Müasir dövrdə kənd təsərrüfatının dinamik inkişafı yeni texnologiya və innovasiyaların tətbiqi ilə sıx bağlıdır. Çünki innovasiyaların aqrar sektorda mənimsənilməsi məhsuldarlığın artırılmasında və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsində başlıca rol oynayır. Eyni zamanda kənd təsərrüfatının bu yolla inkişafı torpaq və su resurslarının qorunmasına, onlardan səmərəli istifadəyə əlverişli imkanlar yaradır.
Amma bunlar da hələ hamısı deyil. Aqrar sektorda innovasiyaların geniş tətbiqi qlobal miqyasda ərzaq təhlükəsizliyinin təmin edilməsinə kömək etməklə yanaşı, həm də ekoloji tarazlığın gözlənilməsində yardımçı olur. Dronlardan istifadə, "ağıllı bağ", müasir əkin üsulları, zərərvericilərə qarşı müasir bioloji mübarizənin təşkili, biotexnologiya laboratoriyalarında virussuz toxum və ting yetişdirilməsi, əkin sahələrinin koordinatlarının və orada hansı məhsulun əkilməsinin satellitlər vasitəsi ilə müəyyənləşməsi və s. bu cür innovasiyalardandır. O cümlədən 2019-cu ildən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq edilən "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemi (EKTİS) aqrar sahə üzrə vahid məlumat bazasının yaradılmasında önəmli yenilikdir. EKTİS-də fermerlərin biznes fəaliyyətlərinin və kənd təsərrüfatı məhsullarının istehsalının ilkin mərhələsindən son mərhələsinə qədər bütün proseslər öz əksini tapır, istehsalçılara bir çox texnoloji hədəflərinə nail olmağa imkan yaradır.
İnnovativ hədəflərdən biri də "gubre.az" aqrar ticarət şəbəkəsidir. Məlumat üçün bildirək ki, bu, Azərbaycanın kənd təsərrüfatı istehsal vasitələri bazarında lider şirkətlərdən biri olan "Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC-nin tərkibində fəaliyyət göstərən aqrar ticarət şəbəkəsidir. Şirkət aqrokimyəvi vasitələr, toxumlar, əkin ləvazimatları və s. kənd təsərrüfatı istehsal vasitələrinin idxalı, eləcə də topdan və pərakəndə satışı üzrə ixtisaslaşıb. Bundan başqa, şirkət müştərilərinə aqronom dəstəyi və ucqar rayonlarda təsərrüfat fəaliyyəti ilə məşğul olan fermerlərə səyyar satış xidmətləri də göstərir. Pərakəndə satış istiqamətində "gubre.az" ticarət şəbəkəsi kimi tanınan şirkət 200-dən çox satış nöqtəsi vasitəsi ilə 50-dən artıq markaya mənsub yüzlərlə çeşiddə məhsulu fermerlərə təqdim edir.
Azərbaycanın ucqar, dağ və dağətəyi rayonlarından tutmuş, istənilən bölgəsinin kənd təsərrüfatı sahələrində çalışan hər bir fermerədək "gubre.az"ın xidmətləri əlçatandır. Təsərrüfat sahiblərinə təklif olunan bütün məhsullar və ləvazimatlar müasir dövrün tələbləri ilə ayaqlaşan yüksək keyfiyyət standartlarına, həmçinin rəsmi sertifikatlara sahibdir. "gubre.az" təsərrüfat sahibləri üçün zəruri olan yüksəkkeyfiyyətli toxum, gübrə, pestisid çeşidləri, müasir əkin ləvazimatları kimi bütün növ kənd təsərrüfatı məhsullarının, vasitələrinin münasib qiymətlərlə satışını həyata keçirir. Bu məhsullar həm yerli şirkətlərə, həm də əsasən dünyaca məşhur "Yara Suomi OY"(Finlandiya), "ICL"(İsrail), "Tessenderlo"(Belçika), "Anorel"(Belçika), Polyamix (Polşa), "Continental"(İtaliya) kimi qlobal brendlərə məxsusdur. Şəbəkə, eyni zamanda hər mövsümə uyğun məhsullar üçün subsidiyalı satış və müxtəlif endirim kampaniyaları təşkil edir, torpaq analizi və ödənişsiz aqronom məsləhəti xidmətləri həyata keçirir.
Bütün bunların nəticəsi idi ki, ötən həftə Bakı Ekspo Mərkəzində keçirilən 17-ci "Caspian Agro" Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində "gubre.az"ın təqdim etdiyi layihə fermerlərin xüsusi marağına səbəb oldu. Şəbəkə sərgidə öz stendi ilə təmsil olunurdu. Stenddə fermerlərə "gubre.az"ın idxal etdiyi torpaq qoruyucu və yaxşılaşdırıcı vasitələr, gübrələr, müasir effektiv bitki-mühafizə vasitələri, yüksək məhsuldarlığa malik pambıq, qarğıdalı, yonca və s. toxum sortları təqdim edilmişdi. Fermerin rəqəmsal dostu olan aqrar şəbəkə stendində ilk dəfə təqdim olunan "Agrohub" mobil platforması təkcə kənd təsərrüfatı mütəxəssislərinin deyil, sərginin digər iştirakçılarının və ziyarətçilərin də diqqətini çəkdi. Hər kəsin marağına səbəb olan bu platforma fermerləri, aqronomları, kənd təsərrüfatı istehsal vasitələrinin təchizatçılarını bir araya gətirməklə sektorun daha sürətli inkişafına töhfə verməyi hədəfləyir. O, fermerlərə aqronom məsləhəti və hava proqnozuna əsasən müvafiq avtomatlaşdırılmış tövsiyələr almaq, becərdiyi bitki növü ilə əlaqədar yaranmış suallara cavab tapmaq, maarifləndirici materialları daha asan və sürətlə əldə etmək, yetişdirdiyi məhsulları satışa çıxarmaq, digər fermerlərlə asan əlaqə yaradaraq təcrübə paylaşımına dəstək olmaq və ya bundan yararlanmaq kimi imkanlar yaradır. Kənd təsərrüfatı sektoruna innovativ həllər gətirməyi hədəfləyən "Agrohub" mobil tətbiqi qısa zamanda fəaliyyət dairəsini bütün ölkə ərazisində genişləndirməyi planlaşdırıb.
"gubre.az"ın direktoru Anar Hüseynov yaratdıqları mobil tətbiq haqqında deyir: "Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən 2024-cü il "Yaşıl dünya naminə həmrəylik" ili elan edilmişdir. Ekoloji vəziyyətin bütün dünyada getdikcə çətinləşdiyi, hava, su, torpaq resurslarının kirlənərək tədricən sıradan çıxmaqda olduğu indiki zamanda dövlətimizin bu sahəyə göstərdiyi diqqət təsadüfi deyil. Qida təhlükəsizliyinin və dayanıqlı inkişafın təmin edilməsi üçün təbii resursların qənaətlə istifadə edilməsi və hətta yaxşılaşdırılması kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıyır. Biz də bu axına qoşularaq və sosial məsuliyyətimizi dərk edərək, torpaq yaxşılaşdırıcı və su qaynaqlarından daha səmərəli istifadəyə şərait yaradacaq məhsullar təqdim edir, fermerləri təbii resurslara qənaəti təbliğ edən maarifləndirici materiallarla təmin edirik. Bundan başqa yeni "Agrohub" platformamız vasitəsilə də fermerlərimizin müasir səmərəli və qənaətcil becərmə texnologiyalarını daha sürətlə öyrənib mənimsəməsinə nail olmağı hədəfləyirik".
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"