İnformasiya Texnologiyaları (İT) erasının mərkəzində dayanan proqramlaşdırma aparat və proqram təminatı, süni intellekt və bulud texnologiyaları arasında körpü rolunu oynayır. Bu sahə texniki bacarıqlarla biznes ehtiyaclarını birləşdirərək rəqəmsal transformasiyanın əsasını təşkil edir
Son illər bir sıra azərbaycanlı mütəxəssis dünyanın ən nəhəng İT korporasiyalarında qlobal layihələrə rəhbərlik edərək beynəlxalq arenada uğur qazanıb. Belə gənc mütəxəssislərdən biri də Bostonda (ABŞ) calışan istedadlı həmyerlimiz Movlan Əliyevdir. O, ABŞ-nin tanınmış maliyyə və texnologiya şirkətlərində baş həllər arxitektoru vəzifəsində çalışır, müəssisə səviyyəsində Power BI analitika platformaları, avtomatlaşdırma həlləri, süni intellekt agentləri və bulud infrastrukturu layihələri üzərində işləyir. Paralel olaraq DOM Tech Academy & DOM Chess vasitəsi ilə yüzlərlə şagirdə şahmat və texnologiya təlimi keçir.
DOM Tech Academy & DOM Chess STEM, robotika, kodlaşdırma və koqnitiv inkişaf sahələrində fəaliyyət göstərən təhsil akademiyasıdır. Akademiya şahmatı əsas koqnitiv alət kimi istifadə edərək şagirdlərin məntiqi düşüncə, problem həlli və texnoloji bacarıqlarını inkişaf etdirir.
Massaçusets ştatının Böyük Boston ərazisində fəaliyyət göstərən adıçəkilən akademiyanın qurucusu Movlan Əliyev şahmat təlimi ilə texnologiya təhsilini birləşdirən unikal tədris metodikası ilə diqqət çəkir. O, şahmat vasitəsi ilə məntiqi düşüncəni gücləndirir və Azərbaycanda beynəlxalq filiallar açmağı planlaşdırır.
Gənc azərbaycanlı mütəxəssis deyir: “Azərbaycan şahmat ənənələri ilə tanınır. Biz bu güclü bazanı texnologiya ilə birləşdirib gəncləri İT sektoruna hazırlamaq istəyirik. Şahmat düşüncə məktəbidir — proqramçı, analitik, mühəndis olmaq istəyən hər kəs üçün ən yaxşı başlanğıc nöqtəsidir. Şagirdlər tətbiq vasitəsi ilə şahmat tapşırıqları həll edir, sürətli intuisiya təlimi keçir və nəticələrini izləyirlər. Tətbiq pulsuz, reklamsız və uşaqlar üçün təhlükəsiz mühitdə hazırlanıb. Şagirdlər tətbiq üzərindən şahmat tapşırıqlarını həll edir, sürətli intuisiya təlimi keçir və nəticələrini izləyirlər. Tətbiq pulsuz, reklamsız və uşaqlar üçün təhlükəsiz mühitdə hazırlanıb”.
Peşəkar şahmat ustası və eyni zamanda böyük texnologiya şirkətlərində çalışan baş həllər arxitektoru (Senior Solutions Architect) olan Movlan Əliyev, Microsoft Power Platform, Power BI, süni intellekt və avtomatlaşdırma sahələrində geniş təcrübəyə malikdir.
DOM Tech Academy-nin əsas fəlsəfəsi belədir: şahmat taxtasında hər gediş kodun bir sətri kimidir. Düşünürsən, yoxlayırsan, səhv olarsa düzəldirsən. Bu yanaşma şagirdlərə proqramlaşdırma, məlumat analizi və süni intellekt kimi mürəkkəb sahələri daha asan mənimsəməyə imkan verir.
Akademiyada uşaqlar və yeniyetmələr şahmat, robotika, STEM və kodlaşdırma dərsləri alırlar. Lakin əsas məqsəd yarışma qazanmaq deyil, məntiqi düşüncəni, diqqəti, səbri və strateji planlaşdırmanı gücləndirməkdir. Bu bacarıqlar isə birbaşa İT sektorunda uğur üçün vacibdir.
Beynəlxalq genişlənmə planları barədə düşünən Movlan Əliyev hazırda Azərbaycanda DOM Tech Academy-nin beynəlxalq filiallarını açmaq niyyətindədir. Məqsəd Azərbaycandakı gənclərə və böyüklərə dünya standartlarında texnologiya təhsili və şahmat vasitəsilə peşəkar inkişaf imkanları yaratmaqdır.
Rizvan CƏFƏROV,
“Azərbaycan”