Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin təntənəsi olmaqla, Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi. Bütün bunların nəticəsi kimi regionda yaranan reallıqlar dünyada qəbul olunur. Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması və bununla bağlı beynəlxalq reaksiyalar da göstərir ki, yaranan yeni reallıqlar beynəlxalq səviyyədə dəstəklənir.
Erməni lobbisinin əlində alətə çevrilən qurum
Lakin o da reallıqdır ki, Azərbaycan hansısa uğura imza atanda korrupsiya və siyasi məkr yuvası olan Avropa Parlamenti mütləq ölkəmizə qarşı heç bir siyasi çəkisi və mənası olmayan qətnamə qəbul edir. Azərbaycanın regionda sülhü təmin etdiyi bir vaxtda AP-nin dekabrın 18-də Azərbaycanla bağlı növbəti dəfə qətnamə qəbul etməsi bir daha bu qurumun riyakarlığını göstərir. Azərbaycan Respublikası Milli Məclisinin bəyanatında deyildiyi kimi, yalan məlumatlar və saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən növbəti uğursuz cəhddir. Görünən odur ki, anti-Azərbaycan ritorikasından əl çəkə bilməyən Avropa Parlamenti bir daha siyasi riyakarlıq nümayiş etdirərək, insan hüquqları kimi önəmli mövzudan öz gizli gündəliyi və təxribatçı məqsədləri üçün istifadəyə davam edir.
AP-nin indiyə qədər Azərbaycanla bağlı qəbul etdiyi bütün qətnamələr yalan məlumatlar və saxta iddialar üzərində qurulub. Qurum indiyə qədər Azərbaycana dair 40-a yaxın qətnamə qəbul edib. Amma onların heç birində həqiqətə yaxın olan belə fikir tapmaq mümkün deyil. Hər bir belə qətnamə reallıqla, ümumiyyətlə, bağlı olmayan məlumatlara əsaslanıb.
Və qeyd edildiyi kimi, belə qondarma qətnamələri AP Azərbaycan uğurlara imza atanda qəbul edib. Azərbaycan yüksəldikcə, iqtisadi inkişafla bağlı nailiyyətlərə imza atdıqca, regionda və dünyada söz sahibi kimi mövqelərini möhkəmləndirdikcə AP erməni təəssübünü çəkən siyasi mərkəzlərdən aldığı sifarişlər əsasında Azərbaycanı hədəfə alan sənədlər qəbul edib. O cümlədən respublikamızda keçirilən mühüm beynəlxalq tədbirlər ərəfəsində AP alətə çevrilərək ölkəmizə qarşı başladılan qarayaxma kampaniyasının önündə gəlib. Bunu "Avroviziya" mahnı müsabiqəsi, I Avropa Oyunları və digər mötəbər tədbirlər ərəfəsində AP-nin ortaya qoyduğu riyakarlıq təsdiq edir. Son dövrlərdə isə COP29 zamanı AP respublikamıza qarşı hibrid hücumlarda alət kimi istifadə edilib.
AP torpaqlarımızın işğal altında olduğu dövrdə bircə dəfə də olsun Ermənistandan təcavüzkarlığa son qoymağı tələb etməyib. Bu məkr mərkəzi heç vaxt Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyib. Bir dəfə də olsun AP Ermənistanın işğalçılığı nəticəsində Azərbaycan vətəndaşlarının məcburi köçkün vəziyyətinə düşməsindən narahatlığını ifadə etməyib. Seçkilər zamanı Azərbaycana qarşı saxta və yalan iddialar əsasında qətnamələr qəbul edən bu təşkilat Ermənistanda seçki vaxtı namizədin güllələnməsini, aksiyalar zamanı vətəndaşların öldürülməsini görməzdən gəlib.
AP-nin məqsədi sülh prosesinə zərbə vurmaqdır
Ümumiyyətlə, AP həmişə irqçi, islamafob, türkofob və Azərbaycanofob mövqeyi ilə tanınıb. Hər hansı məsələyə münasibətdə reallıqla uzlaşmayan, insanlığa sığmayan, hansısa siyasi qrupların maraqlarını müdafiə edən qərar qəbul edib. Torpaqlarımızın işğaldan azad olunması isə AP-nin yuxusunu ərşə çəkib. Çünki 44 günlük Vətən müharibəsində Azərbaycan həm də Ermənistanın təəssübkeşi olan Avropa Parlamentinə qalib gəlib. Bu savaş AP-də daxil olmaqla erməni təəssübkeşlərinin məğlubiyyəti oldu.
Vətən müharibəsindən sonra AP-nin Azərbaycanla bağlı davamlı olaraq qətnamələr qəbul etməsi bir daha bu təşkilatın ölkəmizə qarşı düşmən münasibətinin göstəricisidir. Müharibə 5 ildir başa çatıb. Lakin bu dövrdə AP tərəfindən Azərbaycana bağlı böhtanla dolu 10-dan artıq rüsvayçı qətnamə qəbul edilib. Və bu qətnamələrin hamısı Azərbaycanın uğurlarına, dövlətimizin imicinə kölgə salmaq məqsədi güdüb.
Onu da qeyd edək ki, AP-nin üzvü olmadığı bir ölkə haqqında belə qətnamə çıxarması siyasi-etik baxımdan da düzgün deyil. Digər tərəfdən, AP-nin qəbul etdiyi qərarlar heç Avropa İttifaqına üzv olan dövlətlərdə belə ciddi qəbul olunmur. Son illərdə korrupsiya qalmaqalları ilə üzləşməsi AP-nin onsuz da zəif olan siyasi reputasiyasını əhəmiyyətli dərəcədə zəiflədib.
Bu gün Cənubi Qafqazda pozitiv proseslər gedir. Bu ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətninin paraflanması, Zəngəzur dəhlizinin (TRIPP) açılmasına dair razılaşmaların əldə olunması göstərir ki, regionun tarixində yeni bir dövr başlayıb. Belə bir ərəfədə sağlam düşünən dövlət, hər bir siyasi qurum bu prosesi alqışlamalı, dəstəyini göstərməlidir. Lakin bilinən odur ki, AP indiyə qədər Azərbaycanla Ermənistanın sülhə yaxın olduğu bir dövrdə bu prosesə hər hansı dəstəyini ifadə etməyib. Milli Məclisin bəyanatında deyildiyi kimi, indi isə bəlli olur ki, 2025-ci il 8 avqust tarixli Vaşinqton Sammiti, ABŞ Prezidenti Donald Trampın səmimi vasitəçiliyi nəticəsində Azərbaycan-Ermənistan sülh prosesində əldə olunmuş irəliləyiş bir sıra dairələrin maraqlarına cavab vermir. Müvafiq proseslərdə iştirak və müdaxilə imkanlarını itirən həmin dairələr regionumuzda sülh, sabitlik və əməkdaşlığın təşəbbüsçüsü olan Azərbaycana qarşı belə bəsit addımlarla həmin prosesləri dolayı yolla əngəlləməyə cəhd edirlər.
Azərbaycan öz yolu, qətiyyətli və müstəqil siyasəti olan dövlətdir. İndiyə qədər AP-nin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin heç biri respublikamızın siyasətinə təsir göstərə bilməyib. Heç bir qətnamə Azərbaycanı öz yolundan dayandıra və ya döndərə bilməyb. Ona görə AP-nin 2025-ci il 18 dekabr tarixli qətnaməsi də Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"