarət komissiya yaradılıb.

Müzakirələrdə çıxış edən Milli Məclis Sədrinin birinci müavini Əli Əhmədov, parlamentin komitə sədrləri Zahid Oruc, Səməd Seyidov, Siyavuş Novruzov, deputatlar Kamal Cəfərov, Rizvan Nəbiyev, Azay Quliyev, Kamran Bayramov, Bəxtiyar Əliyev, Elşən Musayev, Ceyhun Məmmədov, Vüqar Bayramov, Azər Kərimli, Sahib Alıyev,  Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Mübariz Qurbanlı Avropa Parlamentinin Azərbaycana qarşı növbəti qərəzli münasibətini pisləyiblər. Onlar bildiriblər ki, Avropa Parlamentində keçirilən dinləmə və qəbul edilən qətnamə islamofob və qərəzli yanaşmanın növbəti təzahürü olmaqla, Azərbaycanın təşəbbüsü ilə formalaşan sülh və regional normallaşma prosesinə birbaşa müdaxilə cəhdidir, hüquqi və siyasi baxımdan əsassız, qərəzli və ikili standartlara söykənən sənəddir. Erməni lobbisinin də təsiri ilə formalaşmış bu yanaşma Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı qanuni addımlarını "siyasi repressiya" kimi təqdim etməklə hüququn aliliyinə zidd mövqe nümayiş etdirir.

Çıxışlarda qətnamə Azərbaycanın dövlət suverenliyinə və məhkəmə-hüquq sisteminin müstəqilliyinə açıq müdaxilə, davam edən istintaq və məhkəmə proseslərinə siyasi təsir göstərilməsi cəhdi kimi qiymətləndirilib. Deputatlar Avropa Parlamentinin bu mövqeyini uzun illərdir davam edən anti-Azərbaycan yanaşmasının növbəti təzahürü kimi xarakterizə edərək, təəssüflə bildiriblər ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi onun fəaliyyət formasına çevrilməkdədir. 

Vurğulanıb ki, Avropa İttifaqı və onun institutları Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığı dövrdə Azərbaycan vətəndaşının fundamental hüquqlarının kobud şəkildə pozulmasına faktiki olaraq göz yumub. Etnik təmizləmə, soyqırımı, kütləvi deportasiya kimi ağır cinayətlər Aİ strukturları tərəfindən prinsipial şəkildə gündəmə gətirilməyib. Bu susqunluq fonunda bu gün Azərbaycana insan hüquqları ilə bağlı dərs keçmək cəhdləri açıq şəkildə ikili standartların və siyasi riyakarlığın göstəricisidir.

Bildirilib ki, Azərbaycan 30 illik işğala son qoymaqla regionda beynəlxalq hüquqa əsaslanan yeni siyasi reallıq yaradıb və bu reallıq Cənubi Qafqazda geniş əməkdaşlıq imkanları açır. Avropa Parlamenti bu reallığı qəbul etmək əvəzinə, keçmiş münaqişə dövrünün köhnəlmiş narrativlərini yenidən dövriyyəyə buraxır və Ermənistanı yanlış istiqamətdə təşviq edir. Bu yanaşma regionda əməkdaşlığa xidmət etmir, əksinə, regional təhlükəsizliyə və davamlı sülhə ciddi zərbə vurur.

Qeyd olunub ki, belə yanaşmalar beynəlxalq hüququn prinsiplərinə ziddir və heç bir suveren dövlət tərəfindən qəbul edilə bilməz. Azərbaycan da öz müstəqilliyini, dövlətçilik maraqlarını və regionda sülhə yönəlmiş siyasətini qətiyyətlə qoruyacaq, xarici müdaxilə və təzyiq cəhdlərinə imkan verməyəcək.

Bildirilib ki, Avropa İttifaqının qərəzli və əsassız bəyanatına ən tutarlı cavab Prezidentin amnistiya ilə bağlı təşəbbüsüdür. Təxminən 20 min insanın azadlığa buraxılmasını nəzərdə tutan bu təşəbbüs Azərbaycanın humanizmə, sosial ədalətə və insan hüquqlarına real yanaşmasını nümayiş etdirir.

Müzakirələrdən sonra komitə sədri Şahin İsmayılov Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatını oxuyub. Sənəd səsə qoyularaq qəbul edilib (Bəyanatın mətni qəzetin bugünkü nömrəsində dərc olunub).

Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyin ikinci məsələsinin "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi olduğunu bildirib. Spiker qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında genişmiqyaslı amnistiya qərarının layihəsini təqdim etməsi dövlətimizin Konstitusiya ilə elan olunmuş insan hüquqlarına hörmət, humanizm və qanunun aliliyi prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.

