Azərbaycan və Almaniya 2026-cı ilin iyulunda Strateji Tərəfdaşlığın İkitərəfli Gündəliyinə dair Birgə Bəyannamə imzalayıb. Prezident İlham Əliyevin iyul ayında Almaniyaya rəsmi səfəri zamanı əldə edilmiş razılaşmalar da artıq konkret əməkdaşlıq istiqamətləri üzrə reallaşdırılır.
Milli Məclisin deputatı Nigar MƏMMƏDOVA “Azərbaycan” qəzetinə açıqlamasında deydi ki, Bakı-Berlin münasibətlərində siyasi dialoqun genişləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi mərhələsi də başlayıb. Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun Azərbaycana səfəri də bu prosesin tərkib hissəsidir. Prezident İlham Əliyevlə Almaniyanın XİN başçısının rəhbərlik etdiyi nümayəndə heyətinin görüşündə Strateji Tərəfdaşlığın İkitərəfli Gündəliyinə dair Birgə Bəyannamə və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması haqqında sənədin ikitərəfli əlaqələrin inkişafında rolu vurğulanıb. “Görüş zamanı siyasi, iqtisadi, investisiya, biznes, ənənəvi və alternativ enerji, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri də müzakirə edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, bu il Azərbaycan qazının Almaniyaya ixracına başlanması və ölkəmizin Orta Dəhlizdəki mühüm mövqeyi xüsusi qeyd olunub”, – deyə o əlavə etdi.
Deputat qeyd etdi ki, Almaniyanın Azərbaycanla əməkdaşlığa marağını şərtləndirən əsas amillərdən biri ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan roludur. Xüsusilə Avropanın enerji mənbələrini şaxələndirmək siyasəti fonunda Azərbaycan etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Təsadüfi deyil ki, bu ildən Azərbaycan qazının Almaniyaya ixracına başlanılıb.
N.Məmmədova bildirdi ki, iqtisadi əlaqələrin göstəricilərində mühüm dəyişikliklər müşahidə olunmaqdadır: “Ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard dollara çatıb. Burada Azərbaycanın iqtisadi maraqları baxımından xüsusi əhəmiyyət daşıyan digər istiqamət yaşıl enerji sektorudur. Almaniyanın texnoloji və sənaye potensialı ilə Azərbaycanın bərpaolunan enerji resurslarının bir araya gətirilməsi yeni əməkdaşlıq imkanları yaradır. İyul Bəyannaməsində yaşıl enerji, aşağı karbonlu hidrogen, enerji səmərəliliyi, kənd təsərrüfatı və dayanıqlı iqtisadi inkişaf ayrıca əməkdaşlıq istiqamətləri kimi müəyyənləşdirilib. Almaniya xarici işlər nazirinin Bakı səfəri zamanı Orta Dəhlizin xüsusi müzakirə mövzusu olması təsadüfi deyil. Müasir geosiyasi şəraitdə Avropa ilə Asiya arasında alternativ və etibarlı nəqliyyat-kommunikasiya marşrutlarının yaradılması iqtisadi məsələ olmaqla yanaşı, həm də strateji təhlükəsizlik məsələsinə çevrilib”.
Deputat vurğuladı ki, Bakıda XİN başçılarının görüşündə də Orta Dəhliz, Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı istiqamətində alman şirkətləri üçün mövcud imkanlar bir daha gündəmə gəlib. Vadefulun regiona səfəri zamanı Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, kommunikasiyaların açılması da müzakirə olunub. Almaniyanın xarici işlər naziri səfər ərəfəsində yaydığı bəyanatda da regionun müharibə və zorakılıq dövrünü geridə qoymaq üçün tarixi imkan əldə etdiyini bildirib. O, 2025-ci ildə Vaşinqtonda əldə edilmiş razılaşmaların əhəmiyyətini vurğulayaraq, sülhün davamlı xarakter almasının vacibliyini qeyd edib. “Görünən budur ki, rəsmi Berlin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasını Avropa təhlükəsizliyi gündəliyinin tərkib hissəsi kimi nəzərdən keçirir. Almaniya XİN başçısı da Bakıda bəyan etdi ki, davamlı sülh və açıq sərhədlər təkcə region xalqlarına deyil, həm də bütün Avropa qonşuluğumuzun təhlükəsizliyinə və sabitliyinə fayda gətirəcək. Çünki regionun nəqliyyat və enerji imkanları Avropanın iqtisadi maraqları ilə birbaşa bağlıdır”, – deyə o bildirdi.
N.Məmədova xatırlatdı ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və mina təhlükəsi məsələsi də müzakirə olunub. Almaniyanın Birgə Strateji Gündəliyində mina fəaliyyəti sahəsində əməkdaşlığın ayrıca qeyd olunması da əhəmiyyətlidir. Bu, ikitərəfli münasibətlərin təhlükəsizlik və humanitar sahələrə də şamil edildiyini göstərir.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”