Bu günlərdə Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası, ardınca isə 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilib. Hər iki tədbir Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının genişləndirilməsi, nəticə etibarilə bu ölkələrin hər birinin iqtisadi inkişafı üçün yeni perspektivlər açır.
Artıq ikinci dəfədir təşkil olunan Azərbaycan-Türkiyə İnvestisiya Forumu Baş nazir Əli Əsədovun dediyi kimi, hökumət və biznes dairələri arasında açıq və səmərəli dialoqun qurulması, yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm platformadır. Bu baxımdan növbəti forumun da biznes cəmiyyətləri üçün faydalı olacağına, yeni konkret birgə investisiya təşəbbüslərinin reallaşdırılmasına təkan verəcəyinə şübhə yoxdur.
İndiyədək investisiyalar sahəsində əldə edilən nəticələr məmnunluq doğurur. Hazırda Türkiyədən Azərbaycana birbaşa investisiyalar 18 milyard dollara, Azərbaycandan Türkiyəyə yatırımlar isə 21 milyard dollara yaxınlaşıb. Ümumilikdə 39 milyard dollarlıq investisiya həcmi formalaşıb. Lakin bu, son hədd deyil.
Hazırda ölkələrimiz arasında illik ticarətin həcmi 8 milyard dollardır. 2000-ci illərin sonunda bu rəqəm 2,4 milyard dollar idi, deməli, qısa müddətdə 3 dəfəyə qədər artıb. Məqsəd isə 15 milyard dollarlıq ticarət hədəfinə çatmaqdır. Hər iki ölkənin iqtisadi potensialı və coğrafi üstünlükləri ticarət dövriyyəsinin həcmini daha yüksək səviyyəyə qaldırmaq üçün real imkanların olduğunu göstərir. Bunun üçün investisiyalar da artırılmalıdır. Çünki investisiyalarla ticarət arasında birbaşa əlaqə var. Qarşılıqlı investisiyalar artdıqca ticarət əlaqələri də daha möhkəm və dayanıqlı olur.
Hazırda ölkəmizdə 4600-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir. Eyni zamanda Türkiyədə 3000 Azərbaycan şirkəti müxtəlif sahələrdə iş qurub.
Azərbaycan-Türkiyə iqtisadi əlaqələrində enerji əməkdaşlığının xüsusu yeri var. Ölkələrimizin birgə reallaşdırdıqları meqa enerji layihələri böyük regional və qlobal əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan neftinin və qazının dünyaya yolu Türkiyədən keçir. 2006-cı ildə tam sistem kimi istifadəyə verilən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin ən böyük hissəsi Türkiyədədir və bu xətlə daşınan neft dünya bazarlarına Ceyhan limanından yola salınır. BTC-dən az sonra fəaliyyətə başlayan Bakı-Tbilisi-Ərzurum kəməri isə Azərbaycanı dünyaya həm də qaz ixracatçısı kimi tanıdıb. 2018-ci ildə istifadəyə verilən TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) Azərbaycan qazını TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) ötürür. TAP isə 5 ildir qazı Avropaya nəql edir. TANAP "Cənub qaz dəhlizi"nin ayrılmaz və ən böyük hissəsidir. Xatırladaq ki, "Cənub qaz dəhlizi" strateji önəm daşıyan bir layihədir və onun qaz ixrac etdiyi ölkələrin sayı son aylarda 14-ə çatıb. Bunlardan 10-u Avropa ölkəsidir.
İki ölkənin birgə səyləri ilə artıq Suriyaya da qaz nəqlinə başlanıb. Bu, 14-cü, hələlik sonuncu ölkədir. İlk dəfədir Türkiyə ərazisindən keçməklə Azərbaycan qazı Yaxın Şərq regionuna çatdırılır.
Bu ilin avqust ayında Suriyaya qaz axını başlayanda Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, türk dünyası üzrə mütəxəssis Mehmet Yüce bu mühüm hadisəni belə dəyərləndirmişdi: "Kilis-Hələb təbii qaz boru xəttinin istifadəyə verilməsi regional baxımdan olduqca mühüm və çoxşaxəli nəticələr doğuracaq strateji hadisə kimi qiymətləndirilə bilər. Bu boru xətti Suriyanın təcili enerji tələbatını qarşılamaqla yanaşı, Türkiyənin regional enerji diplomatiyasında və Azərbaycanın enerji ixracında yeni bir səhifə açan strateji layihədir. Burada söhbət təkcə enerji nəqlindən getmir, bu xətt bölgədə sabitliyin və iqtisadi dirçəlişin dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır. Həyata keçirilən layihə yalnız enerji transferi deyil, həm də Türkiyənin regional liderlik iddialarını gücləndirən, Suriyanın yenidənqurma prosesinə mühüm töhfə verən və Azərbaycanın enerji diplomatiyasını genişləndirən çoxşaxəli strateji addımdır. Bu layihə regional enerji təhlükəsizliyinin təmin edilməsi, humanitar vəziyyətin yaxşılaşdırılması və uzunmüddətli regional sabitliyin yaradılması baxımından mühüm potensiala malikdir. Yəni bu xətt yalnız enerji layihəsi deyil, eyni zamanda regional geosiyasi balans, dövlətlərarası münasibətlər və enerji təhlükəsizliyi kontekstində dərindən təhlil olunmalı strateji addımdır".
Sözügedən tədbirlərdə təməli iki il əvvəl Naxçıvanda qoyulmuş İğdır-Naxçıvan qaz kəmərinin əhəmiyyəti də vurğulandı. Bu il kəmərin Ankarada videobağlantı formatında açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı hadisənin önəminə bir daha diqqət çəkdi.
İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə xidmət edir. Bununla yanaşı, layihə həm Naxçıvanın, həm də İğdır əhalisinin rifahına dəstək göstərəcək. Kəmərin maksimum illik ötürmə gücü 730 milyon kubmetrdir. Gələcəkdə onun genişləndirilməsi imkanları da var.
Prezident İlham Əliyevin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən, İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir. Bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun polad magistralları isə həm iqtisadi əməkdaşlığı, həm də dostluq və qardaşlığı daha da möhkəmləndirib. Orta dəhlizin mühüm halqası olan BTQ-nin daşıma qabiliyyəti ötən il Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb və bu da son hədd deyil.
Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu bildirib ki, bundan əlavə, Zəngəzur dəhlizi də (TRIPP) Orta dəhliz xəttinin effektivliyini yalnız mövcud bağlantılarla deyil, daha güclü və tamamlayıcı xüsusiyyətlərlə artırır: "Orta dəhlizin təbii və tamamlayıcı bir uzantısı olan Zəngəzur dəhlizi bütün bölgə üçün böyük əhəmiyyət daşıyır. Bu dəhliz yalnız Azərbaycan və Türkiyə arasında deyil, həm də Asiya ilə Avropa arasında strateji əhəmiyyət kəsb edir".
Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası və 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumu göstərdi ki, ölkələrimiz arasında hər sahədə olduğu kimi, iqtisadi sahədə də əməkdaşlıq uğurla davam edir və bu istiqamətdə potensial böyükdür.
Flora SADIQLI,
"Azərbaycan"