Qeyd olunub ki, "Konstitusiya və Suverenlik İli" kimi əlamətdar dövrdə müzakirəyə çıxarılan bu akt dövlətimizin öz institutlarının möhkəmliyinə və hüquq sisteminin yetkinliyinə inamını əks etdirir. Spiker əminliklə bildirib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu yeni tarixi reallıq şəraitində belə bir qərarın qəbul edilməsi ictimai sabitliyin möhkəmlənməsinə, hüquq siyasətinin humanistləşdirilməsinə və Azərbaycan dövlətinin konstitusiya prinsipləri əsasında inkişafına dəyərli töhfə verəcək.

Daha sonra məsələ ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, "Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilən tədbirlər sırasında müzakirəyə çıxarılan amnistiya qərarının müstəsna yerini qeyd edib, sənədi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətinin davamı kimi dəyərləndirib. Komitə sədri vurğulayıb ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə əfv və amnistiya institutları hüquqi əsaslar və humanist prinsiplər üzərində formalaşdırılmağa başlanıb. Qeyd olunub ki, bundan əvvəlki dövrdə hüquqi və sosioloji təhlillər aparılmadan qəbul edilən amnistiya aktları və əfv fərmanları ağır nəticələrə səbəb olub.

Komitə sədri Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda qanunçuluğun təmin edilməsi və insan hüquqlarının qorunması sahəsində həyata keçirilən sistemli islahatlardan bəhs edib. Bildirib ki, həmin dövrdən etibarən dövlət siyasətində humanizm prinsipləri əsas xətt kimi müəyyənləşdirilib və ölüm cəzasının icrasına moratorium tətbiq olunub. 1998-ci ildə isə Heydər Əliyev Milli Məclisə müraciət edərək ölüm cəzasının tamamilə ləğv edilməsi təşəbbüsü ilə çıxış edib və bununla da Azərbaycanda bu cəza növünə birdəfəlik son qoyulub.

Ulu Öndərin müəyyən etdiyi humanist hüquq siyasəti sonrakı dövrlərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilib. Eyni zamanda Heydər Əliyev Fondu və onun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva da deputatlıq fəaliyyəti dövründə bu irsə sadiq qalaraq bir sıra amnistiya təşəbbüsləri ilə çıxış edib. Diqqətə çatdırılıb ki, son 30 il ərzində imzalanmış 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb, 12 amnistiya qərarı isə 130 mindən çox şəxsə şamil olunub.

Qeyd olunub ki, Prezident İlham Əliyevin "Konstitusiya və Suverenlik İli" münasibətilə Milli Məclisə təqdim etdiyi amnistiya layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədidir. Qərarın ümumilikdə 20 minə yaxın şəxsə şamil ediləcəyi gözlənilir ki, onlardan 5 mindən çoxunun azadlıqdan məhrumetmə cəzasından azad olunacağı bildirilir.

Layihənin birinci hissəsində amnistiyanın tətbiq ediləcəyi şəxslərin dairəsi müəyyənləşdirilib və burada cəmiyyətin sosial baxımdan həssas qrupları tam ehtiva olunub. İkinci hissədə isə amnistiyanın tətbiqinə dair məhdudiyyətlər əksini tapıb ki, bunlar, əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxsləri əhatə edir. Qərarın üçüncü və dördüncü hissələrində isə sənədin hüquqi qüvvəsi və tətbiq mexanizmləri müəyyənləşdirilib. Eyni zamanda vurğulanıb ki, qərarda amnistiya tətbiq edilən şəxslərin sosial reabilitasiyası və cəmiyyətə adaptasiyası məsələləri də yer alıb.

Bildirilib ki, amnistiya qərarının icrası üçün dörd aylıq müddət nəzərdə tutulur. Əli Hüseynli əvvəlki amnistiya aktlarının icrası təcrübəsinə əsaslanaraq, məhkəmə, hüquq-mühafizə və ədliyyə orqanları tərəfindən bu qərarın qısa müddətdə icra ediləcəyinə əminliyini bildirib. 

Sənədin müzakirəsində Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərov və deputat Razi Nurullayev çıxış edərək amnistiya aktının hüquqi, sosial və humanist əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, təqdim olunan amnistiya aktı hüququn aliliyinin və dövlət humanizminin bariz təzahürüdür. Prezident İlham Əliyevin "Konstitusiya və Suverenlik İli" çərçivəsində amnistiya elan edilməsi təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin ideoloji və hüquqi mahiyyətini dolğun şəkildə ifadə edən strateji addım kimi dəyərləndirilib. Bu təşəbbüs Azərbaycanın gücünü yalnız hərbi-siyasi qələbələrlə deyil, eyni zamanda hüququn aliliyinə, insan amilinə və sosial ədalət prinsiplərinə əsaslanan idarəetmə modeli ilə təsdiqlədiyini bir daha nümayiş etdirir.

