“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Neftçala rayonunda icrasının təmin edilməsi istiqamətində görülən tədbirlərlə bağlı RİH-də tədbir keçirilib.
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Kənd Təsərrüfatı Nazirliyi Balıqçılıq və Akvakultura Mərkəzi Publik Hüquqi şəxsin direktoru Ceyhun Əliyev, eləcə də Dövlət Su Ehtiyatları Agentliyinin, “Azərişıq” ASC-nin yerli qurumlarının rəhbərlərinin, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfat sahiblərinin, fermerlərin, sahibkarlıq subyeklərinin iştirakı ilə keçirilən, tədbirin məqsədi dövlət proqramı çərçivəsində irəli sürülmüş təşəbbüslərin Neftçala rayonu üzrə icra vəziyyəti, habelə həyata keçirilən digər tədbirlərə dair məlumatların diqqətə çatdırılması olub.
Giriş nitqi ilə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidov Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədən söz açaraq ölkədə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının dayanıqlılığının təmin edilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin əhəmiyyətini vurğulayıb. Dövlət başçısının müəyyən etdiyi prioritetlər çərçivəsində Neftçalada görülən işlər barədə məlumat verən M.Seyidov bildirib ki, rayonda kənd təsərrüfatının inkişafını sürətləndirmək, əkin sahələrindən səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq və mövsümi işləri əlaqələndirmək məqsədi ilə xüsusi qərargah yaradılıb: “Qərargah tərəfindən fermerlərin və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində addımlar atılır, sahibkarlarla mütəmadi görüşlər keçirilir və rayon üzrə dövlət proqramının icrasına dair konkret hədəflər reallaşdırılır”.
Prezident Administrasiyasının sektor müdiri Vəfadar Bağırov çıxışında dövlət proqramının ölkənin aqrar potensialından maksimum səmərəli istifadə etmək və qlobal çağırışlara cavab vermək üçün hazırlanmış geniş həcmli fəaliyyət planı olduğunu qeyd edib. Vurğulayıb ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər və yeni dövlət proqramı kənd təsərrüfatının müasir standartlara uyğun inkişafını, innovativ yanaşmaların tətbiqini və kənd yerlərində məşğulluğun genişləndirilməsini nəzərdə tutur: “Bu strateji hədəflər zəngin aqrar ənənələrə, əlverişli təbii-iqlim şəraitinə və böyük istehsal potensialına malik Neftçalada kənd təsərrüfatının rəqabət qabiliyyətinin daha da yüksəldilməsini, aqrar sahibkarlığın genişləndirilməsini və istehsalın keyfiyyətcə yeni mərhələyə keçməsini zəruri edir”.
Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzi Publik Hüquqi şəxsin direktoru Ceyhun Əliyev isə çıxışında dövlət proqramında daxili bazarın yerli balıq məhsulları ilə təminatının gücləndirilməsi, idxaldan asılılığın minimuma endirilməsi və ixrac potensialının çoxşaxəli inkişafı, balıqçılıqda dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qarşıya qoyulan hədəflər və həyata keçirilən tədbirlər barədə məlumat verib.
Sonra dövlət proqramının rayon üzrə icrası ilə əlaqədar rayonda görülmüş tədbirlər barədə təqdimat hesabatı yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb. Yığıncaqda iştirak edən fermerlər fikir və təkliflərini qeyd edərək dövlət proqramının icrasında yaxından iştirak etdiklərini bildirib, nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün bütün potensiallarını səfərbər edəcəklərini vurğulayıblar.
Tədbir işini başa çatdırdıqdan sonra iştirakçılar rayonun 3 iri fermer təsərrüfatına baş çəkiblər.
Seyran CAVADOV,
“Azərbaycan”