Ağdamın işğaldan azad olunmasının altıncı ildönümü böyük sevinc və qürur hissi ilə qeyd olunur. Uzun illər dağıntılara məruz qalan Ağdam bu gün yenidən qurulur, dirçəlir və öz sakinlərinə qovuşur.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdam Şəhəri Günündə şəhər sakini Elməddin Səfərov deyib.
O bildirib ki, bu gün Ağdamda minlərlə sakinin bir araya gəlməsi hər kəs üçün böyük fərəh və qürur mənbəyidir: “Bu günlər bizim ən gözəl, ən sevincli günlərimizdən biridir. Çox şükür bu günə ki, azad Ağdamda gəzirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bu gün burada neçə illərdir görmədiyimiz insanlarla qarşılaşırıq. İnsan fərəhlənir, qürurlanır”.
E.Səfərov qeyd edib ki, torpaqlarımız işğal altında olduğu illərdə ağdamlılar bir-biri ilə görüşərkən doğma şəhərdə qovuşmağı arzulayırdılar: “Torpağımız işğalda olanda hamımız məyus idik. Bir-birimizlə görüşəndə “Allah eləsin, Ağdamda görüşək” deyirdik. Şükür bu günə ki, bu gün burada görüşdük. Bütün ağdamlıları, Ali Baş Komandan başda olmaqla, bütün Azərbaycan xalqını təbrik edirəm”.
Qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də geri qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün - noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.