Qeyd olunub ki, Konstitusiyanın ali hüquqi sənəd kimi hüquqi sabitliyi təmin etməsi və suverenliyin real siyasi məzmun kəsb etməsi məhz bu cür humanist qərarlarla tamamlanır. Bu təşəbbüs müasir Azərbaycan dövlətçiliyinin hüquqi, siyasi və mənəvi əsaslarını üzvi şəkildə birləşdirən mühüm dövlətçilik aktıdır. Bu qərar dövlətin gücünü cəza sərtliyində deyil, hüquqi məsuliyyət və humanist idarəetmə fəlsəfəsində gördüyünü təsdiqləməklə yanaşı, Konstitusiyanın ali hüquqi sənəd kimi praktik icrasının və suveren qərarvermə mexanizminin institusional yetkinliyini nümayiş etdirir.

Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova növbəti iki məsələnin uyğunlaşdırma xarakteri daşıdığını və  "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə uyğun olaraq, həmin qanun layihələrinin bir oxunuşda baxılaraq qəbul ediləcəyini söyləyib.

Gündəliyin 3-cü məsələsi olan  "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Layihədə Şəhərsalma və Tikinti Məcəlləsinə və "Torpaqların münbitliyi haqqında" qanuna uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunub. Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliklər Torpaq Məcəlləsinin kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin aparılması qaydalarına uyğunlaşdırmadır. "Torpaqların münbitliyi haqqında" qanuna isə "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa uyğun olaraq  normaların Azərbaycan dilində və birmənalı olması tələbinə müvafiq dəyişikliklər təklif edilib. 

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev rəhbərlik etdiyi komitənin sənədlə bağlı müsbət rəyini səsləndirəndən sonra layihə  qəbul olunub. 

"Tullantılar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib. Bildirilib ki,  2025-ci il 14 fevral tarixli qanunla "Texniki təhlükəsizlik haqqında" qanunda dəyişiklik edilərək, təhlükə potensiallı obyektlərin qeydiyyata alındığı dövlət reyestri "vahid dövlət reyestri" adlandırılıb. Buna uyğun olaraq sənəddə "Tullantılar haqqında" qanunda da "dövlət reyestri" ifadəsinin "vahid dövlət reyestri" ifadəsinə dəyişdirilməsi təklif olunub.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib. Qeyd edilib ki, qanun layihəsinin əsas məqsədi ictimai mənəviyyatı qorumaq, xüsusilə yeniyetmə və gəncləri sosial şəbəkələrdə yayılan zərərli və qeyri-etik informasiyadan müdafiə etmək, həmçinin internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirərək mövcud qanunvericiliyi təkmilləşdirməkdir.

Bu məqsədlə qanunun 13-cü maddəsinə 13-2.3.6-1. bəndi əlavə olunur. Düzəlişdə deyilir ki, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik göstərən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan olunur. 

Müzakirədə Milli Məclis Sədrinin müavini Musa Qasımlının, deputat Razi Nurullayevin və  Azay Quliyevin fikirləri dinlənildikdən sonra  qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Növbəti məsələ olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər çox genişdir və bir neçə sahəni əhatə edir.

Bir sıra maddələrdə icra məmuru sözünün dövlət icra məmuru sözləri ilə əvəz edilməsi təklif edilir. Digər istiqamət isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müvafiq normaların təsirindən kənarda qalmaması, əmək müqaviləsi ilə işləyən işçilərin hüquqlarının daha yaxşı qorunması, velosiped, moped və başqa oxşar nəqliyyat vasitələrini idarə edən şəxslərin təhlükəsizliyini daha səmərəli  təmin etmək yönündədir. Bir hissə maliyyə, enerji resursları sahəsində şəxslərin məsuliyyətli davranışını, vəkil adından qanunsuz istifadənin yolverilməzliyini təmin etməklə bağlıdır. Eləcə də qanun layihəsində əkin yerinin yandırılması ilə müəyyən edilmiş inzibati xətanın çəkindirici xarakterinin gücləndirilməsi də təklif olunub.

Kamal Cəfərov dəyişikliklər içərisində sosial şəbəkələrdə ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik göstərən hərəkətlərin edilməsinə görə yeni inzibati xətanın müəyyənləşdirilməsini də diqqətə çatdıraraq bu dəyişikliyin əhəmiyyətini yüksək qiymətləndirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında"  qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihəsi konseptual baxımdan mədəni sərvətlərin qorunması sahəsində hüququ müəyyənlik prinsipinin ardıcıl formada həyata keçirilməsini və mövcud hüquqi mexanizmlərin təkmilləşdirilməsini nəzərdə tutur.

İclasda Mədəniyyət komitəsinin üzvü Şahin Seyidzadə sənəd barədə bu komitənin rəyini təqdim edib. Müzakirələrdə Milli Məclis Sədrinin müavini Rafael Hüseynov, deputat Gülşən Paşayeva fikir və qeydlərini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov "Notariat haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini  (birinci oxunuş) təqdim edib. Bildirilib ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişikliklər kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, yüklü edilməsi, təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində bir subyektdən digər subyektə ötürülməsinə dair hüquqi əsasları müəyyən edir. 

Digər dəyişiklik kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının öz təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişikliklər barədə hesabatının təqvim ili bitdikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim etməsini nəzərdə tutur. Bu dəyişikliklər təsis sənədlərində yenilənən hər hansı məlumatın hesabat formasında müvafiq orqana təqdim edilməsinin zəruriliyinə əsaslanır. 

"Notariat haqqında" qanuna təklif edilən dəyişikliklər yuxarıda qeyd olunan bir sıra məlumatların  Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana ötürülməsinin zəruriliyinə dair hüquqi əsasları müəyyən edir. 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Nəzərə çatdırılıb ki, layihə məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçi tərəfindən uzunmüddətli mühafizə orderinin verilməsi üzrə məhkəməyə ərizə verilməsi ilə əlaqədar dövlət rüsumunun ödənilməsindən azad edilmə məqsədilə hazırlanıb. 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Tütün və tütün məmulatları haqqında", "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumatı diqqətə çatdırıb. Bu məsələ ilə əlaqədar parlamentin komitə sədri Fazil Mustafa qanunvericilik təşəbbüsü ilə çıxış edib. Sonra məsələyə işçi qrupu tərəfindən baxılıb və layihə Milli Məclisin 3 komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsi elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsinin, o cümlədən idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsinin  qadağan edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu qanun layihəsinin rəhbərlik etdiyi komitə tərəfindən dəstəkləndiyini söyləyib və sənəd barədə fikirlərini açıqlayaraq, elektron siqaretlərə münasibətdə sərt qadağa rejiminin tətbiqinin  vətəndaşların, xüsusilə gənclərin və yeniyetmələrin sağlamlığının qorunmasına hədəfləndiyini qeyd edib. O, qanun layihəsinin 2026-cı il fevralın 1-dən qüvvəyə minməsinin nəzərdə tutulduğunu bildirərək, sahibkarların müraciətlərini, eyni zamanda elektron siqaretlərlə bağlı sərt qadağa rejimini tətbiq etmiş ölkələrin təcrübəsini də nəzərə almaqla, qanunun qüvvəyə minmə müddətinin uzadılaraq aprelin 1-dən müəyyən olunmasını təklif edib. Elektron siqaretlərin qadağan edilməsindən sonra bu sahədə qaçaqmalçılıq cəhdlərinə yol verilməməsi üçün gömrük-vergi, antiinhisar, hüquq-mühafizə orqanları tərəfindən önləyici tədbirlərin görülməsinin, habelə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən danışıb.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihədə təklif olunan dəyişikliklərin vacibliyindən bəhs edib və rəhbərlik etdiyi komitənin məsələyə müsbət rəy verdiyini bildirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda qəbul edildi.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

08:55
20 Dekabr

Özünüməşğulluq proqramı köməyə gəlir

08:50
20 Dekabr

Naxçıvan "yaşıl gələcək" qurur

08:45
20 Dekabr

İqtisadi fayda və sülh mesajı

08:40
20 Dekabr

Azərbaycan sülh və humanizm siyasətini növbəti dəfə nümayiş etdirdi

08:35
20 Dekabr

Aİ-nin Ermənistanla strateji gündəliyi təəssüf doğurur

08:30
20 Dekabr

Avropa İttifaqı "dəyərlərin tənəzzülü" prosesində boğulur

08:25
20 Dekabr

İmzalar içində imza olmağın qüruru

08:20
20 Dekabr

Ermənistanda kilsə-hakimiyyət qarşıdurması gərginləşir

08:15
20 Dekabr

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında

08:10
20 Dekabr

Parlament amnistiya aktını qəbul etdi

08:05
20 Dekabr

Müstəqillik tariximizin ən böyük amnistiyası

08:00
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!